Dünya tarixinə seçkilər ili kimi düşəcək 2024-cü ildə Avropa Parlamentinə (AP) seçkilər də diqqət mərkəzində olan siyasi kampaniyalar sırasındadır. Bu seçkilərin nəticələrindən asılı olaraq AP-də güc balansı-nın necə dəyişə biləcəyi ətrafında artıq neçə vaxtdır ki, mülahizələr irəli sürülür. Bu qurumda güc balansının dəyişməsi isə təkcə “Köhnə qitə”də deyil, bütün planetdə beynəlxalq siyasətin yeni çalar alacağına səbəb olacaq. Bir çox beynəlxalq təşkilatların keçirdiyi sorğulara əsaslanan siyasi şərhçilər bu seçkilərin, bütövlükdə, Avropanı sağa meyilləndirə biləcəyini ehtimal edirlər.
Avropa Parlamentinə növbəti seçkilər 2024-cü il iyunun 6-dan 9-dək keçiriləcək. Bu, “Brexit”dən sonra ilk seçkilər olacaq. Adətən Aİ-nin 27 ölkəsinin sakinləri 5 il müddətində fəaliyyət göstərəcək 720 deputatı seçəcəklər. Məlum olduğu kimi, Britaniya Aİ-ni tərk etdikdən sonra AP-nin sayı 705 yerə endirilib, lakin 2023-cü ilin sentyabrında Aİ səlahiyyətliləri demoqrafik dəyişiklikləri nəzərə alaraq, 11 ölkə arasında bölüşdürülən daha 15 yer əlavə etmək qərarına gəliblər.
Aİ dövlətlərinin hamısında AP-nin üzvləri proporsional qaydada seçilir. Vahid səsvermə proseduru yoxdur və səsvermə həm açıq, həm də qapalı siyahılar üzrə keçirilə bilər. Partiyalar üçün 2011-ci ilə qədər beş faizlik hədd var idi, lakin bu, qanuna zidd hesab edildi. İndi ölkələr özləri minimum həddi təyin edirlər. Hər bir seçici milli partiyalara səs verir, daha sonra seçilən namizədlər ideologiyaya görə Avropa fraksiyaları arasında bölüşdürülür. Bir qayda olaraq, milli partiyalar oxşar maraqları müdafiə edən fraksiyanı dəstəkləyir.
Bu gün AP-də 7 partiyanın fraksiyası təmsil olunub. Ən böyük fraksiya Avropa Xalq Partiyası (EPP) hesab edilir və onlar 178 yerə malikdirlər. Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı (S&D) 141 yerlə ikinci sıradadır. “Yenilənmiş Avropa” (“Renew”) 101 yerlə üçüncü, İqlim gündəliyini və milli azlıqların maraqlarını irəli sürən “Yaşıllar” /Avropa Azadlıq Alyansı (Greens — EFA) 71 üzvlə dördüncü, mötədil avroskeptiklər, anti-federalistlər sayılan “Avropa Mühafizəkarları və İslahatçıları” (ECR) 67 yerlə beşinci, sağ və ifrat sağçı siyasətçilər qrupu, avroskeptiklərin birliyi olan “İdentiklik və Demokratiya” (IID) 58 yerlə altıncı və nəhayət, kommunist baxışlı siyasətçiləri birləşdirən “Avropa Solçuları” (“The Left”) 38 mandatlayeddinci yerdə qərarlaşırlar. Qalan 51 yeri isə müstəqil deputatlar tuturlar.
Avropa Xarici Əlaqələr Şurasının (ECFR) analitik mərkəzinin hazırladığı hesabatdan belə qənaətə gəlinir ki, Aİ nin 9 ölkəsində bu yay keçiriləcək AP yə seçkilərdə avroskeptiklər, güman ki, favorit olacaqlar. Söhbət Avstriya, Belçika, Çexiya, Fransa, Macarıstan, İtaliya, Hollandiya, Polşa və Slovakiyadan gedir. Daha doqquz ölkədə – Bolqarıstan, Estoniya, Finlandiya, Almaniya, Latviya, Portuqaliya, Rumıniya, İspaniya və İsveçdə isə sağçıların ikinci və ya üçüncü yerləri tutacağı ehtimal olunur.
