Putin Rusiyada prezident seçkilərinin qalibidir

post-img

Rusiya Federasiyasında (RF) prezident seçkiləri başa çatdı. Nəticələrdən belə qənaətə gəlmək olur ki, ölkədə prezident seçkiləri rekord fəallıqla keçib. RF Mərkəzi Seçki Komissiyasının bildirdiyinə görə, vətəndaşların 77,44 faizi səs vermək qərarına gəlib ki, bu da Rusiyanın yeni tarixində rekord nəticədir. Seçkilərin bu şəkildə fəal keçməsi Rusiya cəmiyyətinin xarici təhlükələr fonunda konsolidasiyasından xəbər verir desək, fikrimcə yanılmarıq.

Protokolların 99,74 faizi hesablandıqdan sonra məlum olub ki, ölkənin hazırkı dövlət başçısı, namizədliyini özü irəli sürmüş Vladimir Putin səslərin 87,29 faizini qazanıb. Bu məlumatı bazar ertəsi, martın 18-də RF Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova açıqlayıb.

İkinci yerdə 4,3 faiz səslə Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yerdə 3,8 faiz səslə “Yeni adamlar” Partiyasının üzvü Vladislav Davankov qərarlaşıb. Sonrakı yerdə isə 3,17 faiz səslə LDPR partiyasının rəhbəri Leonid Slutski gəlir. 

Artıq namizədlər də ilkin nəticələrə reaksiya veriblər. “Yeni adamlar” Partiya-sının namizədi Davankov hazırkı dövlət başçısını qalib kimi tanıyıb: “Əlbəttə, qalib Vladimir Vladimiroviç Putindir”. Rusiya kommunistlərinin namizədi Xaritonov bildirib ki, “rusiyalılar ölkənin necə həmrəy olmasını nümayiş etdirdilər”. Xaritonov qalib rəqibini təbrik edərək deyib: “Vladimir Vladimiroviç, sizi təbrik edirəm, bu gün seçicilərin sizin üzərinizə hansı məsuliyyət qoyduğunu çox gözəl başa düşürəm”.

2024-cü il seçkilərinin əvvəlkilərdən əsas fərqi təkcə səsvermənin 3 gün müddətində keçirilməsində yox, həm də bu kampaniyanın Rusiya–Ukrayna mü-haribəsinin davam etdiyi bir vaxtda baş tutmasıdır. Rusiyalı politoloqlar bildirirlər ki, “indiki prezident seçkilərinin unikallı-ğı onu göstərir ki, son 2 ildə Rusiya cəmiyyəti kökündən dəyişib. Artıq rus xalqı özünü real sosial qüvvə kimi dərk edib və bu gün təkcə prezidentə deyil, həm də ölkənin növbəti 6 il ərzində tutacağı kursa səs verir. Məhz buna görə də qondarma müxalifətin və kollektiv Qərbin seçki pro-sesinə müdaxilə etmək üçün bütün cəhdləri baş tutmadı”. 

Seçkilərin nəticələrindən sonra istər istəməz belə bir sual ortaya çıxır: Rusiyanın qurama “müxalifətinin” liderlərinin ümidləri və onların xaricdə ədalətli cəzadan gizlənən rəhbərlərinin çağırışları niyə özünü doğrultmadı? Nə üçün Rusiya hakimiyyəti kütləvi itaətsizlik əvəzinə vətəndaş fəallığı, mütəşəkkillik nümayiş etdirdi?

Etiraf etmək lazımdır ki, 90-cı illərdə amorf vəziyyətə salınan Rusiya cəmiyyəti son iki il ərzində ayıldı və özünü ölkənin inkişafı və rifahını təmin etməyə qadir olan yeganə səmərəli qüvvə kimi dərk etdi. Bəlkə elə buna görədir ki, İspaniyanın “EFE” agentliyi heyrətlə yazır: "Rusiyanın bütün ərazisində seçicilər öz vətəndaşlıq borcunu yerinə yetirdilər və Moskvada uzaqdan elektron səsvermədə əhəmiyyətli artım müşahidə olundu". 

