SEPAH-ın 2 generalı və 5 zabiti həlak olub, konsulluğun binası tamam dağılıb
Yaxın Şərqdə münaqişələr səngimək əvəzinə daha da gərginləşməkdə davam edir. Bazar ertəsi axşam Bakı vaxtı ilə saat 18:00-da İsrailin Hərbi Hava Qüvvələri İran İslam Respublikasının Suriyanın paytaxtı Dəməşqdə yerləşən səfirliyinın konsulluğuna və səfirin iqamətgahına raket zərbələri endiriblər. Səfir və onun ailəsi zərər çəkməsə də, 11 nəfərin öldüyü barədə rəsmi məlumatlar yayılıb. İranın “Nur” informasiya agentliyi bildirib ki, ölənlər arasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 2 generalı, 5 yüksək çinli zabiti var. İranın diplomatik kompleksinin yaxınlığında Suriya ordusuna yardım göstərən iranlı hərbçilərin yaşadığı evlərin olduğu dəqiqləşdirilir.
Məlumatı Londonda yerləşən, lakin Suriyada geniş mənbələr şəbəkəsinə malik Suriya İnsan Haqları Müşahidə Qrupu (OSDH) da təsdiqləyib. Qeyri-hökumət təşkilatının nümayəndəsinin sözlərinə görə, İsrailin İran səfirliyinə endirdiyi zərbələr nəticəsində səkkiz iranlıdan əlavə, iki suriyalı və bir livanlı həlak olub, onların arasında mülki vətəndaş olmayıb.
İranın Suriyadakı səfiri Hüseyn Əkbəri bazar ertəsi axşam hadisə yerində çıxış edərək bildirib ki, Tehran İsrailin Dəməşqdəki İran səfirliyinə hücumuna cavab verəcək. İslam İnqilabı Keşikçiləri Korpusu da Dəməşqdə İran konsulluğunun binasına hücumla bağlı bəyanat yayıb. SEPAH təsdiqləyib ki, zərbə nəticəsində iki iranlı general, həmçinin korpusun beş zabiti həlak olub.
SEPAH-ın İctimaiyyətlə Əlaqələr Departamentinin IRNA agentliyində yayımlanan bəyanatında deyilir: “Bir neçə saat əvvəl hiyləgər sionist rejimin təyyarəsi yeni cinayət törətmiş və raket hücumu həyata keçirmişdir... Bu cinayət nəticəsində İranın Suriyadakı yüksək vəzifəli hərbi məsləhətçiləri – briqada generalı Məhəmməd Rza Zahedi və briqada generalı Məhəmməd Hadi Hacı Rəhimi... eləcə də onları müşayiət edən 5 zabit əzablı şəhadəti qəbul ediblər”.
İran prezidenti İbrahim Rəisinin hadisəyə reaksiyası özünü çox gözlətməyib. O, İranın Suriyadakı səfirliyinə endirdiyi raket zərbəsindən sonra İsraili onun “qorxaq cinayətinə” tezliklə cavab veriləcəyi ilə hədələyib. Rəisinin prezidentin administrasiyasının saytında yerləşdirilən bəyanatında deyilir: “Sionist rejim dəfələrlə məruz qaldığı uğursuzluqlarına və məğlubiyyətlərinə görə kor-koranə terrordan istifadə edir, lakin o, bilməlidir ki, bu cür qeyri-insani hərəkətləri ilə heç vaxt məqsədlərinə çatmayacaq”.
Hadisədən dərhal sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, İran hakimiyyəti İsrailin Dəməşqdəki İran səfirliyinin konsulluq bölməsinə hücumuna cavab vermək və bu cavabın formasını seçmək hüququnu özündə saxlayır.
Kənani qurumun “Telegram” kanalında yer alan açıqlamasında yazır: “İran cavab tədbirləri görmək hüququnu saxlamaqla, təcavüzkarın reaksiyası və cəzası barədə özü qərar verəcək”. İranlı diplomat, həmçinin BMT-ni İsrailə qarşı tədbir görməyə, beynəlxalq ictimaiyyəti isə İsrail hərbçilərinin hərəkətlərini pisləməyə çağırıb.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan beynəlxalq ictimaiyyəti zərbələrə "ciddi cavab" verməyə çağırıb. O, İsrailin hücumunu "bütün beynəlxalq öhdəliklərin və konvensiyaların pozulması" kimi qiymətləndirib. Xarici işlər naziri X-də dərc etdiyi açıqlamada bildirib ki, bununla əlaqədar ABŞ-ın İranda səfirliyi olmadığı üçün, bu dövlətdə Vaşinqtonun maraqlarını təmsil edən İsveçrənin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb. XİN rəhbəri yazıb ki, ona “terror aktının miqyası və İsrail rejiminin cinayətləri izah edilib, Amerika hökumətinin məsuliyyəti vurğulanıb. Amerika cavabdehlik daşımalıdır”,– deyə nazir yazıb.
ABŞ isə İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın paytaxtı Dəməşqdəki İran səfirliyinə hücumundan əsla xəbəri olmadığını bildirib və yaxasını kənara çəkərək, ittihamları rədd edib. ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi “Axios” portalına bildirib ki, Vaşinqton bu işə qarışmayıb. NBC telekanalı xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü açıqlamasında Vaşinqtonun İranın Dəməşqdəki səfirliyinə hücumdan xəbəri və bununla heç bir əlaqəsinin olmadığını bildirib.
