Radikal müxalifətin zorakılıq resursu isə sıfıra endirilib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin diplomatik pasport sahibləri üçün viza rejiminin tətbiqi barədə qəbul etdiyi qərarını anti-Gürcüstan addım adlandırıb. Baş nazir bu barədə dünən keçirdiyi brifinqdə bildirib: “Bu qərar gürcü cəmiyyətində Avropa strukturlarına olan etimadı sarsıdan anti-Gürcüstan addım kimi qiymətləndirilə bilər”.
Baş nazir iclasda gürcü xalqının maraqlarını müdafiə edən Macarıstan, Slovakiya, İtaliya, İspaniya və Rumıniyanın xarici işlər nazirlərinə təşəkkür edib. “Onlar Avropa İttifaqı Şurasında gürcü xalqının maraqlarını müdafiə ediblər... Bizdə 5 ölkə ilə bağlı konkret məlumat var. Sanksiyaya qarşı çıxan ölkələrin siyahısı daha genişdir. Bu da bizim üçün çox vacibdir. Biz gürcü xalqını dəstəkləyən bütün ölkələrlə məsləhətləşmələri davam etdirəcəyik”.
Hökumət başçısı müxalifətin etiraz aksiyalarına da toxunub: “Hər şey bitdi, radikal müxalifətin zorakılıq resursu sıfıra endirilib. Biz artıq dördüncü inqilab cəhdinin qarşısını almışıq. Dörd siyasi partiya və 10-dan çox varlı QHT-nin gücü ən çoxu 800 nəfərdir və onlar bundan artıq toplaya bilməzlər. Bitdi! “Finita la commedia” italyanların dediyi kimi”. Onun sözlərinə görə, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası radikal müxalifətin ölkədə dördüncü dəfə inqilab cəhdinin qarşısını aldı.
Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkənin hazırkı prezidenti Salome Zurabişvilinin dekabrın 29-da postunu tərk edəcəyini bildirib. “Bir ölkədə üç de-fakto prezident ola bilməz. Salome Zurabişvili özünü Abxaziya və Cənubi Osetiya prezidentləri ilə eyniləşdirir. Biz, sadəcə olaraq, bunu ciddi qəbul edə bilmərik. Dekabrın 29-da Zurabişvili öz postunu tərk etməli olacaq və onun yerinə seçilmiş Prezident Mixail Kavelaşvili gələcək. Salome Zurabişvilinin bəyanatı ilə bağlı hər hansı fəsadın olacağını düşünmürəm. Zənnimcə, o bunu edəcək. Hər hansı çətinlik gözlənilmir”, – deyə Kobaxidze bildirib.
Qeyd edək ki, Salome Zurabişvili parlamentin və prezident seçkisinin legitimliyini tanımadığını, bu səbəbdən prezident səlahiyyətinin yeni prezidentin andiçməsinin keçiriləcəyi 29 dekabrdan sonra da davam edəcəyini bəyan edib.
Bu arada, Birləşmiş Ştatlar Gürcüstana qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırlaşır. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib. Onun sözlərinə görə, Vaşinqton Gürcüstanda demokratiyanın vəziyyətindən və bu demokratiyaya zərbə vuran “Gürcü arzusu” partiyasının hərəkətlərindən “son dərəcə narahatdır”.
Dövlət Departamenti bundan əvvəl Gürcüstanın 20 vətəndaşına qarşı viza məhdudiyyəti tətbiq etdiyini açıqlamışdı. Siyahıda adlar çəkilməsə də, onların arasında nazirlər, millət vəkilləri və yüksək rütbəli təhlükəsizlik məmurlarının olduğu məlumdur.
PÜNHAN
XQ