45-ci Ümumdünya Şahmat Olimpiadası
Bu gün füsunkar və Vikipediyada göstərildiyi kimi, Rusiyadakı Volqadan sonra Avropada ikinci ən uzun çay olan Dunay sahillərində, Macarıstanın baş şəhəri Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi olacaq. Zəka sahiblərinin iyulun 20-də 100 yaşı tamam olmuş Beynəlxalq Şahmat Federasiyasının (FİDE) bir əsrlik yubileyi ilinə təsadüf edən budəfəki görüşü hər iki ildən bir keçirilən bu yarışların tarixində özünə rekordçu Olimpiada kimi yer edəcək. Çhess-results.com saytındakı siyahıya əsasən, onun medalları uğrunda 197 kişi və 184 qadın komandası mübarizə aparacaq.
Əlbəttə ki, həmişəki kimi, dünya şahmat ulduzlarının prinsipial rəqabətində Azərbaycanın qədim və müdrik oyun ustaları da həm kişi qrossmeysterlərin, həm də qadınların yarışında təmsil olunub, gərgin mübarizəyə Xəzər sahillərinə medal və fərdi mükafatlarla qayıtmaq əzmi ilə başlayacaqlar.
Fəxrlə xatırlatmaq yerinə düşər ki, Ümumdünya Şahmat Olimpiadasının paytaxtı olmaq sevincini Bakı və onunla birlikdə Azərbaycanın idman ictimaiyyəti də yaşamışdır. Səkkiz il əvvəl, 2016-cı ilin sentyabrında əzəmətli Milli Gimnastika Arenasında keçirilən, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın da iştirak etdikləri Olimpiada öz bayrağı ətrafına 176 ölkə təmsilçilərini toplamış və bu göstəriciyə görə yeni rekord müəyyənləşdirmişdi.
İndi isə Ümumdünya Şahmat Olimpiadasının iştirakçıları və rəsmi şəxsləri Budapeştin qonağıdırlar. Bu gün keçiriləcək püşkatma mərasimindən sonra komandaların, o cümlədən, həmvətənlərimizin ilk rəqibləri məlum olacaq. Birinci raundun görüşləri sabaha, sentyabrın 11-nə təyin edilmişdir. Çempion, gümüş və bürünc medalların, habelə müxtəlif mükafatların sahibləri 11 raundun nəticələrinə əsasən müəyyənləşəcək.
Yüz yaşlı FİDE ailəsinin ən hörmətli üzvlərindən biri, Azərbaycan Şahmat Federasiyasının nümayəndələri, Avropa çempionatlarının üçqat qalibi, həmçinin gümüş və bürünc medallarının sahibi ölkəmizin kişi qrossmeysterlərinin komandası Olimpiadada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlıdan ibarət heyətlə mübarizə aparacaq. Komandanın kapitanı rolunda isə Teymur Rəcəbov çıxış edəcək. Görək belə yarışlarda daim birinci və ikinci taxtalarda oyunçu kimi mübarizə aparmış qrossmeysterin kapitan rolunda debütü necə olacaq?
Kişi komandalarının yarışında ən yüksək reytinqli üç iştirakçı ABŞ (2757), Hindistan (2753) və Çin (2724) yığmalarıdır. Azərbaycan millisi 2657 əmsalla 12-cidir. Türkiyə (2591) 22-ci mövqedədir.
Qadın komandamız (2398) isə reytinq siyahısında Hindistan (2467), Gürcüstan (2462), Polşa (2422), Çin (2416) və Ukraynadan (2400) sonra altıncı pillədədir. Qızlar Olimpiada sınaqlarına təcrübəli mütəxəssis Mixail Şereşevskinin rəhbərliyi ilə hazırlaşmışlar.
Bu turnirdə millimizin şərəfini Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova qoruyacaqlar. Onların hər birinin ustalıq səviyyəsi kifayət qədər yüksəkdir. Bu da yığmamızın medallar uğrunda mübarizədə yarışın startından finişədək baş rollardan birini oynayacağına ümidimizi artırır. Dünya qadın şahmatında yüksək nüfuz sahibi kimi tanınan G.Məmmədzadə, bu il Yunanıstanın Rodos adasında keçirilmiş qadınlar arasında Avropa çempionatında 10 mümkün xaldan 8,5 xal toplayıb, finişdə fəxri kürsünün ən yüksək pilləsində qızıl medal sevinci yaşamış, beləliklə də, Avropa çempionu olmuş ilk azərbaycanlı xanım şahmatçı Ülviyyə Fətəliyeva və onların özləri kimi istedadlı rəfiqələri Gülnar, Xanım və Gövhər, düşünmək olar ki, məqsədə çatıb Olimpiadanın mükafatçısı olmağı bacaracaqlar.
Qadın komandalarının yarışında Türkiyə millisinin heyətində Azərbaycan şahmat məktəbinin yetirməsi Xəyalə İsgəndərovanın da çıxış edəcəyini diqqətinizə çatdıraq. Bu komanda reytinqə görə (2290) cədvəldə 16-cıdır. Kollektivin kapitanı da azərbaycanlı Nicat Məmmədovdur.
Beləliklə, Dunay sahillərində 45-ci Ümumdünya Şahmat Olimpiadası başlanır. Bu gündən etibarən sentyabrın 22-dək planetin hər yerində şahmat həvəskarları norveçli dahi Maqnus Karlsen, ABŞ təmsilçisi Fabiano Karuana, çinli Dinq Liren, bizim Şəhriyar Məmmədyarov, qadınların mübarizəsində Harika Dronovalli (Hindistan), Nana Dzaqnidze (Gürcüstan), Anna Uşenina (Ukrayna), azərbaycanlı Günay Məmmədzadə kimi neçə-neçə görkəmli ustanın çıxışlarını böyük maraq və xoş bir həyəcanla izləyəcəklər. Artıq 1-ci turun görüşləri start ərəfəsindədir. Sabah axşam ilk nəticələr məlum olacaq. Kimi Olimpiadaya qələbə ilə başlamasına sevinəcək, kimi də məğlubiyyətinə təəssüflənəcək.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist