Türkiyədə bələdiyyə seçkiləri: demokratiyanın daha bir qələbəsi

post-img

Martın 31-də Türkiyə Cümhuriyyətinin bütün ərazisində bələdiyyə seçkiləri keçirilib. Seçicilərin böyük qisminin qatıldığı seçkilər qardaş ölkədə demokratiyanın təntənəsi kimi qəbul edilir. Türkiyə yeni bir çətin imtahanı arxada qoydu. 34 partiyanın təmsilçiləri və müstəqil nümayəndələr bu gərgin yarışda yer aldılar. 

Vətəndaşlar ölkənin 30-u böyük şəhər olmaqla, 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibini, həmçinin 50 min 336 kənd və məhəllə rəhbərini seçmək üçün səs veriblər.

Türkiyə Yüksək Seçki Komissiyasının sədri Əhməd Yenər yayım qadağasının qaldırılması ilə bağlı açıqlamasında seçkilərin çox böyük uğurla, şəffaf və xalqın və dövlətin adına yaraşan səviyyədə, beynəlxalq demokratik normalara uyğun şəkildə keçirildiyini qeyd etdi. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günə qədər nümayiş etdirdiyi liderlik keyfiyyətini Ankarada meydana toplanan insanlara müraciətində bir daha təkrar etdi. Dedi ki, millət iradəsini sandıqda ifadə etmişdir, bu seçimin qalibi demokratiyadır, milli iradədir. Bu seçimləri hər hansı bir partiya deyil, türk milləti qazanmışdır. Prezident nəticələrin hər bir vətəndaş tərəfindən qəbul edilməsini də Türkiyə demokratiyasının, 85 milyonluq ölkə əhalisinin qazancı adlandırdı. Dövlət başçısı son 22 ildə keçirilən 18-ci seçkidən sonra ilk dəfə ikinci olaraq çıxan partiyasının önəmli dərs aldığını və nəticələrin təhlil edilərək yeni bir strategiyanın müəyyənləşdiriləcəyini bildirdi.

Seçkini ilk sırada başa vuran CHP sədri Özgür Özəl İstanbul, Ankara, İz-mir, Bursa, Antalya, Adana kimi böyük şəhərlərdə qələbələrini “Bu zəfər başqa birinin məğlubiyyəti deyildir” – deyə ifadə etmişdir. Bu seçkilərdə Türkiyənin bir çox yerlərində bələdiyyə başqanlığını qazanan MHP, YRP, İYİ partiya, DEM və başqa siyasi təşkilatlar da seçkiləri Türkiyə xalqının azad iradəsinin təcəssümü olaraq dəyərləndirdilər.

Seçkilərdə qalib və məğlub  olmasından asılı olmayaraq, bütün namizədlər ilk açıqlamalarında bu seçkilərin xalqın iradəsinin ifadəsi kimi hər cür hörmətə layiq olduğunu vurğuladılar.

2024-cü il bələdiyyə seçkilərinin ilk nəticələrini şərh edən analitiklər də belə bir fikri qeyd edirlər ki, bu seçkilərin qazananı Türkiyə dövləti və onun yerli idarə orqanları, dövlət institutlarıdır. Əlbəttə, bu seçkidə İstanbul, Ankara, İzmir, Bursa, Antalya, Adana kimi böyük, o cümlədən zəlzələ zonasındaki şəhərlərdən gələn nəticələr xüsusi maraq doğururdu.

Keçən ilin fevralında dağıdıcı zəlzələ nəticəsində yerlə-yeksan olmuş vilayətlərdə, əsasən, “Cumhur İttifaqı” nın namizədlərinin qazanması da zərərçəkmişlərin iqtidara, R.T. Ərdoğan hakimiyyətinə inamının ifadəsidir. İstanbul Şəhər Böyük Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun İstanbulda, Mansur Yavaşın Ankarada yenidən bələdiyyə sədrliklərini qoruyub saxlamaları Türkiyənin gələcək siyasətinə təsirsiz qalmayacaq. 

Bu seçkilər həm də 4 il sonra keçiriləcək parlament və prezident seçkiləri üçün baş məşq oldu. Lakin iqtidar gələcəkdə mövqelərini itirmək fikrində deyil. Prezident Ərdoğanın vurğuladığı kimi, indidən təhlillər, dəyərləndirmələr aparılacaq, buraxılan səhvlərin aradan qaldırılması üçün müəyyən addımlar atılacaq, dərslər çıxarılacaq. 

Türkiyədə bu seçki atmosferinə kölgə salacaq heç bir problem yaşanmadı və qardaş ölkə qarşısına qoyduğu “Türkiyə yüz ili” vizyonunu davam etdirmək üçün mühüm bir tədbiri arxada qoydu. Qardaş ölkəyə xeyirli-uğurlu olsun. 

Qafar ÇAXMAQLI, 
XQ-nin Türkiyə müxbiri



Dünya