ABŞ və Böyük Britaniya xarici siyasət məsələlərinin müzakirə olunacağı mühüm səfərlər mübadiləsi aparacaqlar. Dövlət katibi Antoni Blinken dünən Londona gəlib. Cümə günü isə Böyük Britaniyanın Baş naziri Kir Starmeri Ağ Evdə ABŞ Prezidenti Cozef Bayden qəbul edəcək. Digər məsələlərlə yanaşı, müttəfiqlər Ukrayna ilə münaqişədə Rusiyaya qarşı müqaviməti və Kiyevə verilən Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə edəcəklər.
Antoni Blinken ölkənin yeni hökuməti ilə “strateji dialoqa” başlamaq üçün Böyük Britaniyaya gəlib. Müttəfiqlər həm ümumi, həm də bir sıra aktual məsələləri həll edəcəklər. Məsələn, Qırmızı dənizdə husilərin gəmilərə hücumları davam edir. İsrail və HƏMAS hərəkatı arasında danışıqlar hələ də masadadır. Ukraynadakı münaqişə kontekstində isə ən mühüm mövzu Kiyevə Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli raketlər atmağa icazənin verilib-verilməməsi məsələsidir. Media vurğulayır ki, həm London, həm də Vaşinqton bu cür zərbələrin həyata keçirilməsinə icazə verilməsinə rəsmi şəkildə qarşı çıxsalar da, bağlı qapılar arxasında Britaniya hakimiyyəti gizli şəkildə Ukraynaya icazə verməyə hazırdır.
Bu cür məhdudiyyətlərin aradan qaldırılmasını Britaniyanın kölgə müdafiə naziri Qrant Şapps təklif edir. O, eyni fikri “The Sunday Times” qəzetinə müsahibəsində də bildirib. Cənab Şapps Rusiya Prezidenti Vladimir Putinə ultimatum irəli sürməyə çağırıb: ya Ukraynaya raket hücumları dayandırılsın, ya da ABŞ, Böyük Britaniya, Fransa və ola bilsin ki, Almaniya simmetrik şəkildə cavab verməyə icazə versin. Yeri gəlmişkən, Şapps başqa bir məsələdə də özünü “şahin” kimi göstərib: o, leyboristləri İsrailə hərbi təchizatı qismən dayandırdığına görə tənqid edib. Ancaq rəsmi London Ukraynaya zərbə endirməyə icazə verməyə tələsmir.
Amerikalılar da bu məsələdə soyuqqanlı davranırlar. ABŞ-nin müdafiə naziri Lloyd Ostin Almaniyadakı “Ramstein” bazasına səfəri zamanı deyib ki, Amerikanın uzaqmənzilli raketlərindən Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək üçün istifadə Ukrayna ordusunun uğuru üçün həlledici rol oynaya bilməz. O bildirib ki, Ukrayna pilotsuz uçan aparatların köməyilə raketlər olmadan da uzaq məsafələrdəki hədəfləri vura bilir. Cənab Ostin vurğulayıb ki, yaxın gələcəkdəki hədəf Ukraynaya öz ərazisini effektiv şəkildə qorumağa kömək etməkdir. ABŞ Ukraynanın əsas tərəfdaşıdır və ona maliyyə və hərbi dəstək verir. Ona görə də bu məsələdə Vaşinqtonun sözü həlledici olacaq.
Təbii ki, Amerikada heç də hamı Rusiyanın dərinliklərinə raket zərbəsi endirilməsi məsələsində ehtiyatlı davranmırlar. Belə ki, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns Londonda MI6-nın direktoru Riçard Mur ilə görüşdə deyib ki, “Qərb liderləri Kremlin nüvə silahının eskalasiyası ilə bağlı hədələrindən qorxmamalıdırlar”. Bununla yanaşı, cənab Börns qeyd edib ki, ABŞ nüvə zərbəsinin cavabsız qalmayacağını açıq şəkildə Moskvaya çatdırıb.
Qərb mətbuatı yazır ki, Blinken və Starmerin səfərləri zamanı Çinə qarşı mübarizə, husi məsələsinin həlli, İsraillə münasibətlər, hətta “yaşıl” gündəm müzakirə olunacaq. Bununla belə, çox güman ki, digər mövzulardan daha vacibi Ukrayna olacaq. Burada müttəfiqlər arasında qarşılıqlı anlaşma mümkündürmü? Bu sualın cavabını isə yaxın vaxtlarda biləcəyik.
S.ELAY
XQ