ECFR-in proqnozuna görə, builki seçkilərdən sonra AP-dəki yerlərin demək olar ki, yarısına üç mərkəzçi fraksiyanın - EPP, S&D və “Renew”in "super böyük koalisiyasına" daxil olmayan deputatlar sahib olacaqlar. Beləliklə, Avroparlamentdə ilk dəfə mühafizəkarların avroskeptiklər (ECR), ifrat sağçılar (İD) və müstəqil deputatlardan ibarət sağçı populist koalisiyası (EPP) yarana bilər.
Siyasi şərhçilər bildirirlər ki, belə köklü dəyişikliyin səbəbi, ilk növbədə Aİ ölkələrində dəyişən siyasi ab-havadır. İfrat sağçılar bir çox Avropa ölkələrində getdikcə daha ciddi gücə çevrilir və hətta hakimiyyətə gəlirlər. Hert Vildersin ifrat sağçı Azadlıq Partiyası (PVV) 2023-cü ilin noyabrında Hollandiya seçkilərində qalib gəlib. Oktyabrda Slovakiyada Robert Fitsonun rəhbərlik etdiyi "Kurs – Sosial Demokratiyadır" partiyası –populistlər qələbə qazanıb. 2022-ci ildə İtaliyada ifrat sağçı koalisiya hakimiyyətə gəlib.
Avroskeptiklərin populyarlığının art-ması Almaniyada da müşahidə olunur. Son sorğulara görə, ifrat sağçı AfD federativ respublikada artıq ikinci qüvvəyə çevrilib. Fransa və İspaniyada da sağçıların güclənməsi müşahidə olunur. Bütün bu ölkələr AP-də ən böyük milli kvotalara malikdirlər. ECFR ekspertləri etiraf edirlər ki, 2024-cü ildə bu tendensiya təkcə milli səviyyədə deyil, həm də ümumavropa səviyyəsində güclənəcək.
“Euronews”un sifarişi ilə keçirilən və 18 Avropa ölkəsində ilk belə araşdırma olan “IPSOS”un eksklüziv sorğusunda da qeyd edilir ki, növbəti parlamentdə ifrat sağçılara dəstək çoxalacaq, lakin avropapərəst partiyalar yenə də yerlərin 63 faizinə sahib olacaqlar. Bu eksklüziv sorğu, Aİ əhalisinin 96 faizini təşkil edən ölkələrdə demək olar ki, 26 min nəfərin iştirak etdiyi və seçkilər ərəfəsində – iyunun 6-dan 9-a kimi keçirilən ilk sorğudur.
”IPSOS” Avropanın COVID-19 pandemiyası ilə mübarizə apardığı və Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyatlarının nəticələrini – yanacaq böhranı, inflyasiya partlayışını hiss etdiyi təlatümlü 5 ilə baxmayaraq, AP-nin konfiqurasiyasında bir neçə dəyişiklik olacağını proqnozlaşdırır. Sorğulara görə mərkəzçi sağçılar çoxluğu saxlaya bilər, lakin ifrat sağçılar və avroskeptiklər hazırda Aİ-nin altı qurucu ölkəsindən dördündə lider olduqları üçün dəstək bazasını əhəmiyyətli dərəcədə genişləndirə bilərlər.
Hesabatdan görünür ki, ən etibarlı parlament çoxluğu Avropayönlü partiyaların “Böyük koalisiyası” olacaq. Onların 720 yerdən 398-nə sahib olacaqları ehtimal edilir. Proqnoza görə, bu çoxluq sağ mərkəzçi Avropa Xalq Partiyası, Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı və “Yenilənmiş Avropa” liberal fraksiyasına seçicilərin verəcəyi səslərin toplanması nəticəsində əldə edilir. Bununla yanaşı, hazırki çağırışda olduğu kimi, liderlik ənənəvi olaraq sağçılara çatacaq. Onlara nisbi əksəriyyət – 177 mandatın çatacağı güman olunur.
