KTMT-nin Qazaxıstanda antiterror təlimi

post-img

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri ilə Qazaxıstan Respublikasında keçirilən “Sarsılmaz Qardaşlıq - 2024” təliminin aktiv mərhələsi başa çatıb. Təlimdə Mərkəzi Hərbi Dairənin 201-ci hərbi bazasının şəxsi heyəti də iştirak edib. Məşqlərdə şərti yaraqlılar qrupunun qarşısının alınması və saxlanılması vəzifələri icra edilib. 

Bu barədə oktyabrın 4-də Rusiya Müdafiə Nazirliyinə istinadən “İzvestiya.ru” məlumat yayıb.

Təlim epizodunun planına əsasən, Qazaxıstan Milli Qvardiyasının, Qırğızıstan və Tacikistan polisinin birləşmiş dəstəsi bir qrup saxta terrorçunu məskunlaşdığı ərazidən sıxışdırıb çıxarıb. Rusiyanın çevik reaksiya qrupu Qazaxıstan hərbi polisinin “Arlan” maşınlarında bir qrup yaraqlını təqib edib. “Terrorçuların” hərəkətlərini davamlı olaraq izləmək üçün kopter tipli dronlardan istifadə edilib.

Pilotsuz uçuş aparatının (PUA) operatoru Nikita İonin bildirib ki, təlim zamanı o, düşmənin, eləcə də müttəfiqlərin hərəkətlərini əlaqələndirmək üçün onların monitorinqini həyata keçirib. O, istifadə etdiyi dronun texniki xüsusiyyətlərinin asan olduğunu da vurğulayıb: “Hər şey qaydasındadır, hər şeyi bəyənirəm. Təcrübə də çox yaxşıdır, gələcəkdə faydalı olacaq. Biz qonşu ölkələrlə təcrübə mübadiləsi aparırıq”.

P.ƏMİRCANOV
XQ

Dünya