Qazaxıstan Prezidentinin Tacikistan səfəri

post-img

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Tacikistan parlamentinin aşağı palatasının sədri Mahmadtoir Zokirzoda ilə görüşüb. Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb. Xəbəri “Anadolu” yayıb. 

Qazaxıstan prezidenti Tacikistan Respublikasında rəsmi səfərdədir. Dövlət başçısı Qazaxıstan-Tacikistan münasibətlərinin yüksək inkişaf dinamikası nümayiş etdirdiyini qeyd edib. Tokayev həmçinin xatırladıb ki, bir gün əvvəl tarixi saziş – “Müttəfiqlik münasibətləri haqqında” müqavilə imzalanıb və bu, ikitərəfli əməkdaşlıqda keyfiyyətcə yeni mərhələnin başlanğıcını göstərir.

“Bu, tarixi əhəmiyyətə malik sənəddir və əslində irəliyə doğru böyük addımdır. Mən Tacikistanın hörmətli prezidenti Emoməli Şaripoviç Rəhmonun parlamentlərarası əlaqələrin intensivləşdirilməsi təklifini dəstəkləyirəm. Bu çox vacibdir. Biz sizi ölkəmizin əsl dostu kimi tanıyırıq. Tələbəlik illəriniz Qazaxıstanda keçib. Ona görə də ümid edirik ki, parlamentlərarası əlaqələrimiz uğurla inkişaf edəcək və ikitərəfli əməkdaşlığın və müttəfiqliyin çox mühüm elementinə çevriləcək”, - deyə Qazaxıstan Prezidenti bildirib.

Öz növbəsində, Tacikistan parlamentinin aşağı palatasının sədri Qazaxıstan dövlətinin başçısına iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin inkişafına verdiyi hərtərəfli dəstəyə görə minnətdarlığını bildirib.

Söhbət zamanı həmsöhbətlər siyasi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə əldə edilmiş razılaşmaların qanunvericiliklə təminatının vacibliyini vurğuladılar.

Danışıqlardan bir gün əvvəl Kasım-Jomart Tokayev və Emoməli Rəhmon Qazaxıstan və Tacikistan arasında “Müttəfiqlik münasibətləri haqqında” müqavilə imzalayıblar. Bundan başqa, daha 15 sənəd imzalanıb.

P.ƏMİRCANOV
XQ

Dünya