Arxeoloqlar Türkiyə ərazisində Qədim Roma əsgərlərinin strategiya oyunlarının izlərini aşkar ediblər

post-img

Arxeoloqlar Türkiyənin Karabük vilayəti ərazisində Hadrianopolis adlanan antik şəhərin xarabalığında Qədim Roma əsgərlərinin strategiya oyunlarının izlərini aşkar ediblər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, arxeoloqlar təxminən 1600 il əvvəl Qədim Roma əsgərləri tərəfindən istifadə edildiyi güman edilən iki oyun parçası tapıblar. Bu kəşf Hadrianopolisin təkcə mədəniyyət mərkəzi deyil, həm də Roma imperiyasının strateji hərbi anklavı olması nəzəriyyəsini gücləndirir.

Professor Ersin Çelikbaşın rəhbərlik etdiyi ekspedisiya linzavari parçaların birində dördqollu simvol, digərində isə səkkizqollu işarə ilə bənzərsiz qravüralarla bəzədilmiş parçaları tapıb. O deyib: “Ehtimal etmək olar ki, həkk olunmuş bu simvollar olan parçalar oyunçuya öz hərbi əməliyyatlarının strategiyasını müəyyənləşdirməyə kömək edirdi”. İşarələr göstərir ki, parçalar əsgərlərin əyləndiyi oyunlarda istifadə edilməklə yanaşı, həm də hərbi təlim üçün alət kimi xidmət edirmiş.

Çelikbaş oyun fiqurlarının böyük ehtimalla nərd oyununa bənzəyən “Duodecim Scripta” və ya oyunçuların mühasirəyə alaraq rəqibinin fiqurlarını tutmağa çalışdığı “Ludus Latrunculi” üçün istifadə edildiyini bildirib. O “IFLScience” nəşrinə müsahibəsində əlavə edib: “Bu kiçik tapıntılar bizə göstərir ki, hərbi hissələr Hadrianopolisdə uzun illər varlığını qoruyub saxlayıb. Parçalar Hadrianopolisdə yerləşən hərbi hissənin təxminən 200 və ya 300 il fəaliyyət göstərdiyini sübut edir.

Dünya