Tanrı bizə onunla da bir kollektivdə işləmək imkanı vermişdi. Ömrü xəyallarla, fikirlərlə, sözlərlə, ifadələrlə keçən adam idi. Tanıdığım azsaylı ziyansız adamlardan idi. Həm də çox maraqlı həmsöhbət idi.
Bu yaxınlarda onu yuxuda gördüm. Dedi, Allahdan gözlədiyimi verdi, səndən gözlədiyimi isə gecikdirirsən...
Onun redaksiyada tez-tez söhbətləşdiyi iki nəfər vardı: Telman Heydərovla (Allah ömrünü uzun eləsin) mən.
Bir dəfə dedi ki, Telman müəllim, mən yanvarda doğulmuşam, dekabrda ölsəm, gedib o dünyada deyərəm ki, ili başa vurdum.
Cavanşir yanvarın 9-da dünyaya gəlmişdi, dekabrın 14-də dünyadan getdi. Sanki Allah onun səsini eşitmişdi.
Söhbət zamanı dedi ki, Mirzəbəyli, mənim haqqımdakı məqaləni (“İki sahil” qəzetində verilmişdi – İ.M.) çox ürəkdən yazmısan. Elə bilirəm ki, mən öləndən sonra da xatırlayanlardan biri sən olacaqsan.
Çox təəssüf ki, onun ölümündən keçən on ildə Dərviş, Eloğlu, Məmmədov Cavanşir haqqında heç nə yazmamışam. Amma yazmağa dəyərdi. Onun şeirlərinin hərəsi bir lövhə idi. Kənd lövhəsi, ailə lövhəsi, adət-ənənə lövhəsi.
... Bu sətirlərdən sonra “İli istədiyi kimi başa vuran” şairin bəzi şeirlərinin hərəsindən bir bəndi xatırlatmaq istəyirəm:
Tənha, yalqız bir ulu yurd,
Bir mən qaldım, bir quru yurd.
İçimdə boz qurd uluyur,
Çölümdə quzu mələşir...
***
Cavanşir bir qoca dərviş,
Cənnət almasını dərmiş.
Ölməyə qalsa – ölərmiş,
Qorxur, düşmən sevindirə.
***
Mən qəlbimlə öc eylədim,
Oda saldım, puç eylədim.
“Köçəri” çal, köç eyləyim,
Havada durna səsi var.
***
Qurban olum torpağına, daşına,
Qaldır məni, Əlincənin qaşına.
Qoy dolanım, Vətən, sənin başına,
Deməsinlər pərvanəsi çatışmır.
İ.MƏMMƏDCANOĞLU