Dünya əhalisinin 2080-ci illərdə pik həddə çatacağı gözlənilir. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni məlumatında qeyd olunub. Bildirilir ki, alimlərin hesablamalarına görə, yalnız 10 milyard nəfərə çatdıqdan sonra, yəni 2084-cü ildən etibarən dünya əhalisinin sayı azalmağa başlayacaq.
Tədqiqatçılar bildirirlər ki, hazırda dünyada qadınlar 1990-cı illə müqayisədə orta hesabla daha az uşaq dünyaya gətirirlər. Hər bir qadına orta hesabla 2,2 uşaq düşür.
Buradan da belə bir nəticəyə gəlmək olar ki, doğulanların sayının azalması ölümlərin sayının artması ilə müşayiət olunacaq və dünya əhalisi qocalmağa başlayacaq.
Xatırladaq ki, dünyanın ən sıx məskunlaşdığı iki regionu 2,3 milyard insanın yaşadığı Şərqi və Cənub-Şərqi Asiya, eləcə də 2,1 milyard insanın yaşadığı Mərkəzi-Cənubi Asiyadır.
S.FİDAN
XQ