Paris Olimpiadası: Əsas hədəf qızıl medaldır

post-img

Boksçularımız, siz Olimpiya qalibləri olmağa layiqsiniz! 

Antik Olimpiya Oyunlarının proqramına daxil edilən boks müasir dövrdə də populyarlığını saxlayır. Paris Yay Olimpiya Oyunlarında dünyanın 48 ölkəsindən 49 komandanın (Qaçqınların Olimpiya Komandası da daxil) heyətində 121 kişi boksçunun 7 çəki dərəcəsində “döyüşü” Olimpiadada mübarizənin həyəcanlı səhnələri olacaq. Kainatın güclü dəri əlcək ustalarının yarışında Azərbaycandan 5 boksçu qatılacaq. 

Millimiz lisenziya sayında Av­ropa ölkələri arasında İspaniya ilə 1-ci yerə şərikdir. Parisdə mübarizə aparacaq 121 boksçudan yalnız 48-i “köhnə qitə”ni təmsil edəcək. Onu da diqqətə çatdıraq ki, Avropa­nın cəmi 20 ölkəsi Olimpiya lisenzi­yası qazana bilib. İtaliya, Ukrayna, Böyük Britaniya kimi boks ölkələri daha az idmançı ilə təmsil oluna­caq. 

Bununla, yığmamız əldə edilən lisenziyaların sayına görə, dünya­nın yalnız 3 ölkəsindən – maksi­mum – 7 biletə malik Özbəkistan və Qazaxıstan, 6 vəsiqəsi olan Avstra­liyadan geri qalır. 4-cü yerdə Kuba kimi boks lideri ilə eyni göstərici qazanmağımız, hətta bütün olimpi­adalarda qabaqcıl mövqeyi, zəngin boks ənənələri olan ABŞ kimi ölkəni qabaqlamağımız şanslarımızın yük­səkliyini göstərir. 

Xatırladaq ki, mötəbər yarışa yollanacaq boksçularımızdan 2-si – Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) 2-ci dəfə Olimpiya Oyunlarında işti­rak edəcəklər. 

Alfonso Dominqesin Tokio Olim­piadasında bürünc medal qazandıq­dan sonra uğurlarını davam etdir­məsi onun yaxşı formada olduğunu göstərir. O, 2021-ci ilin noyabrında Belqrad şəhərində Dünya çempio­natının qalibi, 2023-cü ildə Daşkənd mundialında 2-ci yerin sahibi olub. 

Məhəmməd Abdullayev isə 2021 və 2023-cü illərdə keçirilmiş dünya çempionatlarında bürünc medal qa­zanıb. O, ötən il keçirilmiş III Avro­pa Oyunlarının gümüş mükafatçısı olub. 25 yaşlı boksçu Olimpiadada fəxri kürsünün yüksək pilləsini hə­dəfləyib. O, açıqlamalarında Oyun­larda medal qazandıqdan sonra peşəkar boksa keçməyi qərarlaşdır­dığını bildirib. 

Fransaya yollanacaq yığmamı­zın üzvlərindən ən yüngül çəkidə Nicat Hüseynov (51 kq) Olimpiada­dan yalnız çempion kimi qayıtmaq arzusundadır. İkiqat Avropa çem­pionumuz Olimpiadaya vəsiqə uğ­runda I Dünya Olimpiya Təsnifat Turnirindəki 4 görüşün hər birində güclü və titullu boksçuları məğlub edib. Startda dünya çempionatının hindistanlı bürünc medalçısı Dee­pak Deepaka, ardınca mundialın gürcüstanlı finalçısı, Avropa çem­pionu Sahil Alahverdovinə, daha sonra Avropa çempionatının 2-cisi erməni Rudolf Qarboyana, nəhayət dörddəbir finalda Rosko Hillə (ABŞ) qalib gələrək vəsiqəni rəsmiləşdirib. Gənc idmançımızın arzusu Azər­baycana boksda ilk Olimpiya “qı­zıl”ını qazandırmaqdır. O, Olimpia­dada ancaq çempionluq mübarizəsi aparacağını deyib. 

Komandamızın digər üzvü Malik Həsənov (63,5 kq) Avropa çempio­natının bürünc, Avropa kubokunun gümüş mükafatçısıdır. 26 yaşlı bok­sçumuz qəzetimizə açıqlamasında hazırda yaxşı formada olduqlarını bildirdi:

– Hazırlıq başa çatmaq üzrə­dir. Türkiyə və Özbəkistanda tə­lim-məşqlər keçmişik. Texniki, tak­tiki və fiziki hazırlığımız üzərində işləmişik. Yoldaşlıq döyüşləri, güclü rəqiblərlə sparrinqlər keçirmişik. Ar­tıq Almaniyadayıq və hazırlığımızı davam etdiririk. Buradan maksimum gücümüzlə, yüksək nəticə üçün Pa­risə yollanacağıq. 

Millimizin gənc rinq ustası Murad Allahverdiyev (80 kq) olimpiadaya lisenziyanı III Avropa Oyunlarında təmin edib. 21 yaşlı boksçu dün­yanın ən mötəbər idman yarışın­da ölkəmizi layiqincə təmsil etmək üçün potensiallarından tam istifadə edəcəklərini deyib. 

Qeyd edək ki, müstəqil Azərbay­canda “Atlanta-1996” istisna olun­maqla, komandamız boks üzrə bü­tün olimpiadalardan medalla qayıtsa da, qızıl medal qazana bilməyib. Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev Oyunlara lisenziya qazanan boksçularla gö­rüşündə 5 çəki dərəcəsində təmsil­çiliyimizi yüksək qiymətləndirib. O, əsas hədəfin boksçularımızın Paris­də qızıl medal qazanması olduğunu vurğulayıb.

Əminik ki, komandamız qarşıya qoyulacaq hədəfə çatacaq gücdə­dir. 

Leyla QURBANOVA
XQ



İdman