Avqustun 1-də İssık-Kul vilayətində Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Beynəlxalq Könüllülər Forumunun açılış mərasimi olub. Forum MDB-də Könüllülər Hərəkatı İli və Qara-Qırğız Muxtar Vilayətinin yaranmasının 100 illiyinə həsr edilib.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, tədbirin məqsədi ideyalar mübadiləsi, könüllülük bacarıqlarının inkişafı və sosial məsələlərin birgə həll edilməsi üçün müxtəlif ölkələrdən gəncləri birləşdirən dinamik platformanın yaradılmasıdır.
Təntənəli mərasimdə Müstəqil Dövlətlər Birliyinin Baş katibinin müavini Nurlan Seytimov iştirak edib. O, MDB-nin Baş katibi Sergey Lebedevin forumun təşkilatçılarına və iştirakçılarına təbrikini səsləndirib.
Təbrikdə deyilir ki, Birlik ölkələrində könüllülük ənənələrinin möhkəmləndirilməsi insan cəmiyyətinin daha da humanistləşdirilməsi istiqamətində dəyişdirilməsi üçün mühüm hərəkətedici qüvvə kimi qəbul edilir. Məhz belə yanaşma MDB-nin iştirakçısı olan dövlətlər arasında gənclərin könüllülər hərəkatının dəstəklənməsi sahəsində əməkdaşlığın inkişafı Konsepsiyasının əsasını təşkil edir. Eyni zamanda, könüllülüyün fəallaşması bu fəaliyyətin normativ-hüquqi və hüquqi təminatının təkmilləşdirilməsi ilə müşayiət olunur ki, bu da MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası tərəfindən “Könüllü fəaliyyət haqqında” model qanunun qəbul edilməsinə böyük köməklik göstərib.
Son illərdə Birlik ölkələrinin bu istiqamətdə informasiya, metodiki və ekspert əməkdaşlığı praktikası xeyli genişlənib, aparıcı könüllü birlikləri arasında əlaqələr möhkəmlənib. Ətraf mühit, mədəniyyət və idman könüllüləri sahələrində bir sıra birgə layihələr həyata keçirilir. Xüsusilə, 2021-ci ildə Rusiyada və 2023-cü ildə Belarusda MDB Oyunlarının, 2024-cü ildə Ümumdünya Gənclər Festivalının genişmiqyaslı təşkili əsasən könüllü köməkçilərin əlaqələndirilmiş fəaliyyəti sayəsində mümkün olub.
Təbrikdə, həmçinin qeyd olunub ki, MDB-də Könüllülük ili üçün 140-dan çox tematik tədbir, görüşlər, konfranslar, tədqiqatlar və digər tədbirlər nəzərdə tutulub. Eyni zamanda, könüllülərin fəaliyyətinə təşkilati və metodiki dəstəyin təmin edilməsi məqsədilə Birlik ölkələrinin Gənclərlə İş üzrə Şurası bu sahədə baza təşkilatlarının müəyyən edilməsi məsələsi üzərində işləyir.
Avqustun 3-dək davam edəcək forumda MDB-nin 8 ölkəsindən 120-yə yaxın gənc iştirak edir. Tədbir çərçivəsində bir sıra mövzular üzrə panel sessiyaları keçiriləcək: könüllülük və davamlı inkişaf məqsədləri: qlobal çağırışlar və yerli həllər; sərhədsiz könüllülər: nailiyyətlər və problemlər; ekoloji könüllülük: planetin gələcək nəsillər üçün qorunması.