Türkiyənin XİN rəhbəri Şimali Makedoniyada rəsmi səfərdədir

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan Şimali Makedoniyada rəsmi səfərdədir.

Səfər çərçivəsində Hakan Fidan Baş nazir Kristian Mikkoski, parlament sədri Afrim Qaşi və həmkarı Timko Muçunsk ilə görüşəcək.

Nazirin səfər çərçivəsində keçirəcəyi görüşlərdə regional və qlobal məsələlər, eləcə də Ankara ilə Skopye arasındakı əlaqələrin bütün aspektləri dəyərləndiriləcək. Görüşlərdə iqtisadi, hərbi və müdafiə sahələri üzrə əlaqələrin inkişafı, tikinti, enerji və infrastruktur kimi müxtəlif sektorlarda əməkdaşlığın gücləndirilməsi, təhlükəsizlik, xüsusilə FETÖ ilə mübarizə, Şimali Makedoniyadakı türk icması kimi məsələlərin müzakirəsi gözlənilir.

Qeyd edək ki, Türkiyə Şimali Makedoniyanın 7-ci ən böyük ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət həcmi 1 milyard ABŞ dollarına, Türkiyənin Şimali Makedoniyadakı investisiyalarının məbləği isə 2 milyard dollara çatıb. Hazırda Türkiyə ilə Şimali Makedoniya arasında ticarət dövriyyəsinin artırılması hədəflənir. Bununla bağlı gündəm başlıqlarından biri də ölkələr arasındakı mövcud Azad Ticarət Sazişinin kənd təsərrüfatı məhsulları, emal olunmuş kənd təsərrüfatı məhsulları və xidmət sahələrini də əhatə edəcək şəkildə yenilənməsidir.

Dünya