Vaçe Qabrielyan: Qərbin ayırdığı məbləğ iqtisadiyyatın bir sahəsini belə dəyişə bilməz

post-img

“Aprelin 5-də Brüssel sammitindən sonra Aİ və ABŞ-ın vəd etdiyi 330 milyon avro sərmayə ilə onların qarşıya qoyduğu məqsədə - Ermənistan iqtisadiyyatının şaxələndirilməsinə nail olmaq mümkün deyil. Bu vəsaitlə heç iqtisadiyyatın bir sektorunda real transformasiya aparmaq belə mümkün deyil”.

Bu fikri Ermənistanın baş nazirinin sabiq müavini Vaçe Qabrielyan erməni KİV-ləri ilə söhbətində deyib.

Aprelin 5-də Brüsseldə “Ermənistanda demokratik islahatların və iqtisadi sabitliyin dəstəklənməsi” mövzusunda sammit keçirilib. Tədbir zamanı ABŞ və Avropa İttifaqı İrəvana müvafiq olaraq 65 milyon dollar və 270 milyon avro ayırmağa söz verib. Eyni zamanda, Brüssel bu pulu dərhal deyil, yaxın dörd il ərzində, yəni ildə təxminən 72 milyon avro ayıracağını vəd edir.

Xəbər Ermənistanda müəyyən məyusluqla qarşılanıb, belə ki, bir çoxları sammitdən daha əhəmiyyətli nəticələr gözləyirdilər, bunu ölkənin xarici siyasətinin gələcək kursunu müəyyənləşdirmək üçün həlledici məqam kimi qiymətləndirirdilər.

Daha aydınlıq üçün Vaçe Qabrielyan Qərbin yeni maliyyə ayırmasını Ermənistan iqtisadiyyat nazirliyinin 200 milyon dollara çatmış büdcəsi ilə müqayisə edir: "Ermənistani iqtisadiyyat nazirliyinin təxminən 80-90 milyard dram (200 milyon dollardan çox - red.) olan büdcəsinə baxsaq, demək olar ki, iqtisadiyyatın şaxələndirilməsi, onun ayrı - ayrı sektorlarının stimullaşdırılması üçün hökumət artıq yerli miqyasda kifayət qədər vəsait ayırır. Eyni zamanda, hökumət ildə bu cür vəsait ayırır və orada gələcək dörd il haqqında danışılır. Bununla əlaqədar qeyd etmək olar ki, bizim cari fəaliyyətimiz baxımından bu, əhəmiyyətli artım gətirmir".

Aİ və ABŞ-ın ayırdığı vəsaitin hansı layihələrə xərclənəcəyi ilə bağlı özünün konkret məlumatlı olmadığını qeyd edən Ermənistan baş nazirinin sabiq müavini hələ də onların hətta qısa müddətdə iqtisadiyyatda struktur dəyişikliklərinə səbəb olacağına şübhə ilə yanaşır: “Üstəlik, bu qrant vəsaitlərinin verilməsi şərtləri barədə heç nə bilmirik. Ola bilsin ki, onların şərti Qərb texnologiyalarının məcburi alınmasıdır, ola bilsin ki, bu qrantda belə məhdudiyyətlər olmasın. Dəqiq mühakimə yürütmək üçün bütün bu məsələləri dərk etmək lazımdır”.

Qabrielyan, həmçinin Ermənistan iqtisadiyyatının şaxələndirilməsi baxımından ayrılan vəsaitlərin səmərəliliyinə şübhə edir, çünki onlar dövlət büdcəsinə yönəldilməyəcək və oradan iqtisadiyyatın prioritet sahələrinin inkişafı üçün yenidən bölüşdürülməyəcək.“Yəni, güman etməməliyik ki, bu 270 milyon bir-iki nəfərə keçəcək, bir çox təsərrüfat subyektlərinə keçəcək, bu təsərrüfat subyektlərinin texnologiyaları, öz vəsaitləri, inkişaf layihəsi olmalıdır və s. Yəni prosesdə həllini gözləyən çoxlu problemlər var. Bu cür vəsaitlərin ayrılması yaxşı olsa da, yüksək effekt gözləməyə dəyməz”, – Vaçe Qabrielyan bildirib.

S.ELAY

XQ

 

 

 

Dünya