Rusiya Ukraynaya qarşı hücum taktikasını dəyişib - Financial Times

post-img

Rusiya Ukraynadakı hərbi əməliyyatlarında dəyişiklik edib. Bu barədə "Financial Times" qəzeti xəbər verir. 

Qəzet qeyd edir ki, əvvəlki qış kampaniyası zamanı Moskva bütün Ukrayna ərazisində paylayıcı stansiyaları və transformatorları məhv etməyə çalışırdısa, indi Rusiya raketləri regionlardakı konkret elektrik stansiyalarını hədəfə alır, çünki elektrik stansiyalarını qısa müddətdə bərpa etmək mümkün deyil. 

Qəzetin mənbələri bildiriblər ki, bunun üçün yüksək dəqiqlikli raketlərdən istifadə olunur, lakin Ukraynada onları vura bilən Amerika istehsalı olan yalnız bir neçə “Patriot” hava hücumundan müdafiə sistemi var. Martın 22-29-da Rusiya 7 istilik-elektrik stansiyasına zərbələr endirib. Rusiya raketləri iki su-elektrik stansiyasını da sıradan çıxardıb. 

Bundan əlavə, Rusiya transformatorlar və paylayıcı mərkəzlər kimi elektrik şəbəkəsinin digər hissələrinə zərbələr endirmək üçün daha ucuz üsul kimi çoxlu sayda dronlardan da istifadə edir. Ukrayna elektrik stansiyalarına dəyən zərərin miqyası barədə təfərrüatlı məlumat verilməsə də, rəsmilər bəzilərinin, o cümlədən Xarkov vilayətində enerji obyektlərinin, demək olar ki, tamamilə dağıldığını bildirirlər. Ukrayna rəsmiləri etiraf edirlər ki, isti havalar, Aİ-nin enerji idxalı və bərpa olunan enerji istehsalının artması olmasaydı, Ukrayna geniş miqyaslı elektrik kəsintiləri ilə üzləşəcəkdi.

Anar ƏLİ

XQ

Dünya