Suriya dinc həyata qayıda biləcəkmi?

post-img

Aktorlar qaliblərin yanında yer tutmağa çalışırlar 

Suriyada hakimiyyətə gələn silahlı müxalifətin lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) ərəb televiziya kanallarına proqram müsahibəsi verərək ölkənin yeni rəhbərliyinin prioritetlərini açıqlayıb. Sabiq cihadçının Rusiya haqqında dedikləri diqqəti çəkib. O bildirib ki, yeni hakimiyyət Rusiyaya qarşı deyil, lakin Moskvanın Suriya siyasətinə yenidən baxmasını gözləyir. Sızdırılan məlumatlara görə, Rusiya artıq Suriyada iki hərbi bazasını saxlamaq üçün danışıqlar aparır. Bu fonda dünya və regional güclər ölkədə nüfuz uğrunda mübarizəyə başlayıblar.

Bu gün Suriyanın gələcəyini təhlil etmək cəhdi çox çətindir. Çünki hələ də dəqiq bilinmir ki, ölkəyə hansı ­qüvvə rəhbərlik edəcək. Bundan başqa, bu sual da açıq qalır ki, Suriyada silahlı qarşıdurma mərhələsi başa çatıbmı? Bu sualın da dəqiq cavabı yoxdur, amma müxalifət lideri Əhməd əl-Şaarın (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır–red.) sözlərinə görə, Suriyada silahlı qarşıdurma artıq başa çatıb. 

Sabiq cihadçı hazırda Qərb mediasına fəal şəkildə müsahibələr verir və hamının qəbul etməsinə çalışır ki, vəziyyətə məhz o nəzarət edir və mümkün qədər tez yeni Suriyanın inşasına başlamaq istəyir: “Pərdə arxasında çox sayda qərarlar var ki, onlar haqqında sonra danışacağıq. Baş verənlər təsadüfi deyildi, biz buna illərdir hazırlaşırdıq. Bütün böhranları aradan qaldırmaq və Suriyanın inkişafı üçün yaxşı işlənmiş planlarımız var”. 

Lakin yeni rəhbərliyə yaxın mənbələrin bildirdiyinə görə, hazırlıqlara baxmayaraq, indi keçid hökumətinin formatı və siyasi sistemin strukturu kimi təməl prinsiplərlə bağlı məsləhətləşmələr aparılır. Ölkə prezidentli, yoxsa parlamentli respublika olacaq? Bu məsələlər təkcə Dəməşqdə deyil, Ankarada da müzakirə olunur. Ötən həftənin sonunda ABŞ dövlət katibi Antoni Blinken oraya səfər edib və prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra ABŞ və Türkiyənin Suriyanın gələcəyi ilə bağlı ortaq baxışa malik olduğunu bildirib. 

Ancaq Rusiyanı və İranı başqa məsələ daha çox narahat edir: Dəməşqin yeni rəhbərliyi fəaliyyətində nə dərəcədə müstəqil olacaq? Onun İran və İsraillə münasibətləri necə olacaq? Yeni hökumət öz döyüşçülərinə nəzarət edə biləcəkmi? Rusiya hərbi bazalarını Aralıq dənizi sahillərində hansı aqibət gözləyir? Mütəxəssislərin bu suallara konkret cavabları yoxdur. Amma bəzi ekspertlər bildirirlər ki, Suriyadakı indiki vəziyyət bir çox qonşu ölkələri ciddi narahat edir. Xüsusilə İordaniya əndiləşələnir, Əmmanda çox qorxurlar ki, vaxtilə Suriyada Bəşər Əsədə qarşı döyüşən beynəlmiləlçi qüvvələr qonşu Haşimilər Krallığına keçə bilərlər. Amma Əhməd əl-Şaraa hamını əmin edir ki, uzun illər davam edən müharibə və münaqişədən sonra Suriya “daha ​​böyük dağıntılara səbəb ola biləcək yeni zəiflədici münaqişələrə girməyə” tab gətirə bilməz. Onun sözlərinə görə, sülhü və sabitliyi qorumağı qarşısına əsas vəzifə kimi qoyan yeni hökumət “inqilabçı zehniyyəti rəhbər tutmamalıdır”: “Diplomatik həll yolları təhlükəsizlik və sabitliyi təmin etməyin yeganə yoludur”.

Əhməd əl-Şaraa müsahibəsində Rusiya barədə də danışıb. Moskvanın Bəşər Əsəd rejimi ilə münasibətlərinin tarixinə baxmayaraq, o bildirib ki, bu, Suriyanın yeni hakimiyyətləri üçün keçilməz maneə ola bilməz. Lakin əl-Şaraa diqqətə çatdırıb ki,  Rusiyanın Dəməşq siyasətinə yenidən baxılmasını gözləyirlər. Onun cavabından belə çıxır ki, Rusiya–Suriya münasibətlərinin təftişi əvvəlki kursdan tamamilə imtina etməyi nəzərdə tutmalıdır. Suriyanın yeni rəhbərliyinin Moskvaya yeni münasibətlər qurmaq imkanı verdiyini vurğulayan Əhməd əl-Şara əlavə edib ki, ölkənin yeni rəhbərliyi Rusiyaya qarşı heç bir kəskin addım atmadı.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib ki, Moskva “Həyat Təhrir əş-Şam” qruplaşmasının siyasi komitəsi ilə birbaşa əlaqə qurub. O, Suriyadakı Rusiya hərbi bazaları ətrafında yaranmış vəziyyəti şərh edərək deyib ki, onların gələcək taleyi ilə bağlı heç bir qərar verilməyib, lakin Yaxın Şərq regionunda terrorla mübarizə hələ bitməyib və Rusiyanın hərbi mövcudluğu bunda mühüm rol oynayır. Xatırladaq ki, Rusiya hərbçiləri Suriyada Xmeymim aviabazasında və Tartusdakı logistika məntəqəsindədir. İkitərəfli razılaşmaya əsasən, Moskva bu bazalardan 2066-cı ilə qədər istifadə edə bilər. 

Həftənin sonunda TASS danışıqların gedişi ilə tanış olan mənbəyə istinadən xəbər verib ki, Rusiya Suriyanın yeni hakimiyyət orqanları ilə ölkədə özünün iki hərbi bazasının saxlanması məsələsini müzakirə edir. Ötən həftə TASS-dakı mənbə Suriyanın silahlı qüvvələrinin Rusiya bazalarının yerləşdiyi Latakiya və Tartus əyalətlərinə tam nəzarəti bərpa etdiyini, lakin Tartus və Xmeymimdəki hərbi obyektlərin ərazisinə daxil olmadığını bildirib. 

Türkiyənin xarici işlər naziri Hakan Fidan da ötən həftənin sonunda Rusiyanın Suriyada gələcək hərbi mövcudluğu mövzusunu şərh edərək “hərbi obyektlərin taleyinin Moskva ilə Dəməşqdə yeni hakimiyyət orqanları arasında danışıqlar çərçivəsində həll olunacağını” təsdiqləyib. “Biz də öz növbəmizdə müşahidə edəcəyik”, – deyə türkiyəli nazir NTV telekanalında əlavə edib. 

Bunun fonunda Qərb ölkələri də yeni Suriyada öz təsir dairələri uğrunda mübarizəyə qoşulublar. ABŞ, Avropa İttifaqı, Böyük Britaniya bildirirlər ki, Suriyanın yenidən qurulmasına kömək edəcəklər. Belə görünür, Suriya hələ uzun müddət aktorlar arasında müzakirə və mübahisə mövzusu olaraq qalacaq.

Səbuhi MƏMMƏDOV 
XQ

 

 

Dünya