Qalib Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qarabağda mədəniyyət sahəsində də canlanma özünü göstərir. Muzey və onların filiallarının yenidən təşkili məsələsinə xüsusi diqqət yetirilir. 31 ildən sonra fəaliyyətini bərpa edən Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı zənginləşən eksponatları ilə doğma şəhərdə varlığını davam etdirir.
Qarabağda xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan filial ilk dəfə Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin tərkibində fəaliyyətə başlayıb. 1987-ci il mayın 19-dan etibarən Şuşa şəhərində XIX əsrin tarixi-memarlıq abidəsi sayılan Mehmandarovların malikanəsində yerləşdirilib. 1992-ci ildən Şuşa şəhəri işğal altında olduğundan filial fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirirdi. O dövrdə filialın kolleksiyasındakı 246 eksponatdan ancaq 183-ü Bakıya gətirilmişdi.
2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən burada bərpa işlərinə başlanıldı. Görülmüş işlər nəticəsində binanın daxili divarları, döşəmələri, tavanları bərpa olundu. Sonradan alçıpanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar götürülərək, binanın tarixi siması özünə qaytarılıb. Hazırda filialın ekspozisiyasında əsasən 1992-ci ildə erməni hərbi birləşmələrinin bu şəhərə hücumu zamanı təxliyə olunmuş eksponatlar, qiymətli xalçalar sərgilənir.
Milli Xalça Muzeyindən əldə etdiyimiz məlumata görə, hazırda filialda 115 ədəd xovlu və xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri nümayiş olunur. Qeyd olunan eksponatların əksəriyyətinin tarixi XVIII-XX əsrlərə aiddir. Son illər filialın kolleksiyasına bir neçə sənətkarlıq nümunələri də daxil edilib. Getdikcə zənginləşən filiala son illərdə bir sıra sənətkarlıq nümunələri də hədiyyə olunub. Filiala verilən xalçalar əvvəllər eksponatların sırasında yer almayıb. Bəzi kolleksiyaçılar şəxsi saxlanclarında qoruduqları Şuşaya aid xalçaları muzeyə hədiyyə ediblər.
Deyilənlərə əlavə olaraq qeyd edək ki, Şuşa xalçaçılarının sənətkarlığı hər bir ilmədə aydın görünür. Bu gün Azərbaycanda xalçaçılığın Şuşa ruhu sanki yenidən dirçəlir. Tarixən Şuşa xalçaları həm toxunuş texnikası, həm də şux rəng palitrası ilə səciyyələnir. Elə bu yaxınlarda Şuşa sakini Sahib Həsənovun filiala təhvil verdiyi xalça və məfrəşi də əsl sənətkarlıq nümunələrindən hesab etmək olar. “Bağçada güllər” adlı xalçanı Sahib bəyin nənəsi ilə anası 1959-cu ildə birgə toxuyublar. Məfrəşin toxunma tarixi isə XIX əsrin ortalarına aid edilir.
Hər iki eksponat haqqında xatirələrini bölüşən S.Həsənov dedi:
– Birinci Qarabağ müharibəsindən əvvəl bu xalça Şuşada onların evlərinin divarını bəzəyib. Şəhər işğal olunanda ailəmiz üçün ən əziz əşya kimi onu da Bakıya apardıq. Xalçanın üzərində nənəmin və anamın adlarının baş hərfləri “Ə” (Əzət) və “S” (Səltənət) yazılıb. Xoşbəxtik ki, uzun illər sonra doğmalarımdan yadigar qalan bu xalça da bizimlə bərabər öz yurduna qayıtdı. Düşünürəm ki, ən doğru addım onu muzeyə bağışlamaqdır”.
Ceyhun ALIŞLI
XQ