Maqnit burulğanları, həyat tərzi, havanın temperaturunun tez-tez və kəskin dəyişməsi, kompüter arxasında çox oturmaq, telefondan müntəzəm və davamlı istifadə insan orqanizminə təsirsiz ötüşmür. Yaşından asılı olmayaraq insanlar baş ağrılarından şikayətlənirlər. Bəzən nevropatoloqların məsləhət gördükləri dərmanlar da bu diskomfortu aradan qaldırmağa kömək etmir.
Təbii vasitələrlə müalicə mütəxəssisləri isə bununla bağlı müxtəlif üsullar təklif edirlər. Bildirirlər ki, başda, beyində skleroz əleyhinə, damar genişləndirici, ürək və beyin damar spazmlarını aradan qaldırmaq üçün ən effektiv vasitələrdən biri sarımsaqdır.
Sarımsaqdan bir neçə növ “dərman” hazırlamaq olar. Mütəxəssislər onlardan birinin – illərin sınağından çıxmış reseptin hazırlanma qaydasını təqdim edirlər:
“2 diş sarımsaq əzilib sıyıq halına salınır, şüşə butulkaya tökülür və üzərinə 1 stəkan rafinə olunmamış günəbaxan yağı əlavə edilir. Məlhəmi soyuducunun aşağı gözündə saxlamaq lazımdır. Ertəsi gün bir çay qaşığı təzə limon suyunun üzərinə bir çay qaşığı sarımsaqlı yağdan əlavə edib, yeməkdən 30 dəqiqə əvvəl qəbul etmək lazımdır”.
Bu müalicə kursu 1–2 ay davam edir. Cövhərin qəbuluna 1–2 ay fasilə verdikdən sonra istifadə etməyi yenidən təkrarlamaq olar.
Z.HÜSEYNLİ
XQ