Kanada gələn ay müdafiə xərclərini NATO-nun təyin etdiyi səviyyəyə qaldırmaq üçün konkret plan təqdim etməyə hazır olmazsa, onu “diplomatik təcridolunma” təhlükəsi gözləyir.
AZƏRTAC "cbc.ca” xəbər portalına istinadla xəbər verir ki, bunu Kanadanın son zamanlarda milli təhlükəsizlik mübahisələrinə getdikcə daha çox müdaxilə edən İşgüzar Şurası baş nazir Castin Trüdoya ünvanladığı məktubda qeyd edib.
Məktub NATO ölkələrinin müdafiə nazirləri və “Böyük yeddilik” liderlərinin Avropada ayrı-ayrı görüşlərə, NATO Alyansı ölkələrinin liderlərinin isə gələn ay Vaşinqtonda keçiriləcək sammitə toplaşmağa hazırlaşdığı vaxtda daxil olub.
Şura Kanadanın bu onilliyin sonuna qədər ümumi daxili məhsulun ən azı 2 faizini silahlı qüvvələrə yönəltmək üçün ictimai plan hazırlamayan 32 üzv dövlət arasında yeganə ölkə olduğunu qeyd edib.
“Bu diplomatik təcridolunma səbəbindən həm təhlükəsizliyimiz, həm də iqtisadi tərəfdaşlığımız baxımından ortaya çıxacaq nəticələr bütün kanadalılar üçün böyük fəsadlar doğuracaq”, - məktubda vurğulanıb.
Ölkənin ən böyük şirkətlərinin rəhbərlərindən və sahibkarlarından ibarət Şura “Kanadanın təhlükəli və qeyri-müəyyənliklə dolu bir vaxtda NATO-ya ehtiyacı olduğunu” bildirib.
Bu ilin yazında hökumət müdafiə xərclərini milyardlarla dollar artıracağına söz verib. Lakin Kanadanın hərbi xərcləri onilliyin sonuna qədər ÜDM-nin yalnız 1,76 faizini təşkil edəcək.
Kanada Parlamentinin son hesabatına görə, 2 faizlik hədəfə çatmaq üçün Ottava 2023-2024-cü və 2026-2027-ci illər arasında müdafiəyə əlavə 57 milyard dollar xərcləməli olacaq.