Ən güclü orduların reytinqi: ABŞ birinci yerdədir

post-img

Dünya ölkələri hazırda hamıdan güclü olmaq, hətta dünyaya ağalıq etmək uğrunda mübarizə aparırlar. Bu baxımdan, ölkələrin hərbi gücü mühüm əhəmiyyət kəsb edir. Bu gün dünyada tendensiya belədir ki, hərbi sahəyə xərclər artırılır. Son illərdə NATO kimi güclü hərbi-siyasi alyansda da üzv ölkələrin hərbi xərclərinin artırılmasının vacibliyi ilə bağlı çağırışlar eşidilir.

Bütün bunlara baxmayaraq, dünyadakı ölkələrin iqtisadi potensialı eyni olmadığından hərbi gücləri də uyğunsuzluq təşkil edir. Bu yaxınlarda Avstraliya İqtisadiyyat və Sülh İnstitutunun (IEP) yeni hesabatı dərc edilib və burada hərbi cəhətdən güclü olan ölkələrin reytinqi qeyd olunub. İnstitut ekspertlərinin hesablamalarına görə, hazırda dünyada ən böyük hərbi gücə malik ölkə ABŞ-dir. Ən böyük hərbi potensiala malik ölkələrin siyahısına Çin, Rusiya, Fransa, Böyük Britaniya, Hindistan, Yaponiya, Cənubi Koreya və İtaliya daxil edilib.

“Militarizasiyada müasir tendensiyalar” adlanan hesabatda vurğulanır ki, bu gün planetdə 59 hərbi münaqişə var: bu, İkinci Dünya müharibəsindən bəri maksimumdur. 2024-cü ildə 92 ölkə bu və ya digər şəkildə öz ərazilərindən kənarda silahlı münaqişələrə cəlb olunub. Hesabat müəllifləri bununla bağlı bir neçə qlobal tendensiyaya diqqət çəkirlər. Onlardan biri də bu xərclərin milli ÜDM-lərdə payının eyni vaxtda azalması ilə hərbi xərclərin artmasıdır. Üstəlik, qlobal iqtisadiyyatda hərbi büdcənin payı “soyuq müharibə”nin qızğın çağında olduğunun təxminən yarısıdır.

Digər tendensiya qoşunların sayının azalmasıdır. Ekspertlər bunu ordunun texnoloji innovasiyalardan artan asılılığı ilə əlaqələndirirlər. Oxşar dinamika - hərbi personalın sayının və iqtisadiyyatda hərbi xərclərin payının azalması son 3 onillikdə davam edib.

Hesabat müəlliflərinin fikrincə, Şimali Koreyanın milli iqtisadiyyatında hərbi sektor ən mühüm yeri tutur (2023-cü ilin məlumatlarına görə, ÜDM-in ən azı 24 faizi). Əfqanıstanın hərbi xəcləri ÜDM-də 10 faiz, Yaxın Şərq və Afrika ölkələrindən Omanda 5,9 faiz, Əlcəzairdə 4,8 faiz, Mali, Mərakeş və Səudiyyə Ərəbistanında 4,5 faiz təşkil edir.

Hesabatda keçmiş SSRİ dövlətləri də diqqətdən kənarda qalmayıb. Ermənistanın 4,2 və Azərbaycanın 3,8 faizlə siyahıda daha yüksək yerlərdə qərarlaşdığı, üstəlik, bu ölkələrin uzun müddət müharibə vəziyyətində olduqları bildirilir.

ABŞ iqtisadiyyatında hərbi xərclər 3,1 faiz təşkil edir. 15 il əvvəl bu rəqəm 4,7 faizə bərabər idi. 2022-ci ildə ABŞ müdafiə məsələlərinə 736 milyard dollar xərcləyib ki, bu da Çinin (282 milyard), Hindistanın (75 milyard), Böyük Britaniyanın (69 milyard) və Rusiyanın (63 milyard) hərbi xərclərini əhəmiyyətli dərəcədə üstələyir.

Tədqiqat müəllifləri dünyanın əksər ölkələrinin silahlı qüvvələrində şəxsi heyətin sayının azaldığını bildiriblər. Əgər 1995-ci ildə dünyada hərbi qulluqçuların ümumi sayı 30 milyonu ötürdüsə, 2019-cu ildə bu rəqəm 28 milyondan az olub. Şəxsi heyətin ən çox artdığı ölkə kimi Hindistan seçilib. ABŞ, Rusiya və Çində isə, əksinə, əhəmiyyətli azalma qeydə alınıb.

İnstitut ekspertləri ölkələrdə hər 100 min əhaliyə düşən hərbi qulluqçuların sayını da müəyyənləşdiriblər. Onların fikrincə, bu göstərici üzrə rekordçu Eritreyadır. Afrikanın şimal-şərqindəki bu kiçik ölkədə 100 min əhaliyə 5476 hərbi qulluqçu düşür. Şimali Koreyada bu rəqəm 4837, İsraildə 1875, Ermənistanda 1542, Yunanıstanda 1384, Cənubi Koreyada 1303, Tayvanda 1240, Şri-Lankada 1168 və Livanda 1092-dir.

Dünyada hərbiləşmənin ümumi səviyyəsindən danışan analitiklər hesab edirlər ki, 2008-ci ildən bu rəqəm qlobal miqyasda azalmağa doğru getsə də, 2022-ci ildə tərsinə çevrilib. Hesabat müəlliflərinin fikrincə, planetimizdə hərbiləşmənin səviyyəsi ən azı beş il artmaqda davam edəcək.

Hazırda dünyada İslandiya, İrlandiya, Avstriya, Yeni Zelandiya və Sinqapur ən dinc ölkələr kimi tanınır. Ən çətin ölkələr isə Yəmən, Sudan, Cənubi Sudan, Əfqanıstan, Ukrayna, Konqo Demokratik Respublikası və Rusiyadır. Təəssüf ki, hesabat müəllifləri Suriya, Fələstin (Qəzza) və Livan kimi Yaxın Şərq ölkələrindəki vəziyyəti unudublar.

Paşa ƏMİRCANOV
XQ

Dünya