Gəncə 2020-ci il oktyabrın 4-də

post-img

Ermənistanın dinc şəhərə raket hücumu qorxaqlıq və məğlubiyyət reaksiyası idi...

– Bu nə səs idi?! Bu sualı hamı bir-binə verərək səs gələn tərəfə qaçırdı. Biri deyirdi yəqin haradasa qaz partlayışı baş verdi. Bir başqası göydən meteorit düşdüyünü iddia edirdi... Amma heç kimin ağlına belə gəlməzdi ki, bu, raket zərbəsidir, cəbhə bölgəsindən 70-80 kilometr aralıda yerləşən Gəncəyə ermənilər tərəfindən atılan ilk xain raket zərbəsi.

Oktyabrın 4-ü bazar günü idi. Həmin gün şəhər yenə də erkən oyanmışdı. Bir tərəfdən ordumuzun müharibədə qazandığı qələbə xəbərləri, digər tərəfdən Gəncənin artıq ilk şəhidlərini qarşılaması, bu tərəfdən də koronovirus bəlası adamları səksəkəli yatmağa, narahat gecələr keçirməyə məcbur etmişdi. Həmin gün Cəbrayıl şəhərinin azad olunacağı xəbərini də hamı səbirsizlikə gözləyirdi.

Bir gün əvvəl, oktyabrın 3-də Gəncənin 3 igid oğlu – Şahlar Nağıyev, Hüseyn Quliyev və Nicat Qasımov Şəhidlər xiyabanında torpağa tapşırılmışdı. Oktyabrın 4-də daha bir şəhidin – Hikmət Məmmədovun dəfninə hazırlıq gedirdi. Goranboyun Buzluq kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdu. Sentyabrın 27-dən oktyabrın 4-dək Gəncə Şahlar Nağıyev, İlqar Bürcəliyev, Nağı Həşimov və ümumilikdə 17 şəhidi ilə vidalaşmışdı.

...Aradan 4 il keçib. Amma o səhər gördüyüm mənzərəni heç vaxt unuda bilmirəm. Gəncədə uzun illər “Vtoroy çast” kimi tanınan ərazi insan selinə bürünmüşdü. Raketin zərbəsindən yaranan toz-duman hələ də çəkilməmişdi. Adamlar çaşqınlıqla ora-bura qaçırdılar. Hamı kömək göstərmək istəyirdi. Lakin polis, Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin əməkdaşları yaxına heç kimi buraxmırdılar. Sakinlərə xəbərdarlıq edirdilər ki, çəkilsinlər, təkrar zərbələr ola bilər, yaxud zərbədən ciddi zədə almış binalar çökər, bədbəxt hadisə baş verər və sair.

Atılan iki raket zərbəsi şəhərin Nəriman Nərimanov, Əli Nəzmi və Əziz Əliyev küçələrindəki bir sıra qədim yaşayış binalarını dağıtmış, biri isə partlamamışdı. Yeri gəlmişkən, zərbədən dağılan, yanan binaların əksəriyyəti Gəncəyə xas olan qırmızı kərpicdən tikilmiş qədim, iki-üç əsrə yaxın tarixi olan binalar idi.

Minik avtomobilləri yararsız hala düşmüşdü. Raket bir sakinin idarə etdiyi “20 EF 705” nömrəli (şəkildə) nəqliyyat vasitəsini param-parça etmişdi. İçərisində də Tunar Əliyev. Cəmi 20 yaşı var idi. Artıq əsgəri xidmətini də başa çatdırıb geri qayıtmışdı, kafelərin birində işləyirdi. Tunar Gəncəyə oktyabrın ayrı-ayrı günlərində atılan raket zərbələrindən sonra həyatını itirən 26 nəfər mülki sakindən ilk şəhid olanı idi.

Validə Əliyeva, Tunarın anası: – Axşamdan demişdi ki, məni səhər tezdən oyat. Dostları ilə yığışıb Toğanaya, əsgərlərə sovqat aparmalı idi... Ayağımın ucunda yatdığı otağa keçdim və istədim ehmalca oyadam. Gördüm elə şirin-şirin yatır ki, qıymadım, geri qayıtdım... Bir qədər sonra özü oyanıb gəldi. Dedi: “Ana, niyə oyatmamısan, uşaqlar məni gözləyir. Yalandan dedim ki, çağırdım eşitmədin. Süzdüyüm bir stəkan çayı da yarımçıq içib tələsik qapıdan çıxanda mənə elə qəribə baxıb: “Sağ ol, ana, mən getdim” – dedi. O baxışları ömrümün sonuna kimi unutmayacağam. Sanki vidalaşırdı mənimlə.

