Ermənistan parlamenti BRICS-ə üzvlük planlarını rədd edib. Bununla belə, ölkənin Xarici İşlər Nazirliyindən bildirilib ki, Kazanda keçiriləcək qurumun sammitinə nümayəndə heyəti göndəriləcək. Rusiyanın BRICS-ə sədrliyinə hazırlıq üzrə təşkilat komitəsinə rəhbərlik edən Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib: “Oktyabrın 22–24-də BRICS-in Kazanda keçiriləcək sammitinə, ümumilikdə, 36 ölkənin lideri dəvət olunub. Onlardan 18-i artıq iştirakını təsdiqləyib”. Onun sözlərinə görə, qonaqlar arasında BRICS-ə üzv ölkələrin liderləri ilə yanaşı, MDB ölkələrinin rəhbərləri və Afrika, Latın Amerikası, Yaxın Şərq və Cənub-Şərqi Asiyanın nüfuzlu regional təşkilatlarına sədrlik edən dövlətlərin nümayəndələri də var. Ermənistan da dəvət olunan və iştirak etmək arzusunu bildirən ölkələr arasındadır.
Qeyd edək ki, BRICS özünü Qərbə alternativ kimi göstərmir, beynəlxalq təsisatları və onların hüquqi bazasını (BMT, BVF, Dünya Bankı) əvəz edən hər hansı strukturlar yaratmağa çalışmır. Lakin ona üzvlük ABŞ və Avropa İttifaqının (Aİ) geosiyasi və geoiqtisadi qarşıdurmada olduğu Rusiya və Çin ilə daha sıx əməkdaşlığı genişləndirir. Ermənistan isə 2018-ci ildən Qərbə doğru meyillənir. Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra İrəvan bunu gizlətməyə belə çalışmır. Artıq Paris və Brüssel görüşləri, MKİ rəhbərləri, Avropa rəsmiləri və Amerika hərbçilərinin səfərləri İrəvan üçün normaya çevrilib. Bütün bunlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tədbirlərinə məhəl qoymamaq, bu hərbi bloka üzvlüyün dondurulması və müttəfiqlik münasibətlərinin etibarlılığına şübhə ilə paralel baş verir. Hətta İrəvanda Moskva ən sərt şəkildə “xəyanətdə” ittiham olunur.
Rusiya ilə münasibətləri yumşaltmaq istəyinin olmadığını nəzərə alsaq, Nikol Paşinyanın BRICS sammitinə gəlişi, yumşaq desək, qəribə görünür. Əgər Qərbə meyillisənsə, niyə “diktator” və “beynəlxalq asayişi pozan” kimi təqdim olunan Rusiya Prezidenti Vladimir Putinlə görüşməli və adı onunla birlikdə çəkilməlidir? Üstəlik, sülh sazişi imzalamaq cəhdlərinə baxmayaraq, Bakı və Ankara İrəvan tərəfindən hələ də düşmən kimi qəbul edilir. Bu arada Türkiyə və Azərbaycan BRICS-ə qoşulmaq niyyətində olduqlarını bildiriblər.
Azərbaycanın BRICS-ə üzvlük üçün müraciəti ölkənin Asiya təşkilatları ilə əlaqələrinin dərinləşdirilməsi üzrə strategiyasının tərkib hissəsidir. Bu addım Azərbaycanın beynəlxalq platformalarda mövqeyini daha da gücləndirmək məqsədi daşıyan çoxvektorlu xarici siyasətinin bariz nümunəsidir. Ölkənin BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi qlobal təşkilatlarda fəal iştirakı təkcə iqtisadi deyil, həm də siyasi mövqeyini möhkəmləndirir. Deməli, Kazanda İrəvanın “düşmənləri” söz sahibi olacaqlar.
Bəs Paşinyan niyə Kazana gəlir? Maraqlı sualdır. Qeyd edək ki, hələ heç kim Ermənistanı Avropa İttifaqına (Aİ), NATO-ya qəbul etməyib. Onlar Ukrayna, Moldova və Gürcüstanı öncə “həzm etməlidirlər”. Ermənistan bu ölkələrlə müqayisədə arxa plandadır. Paşinyan təbii ki, rus sərhədçilərini Zvartnotsdan çıxarıb, lakin Gümrüdəki baza hələ də qalır. Ermənistan iqtisadiyyatı və enerji sektoru Rusiya şirkətlərindən asılıdır. Ölkənin ixracının, demək olar ki yarısı, idxalının 20 faizi Rusiyanın payına düşür. Onun ticarət dövriyyəsində BRICS-ə üzv olan Çin və Birləşmiş Ərəb Əmirliyi də önəmli rol oynayır. Üstəlik, Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşmadıqca, ABŞ və Aİ Ermənistana zəmanət vermədikcə Rusiya İrəvan üçün əsas təhlükəsizlik amili olaraq qalır. Ona görə də iqtisadiyyat və geosiyasi reallıq Paşinyanı sammitdə iştirak etməyə məcbur edir. Fransa ilə birlikdə nüfuzlu Si Cinpin və ya Ermənistanı aktiv şəkildə silahlandıran Narendra Modi ilə əl sıxmaq ona zərər verməzdi. Ermənistan hökumətinin rəsmən Qərbyönümlü bəyanatlarına baxmayaraq, ölkə Çin və Hindistan kimi dövlətlərlə sıx münasibətlərə görə BRICS-də iştirak etməyə məcbur olur.
Bundan əlavə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı (Aİİ) kimi təşkilatlarda qalması Rusiya ilə əlaqələrini davam etdirmək məcburiyyətində qoyur.
Ekspertlərin fikirincə, yalnız Avropa investisiyalarına güvənmək də təhlükəlidir. Kim bilir, Ukraynada davam edən münaqişə və dəyişən təbii qaz qiymətləri Avropa iqtisadiyyatına necə təsir edəcək? Hər halda yaxşı heç nə gözlənilmir. Qərbə böyük ümidlər bəsləməyin nə qədər təhlükəli olduğu Gürcüstan və Ukraynanın timsalında aydın görünür. Onlar yalnız vədlər verməyi sevirlər.
Bununla bağlı politoloq Samir Hümbətov deyib ki, Ermənistan nəbz yoxlamasına keçib: “Çünki indiki hakimiyyət daha çox qərbyönümlü siyasəti ilə tanınır. Amma Paşinyan üçün tez-tez tərəf dəyişdirmək adi hala çevrilib. Ermənistan manipulyasiyalar etməklə gələcəkdə BRICS-i də kənarda qoymaq istəmir. Paşinyan hakimiyyətinə qarşı Qərbdə təhdid, təzyiq olarsa, Ermənistan bu halda üzünü BRICS-ə çevirə bilər.
Quruma daxil olanlar dünyanın böyük ölkələridir, Ermənistana yaxın dövlətlər də var. Azərbaycan və Türkiyədən sonra Ermənistanın da təşkilata daxil olmaq məsələsi müzakirə oluna bilər. Ermənistanla sülh müqaviləsi imzalanacaqsa, bu, birbaşa onun quruma üzv olmasına şərait yarada bilər. Amma düşünürəm ki, indiki halda bu məsələ real deyil”.
Beləliklə, İrəvan iki stulda oturmağa daha çox üstünlük verir. Bir tərəfdən, Avropa İttifaqına, digər tərəfdən isə, BRICS kimi təşkilatlara qoşulmaq istəyir. Bu cür “çoxvektorlu” yanaşma İrəvanın dəqiq xarici siyasət xəttinin olmamasını göstərir.
Pünhan ƏFƏNDİYEV
XQ