Sorğulardan o da aydın olur ki, AP-yə seçkilər ərəfəsində Aİ-nin təsisçilərindən dördündə ifrat sağçılar və ultramühafizəkarlar öndə gedirlər. Fransada Marin Le Penin “Milli Birlik” partiyası prezident Makronun partiyasını böyük fərqlə üstələyir. İtaliyada Meloninin "İtaliya qardaşları"nın qalib gələcəyi proqnozlaşdırılır. Hollandiyada parlament yarışında Herta Vildersin “Azadlıq Partiyası” son uğurunu təkrarlayacaq. Aİ institutlarının yerləşdiyi Belçikada separatçı ifrat sağçı “Flamand Maraqları (“Vlaams Belang”) partiyası qalib gələcək.
Liberalların və “yaşıllar”ın göstəriciləri, xüsusən də onların bir vaxtlar “malikanələrinə ” çevrilən Fransa və Almaniyada əhəmiyyətli dərəcədə azalacaq. Almaniyada “yaşıllar” yalnız üçüncü yerdədir və ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası ilə bərabərdirlər. Eyni zamanda, XDİ birinci partiya olacaq, ASDP-dən olan Sosial Demokratlar isə 2-ci yerə keçəcəklər.
Doğrudur, “IPSOS” sorğusu sadəcə riyazı hesablamadır və seçkidən sonrakı mürəkkəb ittifaqları proqnozlaşdıra bilməz. Digər koalisiyalar da həyat qabiliyyətli ola bilər, məsələn, müxtəlif çalarlı sağçı koalisiyalar. Lakin hər şey ultramühafizəkarlar və Avropa Xalq Partiyası arasında baş tutacaq çətin danışıqlardan asılı olacaq.
Bütün bunlara baxmayaraq, partiyaların və fraksiyaların AP-yə seçkilərdə qələbəsini təmin edən əsas qüvvə Avropa ölkələrinin vətəndaşlarıdır. Onların seçkilərdə milli namizədlərə və onların siyasi mövqelərinə münasibətindən çox şey asılı olacaq. Ona görə də bu seçkilər öncəsi Avropa vətəndaşlarının maraqlarının nəyə ünvanladığına da diqqət çəkmək lazım gəlir.
Günün reallığı ondan ibarətdir ki, iqtisadi qeyri-sabitlik, yüksək qiymətlər, sosial müdafiənin zəifləməsi Aİ ölkələrinin vətəndaşlarının həll etmək istədikləri əsas problemlərdir. “IPSOS”un “Euronews” telekanalının sifarişi ilə Avropanın 18 ölkəsində keçirdiyi sorğulardan da məlum olur ki, Aİ-də sosial istiqamətli siyasətə tələbat kəskin artıb.
Məsələn, sorğunun nəticələrinə görə, portuqalları, finləri ən çox yaşayış qiymətlərinin artması narahat edir. Amma təkcə onlar deyil, orta hesabla avropalıların 68 faizi Aİ-nin qiymət artımı problemini nəzərə almasını istəyir. Potensial seçicilərin isə yalnız 7 faizi üçün inflyasiya, ümumiyyətlə, prioritet deyil.
Qərbin təbliğat maşının hansı havanı çalmasından asılı olmayaraq, bu ölkələrdə böhran əlamətləri göz qabağındadır və ümumiyyətlə, Aİ vətəndaşlarında ümumi yoxsulluq hissi var. Onların 64 faizi Aİ-nin sosial hüquqları qorumasını və sosial bərabərsizliyi azaltmasını tələb edir.
Seçicilərin üçüncü prioriteti iqtisadi artımdır. Respondentlərin 62 faizi AP-nin deputatlarından iqtisadi artımı stimullaşdırmaq üçün təsirli tədbirlər görmələrini tələb edirlər. İşsizliyə qarşı mübarizə isə qeyri-qanuni immiqrasiya ilə mübarizədən dərhal sonra gəlir.
