Sergey Lavrov: Moskva Rusiya və ABŞ-ın əməkdaşlıq edə bilməməsi üçün heç bir səbəb görmür

post-img

Ukraynadakı münaqişənin sülh yolu ilə həlli yalnız Kiyevin NATO-ya üzv olmaqdan imtina etməsi və ölkədəki Qərb hərbi bazalarının bağlanması ilə mümkündür.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.

O, ABŞ-ın yeni administrasiyası ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, Moskva Donald Trampla bağlı mühakimə yürüdərək konkret addımlara əsaslanacaq. “Düşünürəm ki, o, nəticə əldə etmək istəyən, işləri təxirə salmağı xoşlamayan güclü bir insandır. Bu mənim fikrimdir. Söhbətdə olduqca mehribandır. Lakin bu, Donald Trampın rusiyapərəst olması demək deyil. Bəziləri onu belə göstərməyə çalışır. Tramp administrasiyası dövründə tətbiq edilən anti-Rusiya sanksiyalarının sayı çox böyük idi”, - deyə Rusiya XİN rəhbəri xatırladıb.

Nazir, həmçinin vurğulayıb ki, Moskva ABŞ-la müharibə barədə düşünmür, çünki bu, nüvə müharibəsi ola bilər. Eyni zamanda, onun sözlərinə görə, Oreşnik zərbəsi Rusiyanın Qərbin “strateji məğlubiyyətinə” nail olmasının qarşısını almaq üçün istənilən vasitədən istifadə etməyə hazır olduğunu nümayiş etdirdi. “Biz ABŞ-la nüvə xarakterli ola biləcək müharibə haqqında düşünmürük. Bizim hərbi doktrinamızda deyilir ki, ən başlıcası nüvə müharibəsindən çəkinməkdir”, - deyə S.Lavrov bildirib.

Eyni zamanda, o vurğulayıb ki, Rusiya ABŞ-la normal münasibətlərin mövcud olmasını istərdi və bu ölkələrin əməkdaşlıq edə bilməməsi üçün heç bir səbəb görmür. XİN rəhbəri onu da bildirib ki, ABŞ və Rusiya arasında qapalı kanallar vasitəsilə əsasən əsirlərin mübadiləsi müzakirə olunur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Dünya