Böyük Britaniya “Apple” və “Google”un smartfon əməliyyat sistemləri, tətbiq mağazaları və brauzerləri ilə bağlı araşdırma başladıb.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu, ölkənin böyük texnologiya şirkətlərini araşdırmaq üçün yaxınlarda gücləndirilmiş tənzimləmə səlahiyyətlərindən ikinci istifadəsidir. Rəqabət və Bazarlar İdarəsi (CMA) “Apple” və “Google”un smartfon ekosistemlərində strateji bazar statusuna malik olub-olmadığını, həmçinin onların istifadəçilər və tətbiqlər kimi məzmun və xidmətlər hazırlayan bizneslər üzərindəki təsirlərini qiymətləndirəcəyini açıqlayıb.
“CMA”nın baş icraçı direktoru Sara Kardel bildirib ki, daha rəqabətli mobil ekosistemlər milyonlarla insanın istifadə etdiyi tətbiq mağazaları, brauzerlər və əməliyyat sistemləri kimi xidmətlərdə yeni innovasiyaların və imkanların yaranmasına səbəb ola bilər: “Yaxşılaşdırılmış rəqabət Böyük Britaniyada iqtisadi artımı gücləndirə, “Apple” və “Google” platformalarında bizneslərə yeni və innovativ məhsul və xidmət növləri təqdim etməyə imkan yarada bilər”, - deyə o əlavə edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London