Türkiyə dünya ictimaiyyətini ŞKTC-ni tanımağa çağırıb

post-img

Türkiyə dünya ictimaiyyətini Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tanımağa çağırır.

AZƏRTAC xəbər verir ki, Türkiyə parlamentinin Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhün təmin edilməsi əməliyyatının 50-ci ildönümünə həsr olunmuş müvafiq bəyanatının mətni şənbə günü, iyulun 20-də hökumətin rəsmi qəzeti olan “Resmi Gazete”də dərc olunub.

“Biz beynəlxalq ictimaiyyəti adanın reallıqlarını qəbul etməyə, Şimali Kipr xalqının ədalətsiz və qeyri-insani təcridinə dərhal son qoymağa və ŞKTC-ni tanımağa çağırırıq”, - deyə sənəddə bildirilir.

Türkiyə parlamentariləri 1963-cü ildən 1974-cü ilə qədər davam edən Kipr türklərinə qarşı zülm və qətl siyasətini dayandıran qoşunların Şimali Kiprə çıxışının növbəti ildönümü ilə qürur duyduqlarını bildiriblər.

“Türkiyə hərbçilərinin hərəkətləri Kiprin türk xalqının varlığının və təhlükəsizliyinin qarantı oldu və adada sabitliyi təmin etdi”, - deyə Türkiyə parlamentində vurğulanıb.

Ankaranın Kiprdə ədalətli və davamlı sülhə yaxınlaşmağa töhfəsinə də diqqət yetirilib. “Türkiyə tərəfinin xoş niyyəti və qarşılıqlı məqbul həll istəyinin əksinə olaraq, Yunanıstan tərəfi yarım əsrdən artıqdır ki, danışıqlar prosesində destruktiv mövqe nümayiş etdirir və bu, fikir ayrılıqlarının həllinə imkan vermir. Eyni zamanda, adanın yunan icması Avropa İttifaqına qəbul olunmaqla “mükafatlandırılıb”, Kipr türkləri isə məhdudiyyətlər və embarqo ilə üzləşib”, - deyə parlamentin bəyanatında qeyd olunur.

Türkiyə parlamentariləri qeyd edirlər ki, Kiprlə bağlı fikir ayrılıqlarını həll etməyin yeganə və qeyd-şərtsiz yolu Kipr türklərinin hüquqlarının beynəlxalq səviyyədə tanınmasıdır.

“Türkiyə istənilən şərtlərlə ŞKTC-yə hərtərəfli dəstəyini davam etdirəcək və Kipr türklərinin hüquq və mənafelərinin tapdalanmasına yol verməyəcək”, - deyə parlamentin bəyanatında vurğulanıb.

Dünya