Bayden Trampın sui-qəsd cəhdindən sonra səfərini təxirə salıb

post-img

ABŞ prezidenti Co Bayden sabiq prezident Donald Trampa sui-qəsd cəhdindən sonra Texasa səfərini təxirə salıb. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Səfər iyulun 15-nə planlaşdırılmışdı. Səfərin yeni tarixi hələ məlum deyil.

NBC xəbər verir ki, ABŞ Demokratik Partiyası Donald Trampa sui-qəsd cəhdi fonunda Baydeni seçki yarışından kənarlaşdırmaq cəhdlərini dayandırıb.

ABŞ prezidenti Co Bayden bildirib ki, o, sələfi və prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsddən sonra onun təhlükəsizliyini tam təmin etmək üçün Məxfi Xidmətə göstəriş verib. ABŞ rəhbəri atəş açan şəxsin motivlərinin müəyyən edilmədiyini deyib və bütün hallar aydınlaşana qədər bu mövzuda spekulyasiya etməməyə çağırıb. O, istintaqın tez, lakin hərtərəfli aparılacağına söz verib.

Amerika prezidenti, həmçinin ABŞ Məxfi Xidmətinə Respublikaçılar Partiyasının Milouki şəhərində keçirilən qurultayında təhlükəsizlik tədbirlərinə yenidən baxmağı tapşırıb. O, həmçinin Donald Trampla telefonda danışdığını, ABŞ-ın sabiq prezidentinin indi “bərpa olunduğunu” açıqlayıb.

Donald Trampa sui-qəsd iyulun 13-ü axşam saatlarında baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. Müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.

Atıcı məhv edilib və şəxsiyyəti müəyyən edilib. FTB-nin məlumatına görə, o, 20 yaşlı Pensilvaniya əsilli Tomas Metyu Kruksdur. New York Post mənbələrinin məlumatına görə, gənc oğlan Trampın danışdığı səhnənin təxminən 120 metrliyində istehsalat fabrikinin damından atəş açıb.

S.ELAY

XQ

Dünya