Tunar ailəmizin sonbeşiyi, iki bacının bir qardaşı idi. O qədər mehriban, istiqanlı, tərbiyəli uşaq idi ki, bunları sözlə ifadə edə bilmirəm. O, mənim arzularımı da özü ilə apardı...

Qoşqar Əliyev, Tunarın atası: – Hamı raketlərin düşdüyü səmtə tərəf qaçırdı. Toz dumandan iki addımlıqdan o tərəf görünmürdü. Bir təhər küçənin başlanğıcına çatdım. Polislər hər yeri bağlamışdılar, adamları geri qaytarırdılar. Təkrar raket zərbəsinin baş verə biləcəyindən ehtiyat edirdilər. Mən də hamı kimi dağıdılmış evə uzaqdan baxıb kor-peşman evə döndüm.Tunarın telefonu cavab vermirdi. Dedim bəlkə iş yerinə dönüb, getdim, orada da yox idi. Evə qayıtdım. Amma ürəyim elə döyünürdü ki, elə bilirdim indicə köksümdən çıxacaq. Bir azdan telefonuma əzik-üzük bir maşın şəkli gəldi və altından da yazmışdılar ki, “Qoşqar dayı, bax gör, bu, Tunarın maşınıdır?” Maşını tanıdım və sonra baş verənləri xatırlamaq istəmirəm...

Bəli, oktyabrın 4-də birinci dəfə “OTR-21 TOÇKA” ballistik raketindən Gəncə vuruldu. Doğrudur, biz hücuma görə məsuliyyəti Ermənistanın daşıdığını bildirsək də, müəyyən qüvvələr ittihamları rədd edirdilər. Hücuma görə məsuliyyəti rəsmi olaraq Dağlıq Qarabağın rəsmiləri üzərinə götürdülər. Onlar hədəfin mülki insanlar yox, guya şəhərdə olan hərbi təyinatlı binalar, habelə Gəncə Beynəlxalq Aeroportu olduğunu bildirdilər. Halbuki Gəncədə bu cür obyektlərin olması xülyadır, onların növbəti uydurmasıdır. Sovetlər dönəmində bunlar olub. Amma görün neçə illərdir ki, Azərbaycan müstəqil dövlətdir və heç bir ölkənin burada nə bazası, nə hərbi aerodromu var. Təbii ki, erməni tərəfi özünü təmizə çıxarmaq üçün iyrənc və vəhşi hərəkətlərini gizlətməyə çalışırdı.

Tarixi qələbəmizi bayram etdiyimiz günlərdə tanınmış jurnalist-politoloq, daim Azərbaycanın haqq işini hər cəhdlə müdafiə edən Maksim Şevçenko ilə ayaqüstü apardığım söhbət yadıma düşür. Maksim deyirdi: “Dinc əhaliyə raket hücumu terrorun qatı nümunəsidir. Bu əməllərin məqsədi mülki sakinlərin öldürülməsi və şəhərdə genişmiqyaslı dağıntılar törədilməsi yolu ilə kütləvi vahimə yaratmaq olub. Lakin bu cür xain hücumlar əks nəticə verdi. Azərbaycanlılar, o cümlədən Gəncənin qəhrəman oğulları bunun cavabını öz doğma torpaqlarını qaytarmaq üçün hərb meydanında verdilər, terror hücumlarından ölənlərin də əvəzinə vuruşub, onların qisasını aldılar”.

... Dörd il əvvəl Gəncəyə atılan ilk raket zərbəsi, əslində, bu qədim şəhərə, Nizami yurduna, onun qəhrəman sakinlərinə deyil, vaxtilə buranın çörəyini yemiş nankorlara – sarkisyanlara, petrosyanlara, köçəryanlara, paşinyanlara, siyasət qumarlarına şirnikləndirilmiş vardanyanlara, arutunyanlara... dəydi. Elə dəydi ki, bir də hardasa sığınacaq tapdıqları başqa bir ölkədə yenidən erməni dövləti qurmaq xəyalına düşsələr, 44 günlük dərs, “dəmir yumruq “, Azərbaycan xalqı, onun yenilməz Ordusu, Prezidentimiz, Ali Baş Komandanımız gəlib dayanacaq gözləri önündə. O zaman yəqin ki, “yox, biz bir daha başqalarının torpaqlarına göz dikmərik”, – deyərək ötən günlərini yada salacaq, dərindən ah çəkəcəklər...

Nə deyim, inanmağım da gəlir, inanmamağım da. Qozbeli qəbir düzəldər, deyiblər.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə şəhəri







Sosial həyat