İki amerikalı məmur isə bildirib ki, ABŞ prezidenti Co Bayden administrasiyası bunu birbaşa Tehrana çatdırıb. Onlar, həmçinin qeyd ediblər ki, İsrail təyyarələri havada olarkən Bayden Suriyadakı əməliyyatla bağlı məlumat alıb, lakin hədəfin nə olduğunu bilməyib. İki ABŞ rəsmisi əlavə edib ki, ABŞ hakimiyyəti İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Məhəmməd Rza Zahidinin hava hücumunda öldürüldüyünə dair “müstəqil mənbədən hələ təsdiq” almayıb. ABŞ Müdafiə Nazirliyinin rəsmisi isə bildirib ki, İran səfirliyinə hücumdan sonra İsrail və İran arasında hərbi əməliyyatların artması ehtimalı böyükdür.
Bu arada pilotsuz təyyarə Eylatdakı dəniz bazasına hücum etməyə cəhd edib. İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari pilotsuz təyyarənin İranda istehsal edildiyini və hücumun arxasında Tehranın durduğunu bildirib. “Bu, çox ciddi insidentdir”, - deyə o əlavə edib və İsrail ordusunun Eylat bölgəsində hava hücumundan müdafiəsini təkmilləşdirmək üçün hadisədən dərs alacağını vurğulayıb.
İranın BMT-dəki daimi nümayəndəliyi isə yaydığı açıqlamada bildirib ki, İran İsrailin ölkənin Dəməşqdəki konsulluğuna hücumundan sonra qətiyyətli cavab vermək kimi ayrılmaz hüququnu özündə saxlayır.
Rusiyanın TASS informasiya agentliyinin istinad etdiyi bəyanatda qeyd edilir ki, hücumun nəticələrinə görə bütün məsuliyyət İsrailin üzərinə düşür. Daimi nümayəndəlik BMT Təhlükəsizlik Şurasını İsrail tərəfinin hərəkətlərini ciddi pisləməyə, habelə bu cinayəti törədənləri dərhal məsuliyyətə cəlb etməyə çağırıb.
İsrailin İran diplomatik korpusuna hücumu ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi də bəyanat yayıb. Sənəddə deyilir ki, Moskva İsrailin İranın Suriyadakı konsulluq korpusuna raket zərbəsi endirməsini kəskin şəkildə pisləyir. “Biz toxunulmazlığı müvafiq Vyana Konvensiyaları ilə təmin edilən diplomatik və konsulluq obyektlərinə hər hansı hücumu qəti şəkildə qəbuledilməz hesab edirik”, - deyə nazirlik vurğulayıb.
Rusiya XİN-i zərbənin əhalinin sıx məskunlaşdığı əraziyə dəyməsinə və bunun mülki əhali arasında kütləvi tələfat riski yaratdığına da diqqət çəkib. Diplomatik qurum İsrailin hərəkətlərini qəbuledilməz adlandırıb və İsrail hakimiyyətini “Suriya və digər qonşu ölkələrdə təxribat xarakterli güc hərəkətləri praktikasından imtina etməyə” çağırıb.
BMT Baş katibinin nümayəndəsi Stefan Dyujarrik beynəlxalq qurumun İsrailin İranın Dəməşqdəki səfirliyinə hava zərbəsi endirməsindən hədsiz narahatlığını ifadə edib. BMT rəsmisi əlavə edib ki, təşkilata insidentlə bağlı daha çox məlumat əldə etmək və öz mövqeyini bildirmək üçün vaxt lazımdır.
"Əlbəttə ki, bu xəbərlərdən çox narahatıq, lakin münasibətimizi bildirmək, bunun doğru olduğunu ortaya çıxarmaq üçün hadisələr barədə daha çox məlumat əldə edənə qədər gözləyəcəyik", – deyə Dyujarrik bildirib. Buna baxmayaraq, Rusiyanın xahişi ilə aprelin 2-nə İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası təyin edilib. Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski “Telegram” kanalında məlumat yayıb.
Polyanskinin sözlərinə görə, baş vermiş hadisədən dərhal sonra iranlılar bu hərəkəti pisləmək tələbi ilə BMT Təhlükəsizlik Şurasına müraciət ediblər. Rusiya da Təhlükəsizlik Şurasının açıq iclasının çağırılmasını tələb edib. O əlavə edib ki, Maltanın sədarəti ilə keçiriləcək iclas aprelin 2-də Nyu-York vaxtı ilə saat 15:00-a (Moskva vaxtı ilə 22:00) təyin edib.
Bu arada İran vətəndaşları qisas tələbi ilə küçələrə çıxıblar. Çərşənbə axşamı gecə iki yüzə yaxın iranlı nümayişçi Tehrandakı keçmiş İsrail səfirliyi yaxınlığında, Fələstin meydanında toplaşaraq, İsrailin Dəməşqə endirdiyi hava hücumunda həlak olanların qisasını almağa çağırıb.
İlqar RÜSTƏMOV
XQ