Rus xalqı yaxşı başa düşür ki, bu seçki təkcə növbəti 6 il ərzində Rusiyaya kimin rəhbərlik edəcəyi ilə bağlı səsvermə deyil. Bu, Rusiyanın suveren siyasətinə dəstəyin nümayişidir. Bunun fonunda müxalifət qüvvələrinin nadir aksiyalarını Qərbin aktiv etiraz və guya, əhalinin onlara geniş dəstəyi kimi qələmə vermək cəhdləri baş tutmadı. Xarici mətbuat seçkinin yüksək fəallıq şəraitində keçdiyini və Putinin rekord səslə qalib gəldiyini etiraf etməli oldu. Məsələn, “Reuters” agentliyi yazıb ki, “Prezident Putin bazar günü Rusiyada keçirilən seçkilərdə rekord səslə qələbə qazanıb”.

Fransanın “La Tribune” nəşri isə bunu özünəməxsus şəkildə belə şərh edir: “Vladimir Putinin yenidən prezident seçilməsi o qədər də sürpriz olmadı. O, indi əsl populyarlığa ümid edə bilər və prezidentlik müddətini ölkənin birliyinin nümayişinə çevirmək istəyəcək”. “La Depeche” də eynən bu tərzdə çıxış edir: "Zəfər gözlənilən idi. Vladimir Putin Rusiya prezident seçkilərində böyük fərqlə qalib gəldi”. CNN bunu bir qədər qəzəb və kinli şəkildə etiraf edir və yazır ki, “Prezident Vladimir Putin əsrin əvvəlindən bəri idarə etdiyi ölkəyə nəzarəti gücləndirəcək, çünki ilkin nəticələr Kreml liderinin proqnozlaşdırılan böyük qələbəsini göstərirdi”.

Seçkilərin keçirilməsinə mane olmaq cəhdlərinə gəlincə isə “Independent” nəşri yazır ki, “seçkinin nəticəsi heç vaxt şübhə doğurmasa da, Kreml üç günlük səsvermənin hər hansı şəkildə pozulma ehtimalını istisna etmək üçün əlindən gələni etdi”. Almaniyanın “Welt” nəşri bu fikri daha konkret ifadə edərək yazır: “Moskva və digər şəhərlərə pilotsuz təyyarələrin hücumları Rusiyada prezident seçkilərinin keçirilməsinə mane ola bilmədi: hətta atəşə tutulan Belqorodda belə səsvermə davam etdi, paytaxtda isə atmosfer sakit və rahat qaldı”. 

ABŞ mediası da Putinin qələbəsinin qaçılmaz olduğunu qeyd etmək məcburiyyətində qalıb . “Financial Times” bildirir ki, “Qərbin Ukraynadakı xüsusi əməliyyata görə Moskvaya qarşı sərt iqtisadi sanksiyalar tətbiq etmək cəhdlərinə baxmayaraq, Putin öz hakimiyyətini möhkəmləndirdi”. “Washington Times”ın qənaəti isə daha çox bu fikrin davamı kimi səslənir: “Bu səsvermə Putinə XHƏ ilə bağlı qərarının hələ də ölkə daxilində xalqın dəstəyinə malik olduğunu iddia etməyə əsas verir”.

Məşhur “Times” Putinin qələbəsini dünyaya bir xəbərdarlıq kimi təqdim edir: “Qlobal çaxnaşma və yeni münaqişələrin qorxusu fonunda yeni vəzifəsinə qədəm qoyan Putin, çox güman ki, həmişəki kimi gözlənilməz olacaq”. 

Ümumiyyətlə, Putin həmişə sürprizləri ilə diqqət çəkib. Bu dəfə də istisna olmadı. Prezident seçkilərinin sonuncu günü, martın 17-də gecə yarısına yaxın artıq qələbəsi bəlli olan Vladimir Putin bütün bu günlər ərzində onun seçki qərargahının fəal işlədiyi “Qostinıy Dvor”a gəlib. O, ilk növbədə, könüllülərə təşəkkür edərək şikayətlərin azlığının onların işinin yüksək keyfiyyətindən xəbər verdiyini vurğulayaraq deyib: “Bu axşam komandamın üzvləri, həmfikirlərim və tərəfdaşlarımla birlikdə olmaqdan çox məmnunam. Həmfikirlər və ya tərəfdaşlar kimlərdir? Qədim Rusiyada bu, döyüşçü idi, həm də təkcə döyüşçü yox, Vətənini müdafiə etmək üçün əlinə silah alıb ayağa qalxan döyüşçü idi. Bunlar təkcə özlərini deyil, həm də gələcək nəsilləri, yəni, səni və məni düşünən insanlardır”. 

