Zəngəzur dəhlizinin açilmasi tarixi zərurətdir

post-img

Azərbaycanı Cənubi Qafqazın aparıcı dövlətinə çevrilməsini təmin edən əsas amillərdən biri regionumuzu əhatə edən beynəlxalq nəqliyyat və kommunikasiya dəhlizlərinin yaradılmasına verdiy töhfələrdir.  Qlobal yükdaşımaların, tranzit imkanları ölkəmizin regional və beynəlxalq mövqelərindəki yerini və rolunu hər zaman düzgün dəyərləndirən Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasətin nəticəsində hazırda Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə ən çevik, operativ və təhlükəsiz nəqliyyat dəhlizləri Azərbaycandan keçir.

Yanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə cənab Prezident İlham Əliyevin bununla bağlı diqqətə çatdırdığı məsələlər hər birimizi qürurlandırdı. Dövlətimizin başçısının dediyi kimi bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir: «Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir».

Torpaqlarımızın işğaldan azad edilməsi isə bütövlükdə Cənubi Qafqazın Avrasiyanın nəqliyyat xəritəsində mövqelərini daha da möhkəmləndirilməsi istiqamətində yeni imkanlar yaradıb.  Bu mənada Azərbaycanın təşəbbüsü olan Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazdan keçən Orta Dəhlizin ötürücülük qabiliyyətinin daha da artırılması deməkdir. Lakin məlum olduğu kimi Vətən müharibəsindən ötən dövrdə Ermənistan Zəngəzur dəhlizinin yaradılması ilə bağlı qeyri-konstruktiv mövqe nümayiiiiş etdirir. Zəngəzur dəhlizinin Ermənistanın iqtisadi dalandan çıxması, qlobal iqtisadi məkana yaxınlaşması üçün unikal şans olmasına baxmayaraq, rəsmi İrəvan xarici təzyiq və təsirlər nəticəsində bu imkandan yararlanmaqdan yayınır. Prezident İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə qeyd etdiyi kimi Ermənistan müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğul olur.

Ermənistanın bu mövzu ətrafında manipulyasiyalarının göstəricilərindən biri bu ölkənin baş naziri N.Paşinyanın irəli sürdüyü “Sülh kəsişməsi” layihəsidir. Belə bir təşəbbüsü irəli sürməklə N.Paşinyan özünün və ölkəsinin sülhpərvər obrazını yaratmağa, regionda münasibətlərin normallaşdırılmasına tərəfdar olduqlarını beynəlxalq ictimaiyyətə sübut etməyə çalışır. Lakin cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur. Yəni Azərbaycan olmadan regionda Ermənistan keçməklə hər hansı qlobal layihə reallaşa bilməz. Ona görə qlobal layihələrdə iştirak etmək üçün Ermənistan ilk növbədə Azərbaycana müraciət etməli, ölkəmizin şərtlərinə, o cümlədən Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir.

Zəngəzur dəhlizinin açılması tarixi zərurətdir. Əgər Ermənistan bu zərurətə qarşı çıxsa və tarixi imkanları dəyərləndirməsə, regionun dalan ölkəsi olaraq qalmaqda davam edəcək. Və bu cür gedişat yaxın gələcəkdə onsuz da region üçün qondarma olan erməni dövlətçiliyinin iflasını qaçılmaz edəcək.

Səbinə Salmanova,

Milli Məclisin deputatı



Siyasət