Türkiyənin ədliyyə naziri: Gülenin vəfatı FETÖ ilə mübarizəyə təsir etməyəcək

post-img

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib ki, “Paralel dövlət” terror təşkilatının (FETÖ) lideri Fetullah Gülenin vəfatı Türkiyə hakimiyyətinin bu cinayətkar qrupa qarşı mübarizə əzminə təsir etməyəcək.

AZƏRTAC xəbər verir ki, Tunç FETÖ terrorçularını Türkiyə üçün “milli təhlükəsizlik problemi” adlandırıb, həmçinin bu təhlükə ilə mübarizənin heç vaxt Fetullah Gülenin şəxsiyyəti ilə məhdudlaşmadığını, cəzaların bu cinayətkar təşkilatın bütün üzvlərinə şamil edildiyini vurğulayıb.

“FETÖ ilə bağlı bütün hüquqi prosedurlar və məhkəmələr davam edəcək. Bu, qanlı təşkilatın xaricdə yerləşən üzvlərinin ekstradisiyası ilə bağlı müraciətlərə də aiddir. Əminəm ki, Gülenin bütün şərikləri gec-tez ədalət qarşısında cavab verəcəklər”, - deyə ədliyyə naziri bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan uzun illər Amerikanın Pensilvaniya ştatında yaşayan FETÖ terrorçularının liderinin bu gün səhər saatlarında öldüyünü təsdiqləyib.

2016-cı il iyulun 15-də FETÖ üzvləri Türkiyədə hökuməti zorakılıqla devirməyə cəhd ediblər. Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə yüz minlərlə türkiyəli Gülen tərəfdarlarına qarşı meydanlara çıxıb.

Dövlət çevrilişi cəhdinin qarşısı alınarkən 250-dən çox Türkiyə vətəndaşı həlak olub.

Rəsmi Ankara uzun illər ABŞ-dan terrorçuların liderinin ekstradisiyasını tələb edirdi.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Dünya