Sosial məsələlər təkcə sol və sol mərkəzçi seçicilər üçün prioritet deyil. Mötədil mühafizəkarlar, mərkəzçilər, liberallar və sağçı seçicilər də əvvəlki seçkilərə nisbətən, daha çox Aİ-nin sosial və iqtisadi qanunvericiliyə müdaxiləsini tələb edirlər.
Sağçı mühafizəkar və ifrat sağçı seçicilərin kifayət qədər böyük əksəriyyəti inflyasiyaya qarşı tədbirlər görməyə çağırırlar. Bərabərsizlik və sosial müdafiəyə gəldikdə isə sol və sol mərkəzçi seçicilərin daha tələbkar olduqları açıq-aydın görünür.
Bir sözlə, sağa dönüş AP-nin qanunvericilik fəaliyyətini çətinləşdirə, həmçinin Aİ-nin daxili və xarici siyasətini dəyişə bilər. ECFR ekspertlərinin qeyd etdiyi kimi, bu, sağçı qüvvələr üçün heç də maraqlı olmayan “yaşıl gündəm”ə elə də böyük təsirə göstərməyəcək. Avropa Komissiyası və Aİ Şurasının xarici siyasətdə, o cümlədən Ukraynaya dəstək məsələsində qərar qəbul etmək qabiliyyəti təhlükə altına düşəcək. Yenidən Slovakiyanın baş naziri olmuş Fitso artıq bəyan edib ki, onun hökuməti Slovakiya biznes strukturlarından silah alınmasına qarşı olmasa da, Kiyevə hərbi yardım göstərməkdən imtina edir.
Ancaq AP-yə seçkilərdə sağların uğuru üçün təminat yoxdur, çünki bir çox seçicilər onların və avroskeptiklərin simasında bir növ hamıya qarşı çıxan namizəd görürlər. Əslində, sağçıların populyarlığının artmasına əsas səbəblərdən biri insanlarda etiraz əhval-ruhiyyəsinin yığılıb qalmasıdır. Yəni, bu etiraz əhval-ruhiyyəsi Avropada sağçı partiyalara meyli deyil, hakim qüvvələrin siyasətindən narazılığı əks etdirir. Nəticədə, səslər tənqidçi partiyalara gedir. Yəni, seçki üstünlükləri avroskeptiklərə keçir, ancaq bu, onların mütləq seçiləcəklərinə təminat vermir.
Avropa ekspertlərinin ümumi rəyi belədir ki, Aİ seçiciləri, ümumiyyətlə, seçkilərə ideoloji yanaşmadan uzaqlaşırlar. Əsas amil ideologiya deyil, namizədlərin son illərin beş əsas Avropa çağırışına – iqtisadiyyatın pisləşən vəziyyəti, pandemiyanın nəticələri, Ukraynadakı münaqişə, iqlim dəyişikliyi və miqrasiya böhranına münasibətidir. Av-ropanın gələcəyi onların təklif etdiyi həll yollarından asılıdır.
Ona görə də ECFR-nin son he-sabatının müəllifləri Avropa elitalarını sağçıların artan populyarlığına diqqət yetirməyə çağırırlar. Analitiklər hesab edirlər ki, Avropa liderlərinin vəziyyəti dəyişə biləcək təkliflər hazırlamasının vaxtı çatıb. Yaşıl keçidin xərcləri və riskləri, Ukraynaya dəstək və ya beynəlxalq münasibətlərdə riskləri azaltmaq yollarını müzakirə etmək əvəzinə, iqtisadi və təhlükəsizlik ehtiyaclarının daha aydın mənzərəsini ifadə etməyə dəyər, çünki bunlar seçiciləri narahat edən əsas sahələrdir.
Növbəti 5 il üçün seçiləcək Aİ liderləri avropalıların tələblərini qarşılamaq üçün həll yolları tapmalıdırlar. Bu isə dövlət xərclərinin artırılmasını və buna görə də büdcə və maliyyə intizamını yaxşılaşdırmaq üçün tətbiq edilən keçmiş illərin Aİ qaydalarına və siyasətlərinə yenidən baxılmasını tələb edir. Buna nail olmasalar, Avropanın sağa dönüşü qaçılmaz olacaq.
İlqar RÜSTƏMOV
XQ