Son illərdə Türkiyə Afrika ölkələri ilə sıx münasibətlər qurur. Artıq qitənin 54 ölkəsindən 44-də Türkiyənin səfirliyi fəaliyyət göstərir. Prezident Rəcəb Tayyib Ərdoğan bu ölkələrlə siyasi, o cümlədən diplomatiya, iqtisadiyyat, maliyyə, təhlükəsizlik, müdafiə, təhsil və səhiyyə kimi sahələrdə əməkdaşlığı genişləndirmək niyyətini bəyan edib. Bu ölkələrdən bir çoxu ilə əlaqələrin tarixi
Osmanlı dövrünə gedib çıxır və türk dövləti ilə əlaqələrin ədalət və qarşılıqlı hörmət prinsipləri üzərində qurulacağına inam yaradır.
Bir çox Avropa ölkələrindən fərqli olaraq, Türkiyə Afrika ilə münasibətlərdə müstəmləkəçilik ideyalarına əsaslanmır, qarşılıqlı faydalı əlaqələr qurmağa çalışır, bu ölkələrdəki xalqların rifahının yüksəlməsinə əsaslanan fəaliyyət həyata keçirir. Afrikada sülh, təhlükəsizlik və sabitlik Türkiyənin prioritetləri sırasındadır.
Bu günlərdə İstanbulda keçirilmiş Türkiyə-Seneqal biznes-forumunda çıxışı zamanı Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz da ölkəsinin Afrika ilə iqtisadi əlaqələrinin müstəmləkəçi yanaşmadan uzaq olduğunu, qarşılıqlı anlaşma və fayda prinsipləri əsasında inkişaf etdirildiyini bildirib. Onun sözlərinə görə, Seneqal Qərbi Afrika regionunda Ankaranın sıx əlaqələri olan ölkələrdən biridir. Bu ölkə Afrika qitəsində sabitliyin təminatına mühüm töhfə verir.
Yılmaz qeyd edib ki, Seneqal Prezidenti Bassirou Diomaia Fayanın Türkiyəyə səfəri, dövlət lideri Ərdoğanla apardığı danışıqlar ikitərəfli münasibətlərin inkişafı istiqamətində mühüm addım olub. Eyni zamanda, Türkiyə ilə Seneqal arasında əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan hələ tam istifadə edilməyib. Bu məqsədlə Ankara və Dakar yeni qarşılıqlı fəaliyyət mexanizmləri yaratmaq üzərində çalışırlar.
Vitse-prezidentin dediyinə görə, Türkiyə güclü iqtisadi və strateji mövqeyə malikdir və bu, Seneqal üçün uzunmüddətli inkişaf perspektivləri açır, bu ölkədə enerji, infrastruktur və kənd təsərrüfatının, eləcə də şəhərlərin tərəqqisinə kömək edir. Hazırda iki dövlət arasında ticarət dövriyyənin həcmi 1 milyard dolları keçmək üzrədir. Bu Afrika ölkəsinin iqtisadiyyatına türk sərmayələrinin həcmi isə 800 milyon dollara yaxındır və gələcəkdə bu həcm daha da artacaq.
Şübhəsiz ki, Afrika ölkələri xarici müstəmləkəçi ölkələrin təsirindən qurtarmağa çalışır. Türkiyənin bu ölkələrdə uğur qazanmasının başlıca şərtlərindən biri də məhz Ankaranın “müstəmləkəçilik” niyyətindən uzaq olması və Afrika ölkələri ilə ortaq mənfəətlər əsasında əlaqələr qurmasıdır. Türkiyəli hərbi ekspert, türk ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı da təsdiq edir ki, Afrika artıq Qərbin müstəmləkəçi siyasətini anlayır və bundan can qurtarmağa çalışır.
Onun sözlərinə görə, Afrika ölkəsi olan Liviya Türkiyənin dəniz qonşusudur. Bu bölgə həm də Avropa üçün Afrikaya giriş qapısıdır: “Avropa dövlətləri Afrikaya qul münasibəti göstərməkdə davam edirlər. Özlərini isə ağa kimi aparırlar. Türkiyənin Afrikaya münasibəti isə belədir ki, hamımız bərabərik, heç bir qul-ağa münasibətindən söhbət gedə bilməz. Türkiyənin bu yanaşması, təbii ki, Afrikada qarşılıqsız qalmadı. Afrikanın ticarət və digər sahələrdə iş birliyinin kilidi də bu münasibətlə açıldı. Artıq iki ölkənin əlaqələri sürətlə möhkəmləməyə başlayır. Türkiyənin davranışı Afrikanı oyandırdı”.
Cihad Yaycı ölkəsinin yeni siyasətinin düşünülmüş və planlı olduğunu söyləyib. Amma Avropa Türkiyəni Afrikadan sıxışdırıb çıxarmaq istəyir: “Türkiyə Afrikada çox ciddi bir türk təsiri yaradır. İqtisadi və müdafiə sahəsində iki tərəf arasında ciddi işlər görülür. Əslində Türkiyənin bu hərəkəti Avropanı narahat edir. Ona görə də Yunanıstan və Cənubi Kiprdən istifadə edilərək Türkiyəyə təzyiq göstərilir. Bununla da, Türkiyəni Afrikadan çıxarmağa çalışırlar. Amma unudurlar ki, türk milləti yeni bir yüksəliş dövrünə qədəm qoyub və bunun qarşısını heç bir qüvvə ala bilməz”.
Paşa ƏMİRCANOV
XQ