“Mən seçki məntəqələrinə gəlib səs verən bütün Rusiya vətəndaşlarına təşəkkür etmək istəyirəm. Ölkədə hakimiyyətin mənbəyi rus xalqıdır. Xalqın vahid iradəsi hər bir vətəndaşın səsindən formalaşır”, – deyən Putin daha sonra vurğulayıb: “Qarşıda bizi çox vəzifələr gözləyir. Biz konsolidasiya olunanda, bizi qorxutmaq və ya sıxışdırmaq istəyən kim olur-olsun, bunu əvvəllər də heç kim bacarmayıb, indi də bacarmır və gələcəkdə də bacarmayacaq”. 

Səsvermənin ilkin nətcələri bəlli olandan dərhal sonra Rusiya dövlətinin başçısı Vladimir Putinə təbriklər ünvanlanmağa başlanıb. Həmkarına ilk təbrik Belarusun Prezidenti Aleksandr Lukaşenkodan gəlib. Belarus lideri həmkarı Vladimir Putinin Rusiyada keçirilən prezident seçkilərindəki nəticəsini heyrətamiz adlandırıb.

Dünən isə Müstəqil Dövlətlər Birliyi ölkələrinin liderləri Vladimir Putini prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik ediblər. Kremlin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan liderləri Putinə telefon açıblar. Onlar seçicilərin yüksək fəallığına diqqət çəkərək bunu Rusiya vətəndaşları arasında Putinin daxili və xarici siyasət kursuna geniş dəstəyinin göstəricisi kimi xüsusi qeyd ediblər. 

Vladimir Putini ilk təbrik edən dövlət başçılarından biri də Çin Xalq Respublikasının lideri Si Cinpin olub. Onun təbrikində deyilir: “Biz yeni dövrdə iki dövlətin və onların xalqlarının rifahı naminə Rusiya–Çin hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələrinin davamlı, sağlam, sabit və dərin inkişafına kömək etmək üçün Rusiya ilə sıx əməkdaşlığı davam etdirməyə hazırıq”.

Roma Papası Fransisk, İran Prezidenti İbrahim Rəisi, Küveytin Əmiri Mi-şaal əl Əhməd əl Caber əs Sabah, Venesuelanın Prezidenti Nikolas Maduro, Kubanın Prezidenti Miqel Dias-Kanel, Boliviyanın lideri Luis Arse, Şimali Koreyanın rəhbəri Kim Çen In, Hondurasın Prezidenti Siomara Kastro, Myanmanın baş naziri Min Aun Hlayn və bir çox digər ölkələrin liderləri də artıq Vladimir Putinin seçkilərdə qazandığı qələbə münasibətilə təbrik ediblər və yeni müddətdə fəaliyyətində uğurlar arzulayıblar. 

Buna baxmayaraq, Qərbin liderlərinin Rusiyadakı prezident seçkilərinə və Putinin qələbəsinə münasibəti tam fərqlidir. Məsələn, Ağ evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi brifinqdə deyib: “Cənab Putinin siyasi rəqiblərini həbs etdiyini və başqalarının namizədliyini irəli sürməsinə mane olduğunu nəzərə al-saq, bu seçki açıq-aydın nə azad, nə də ədalətlidir”. 

Polşa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda isə deyilir: “Rusiyada keçirilən prezident seçkiləri qanuni, azad və ədalətli sayıla bilməz. Səsvermə əhaliyə qarşı sərt repressiya şəraitində keçib və bu, azad demokratik seçimi mümkünsüz edib”. 

Ona görə də Kremlin sözçüsü Dmitri Peskov martın 18-də keçirdiyi brifinqdə Amerikanın və digər Qərb dövlətlərinin Rusiyadakı prezident seçkilərinin qeyri-legitim olması ilə bağlı bəyanatlarına münasibətini açıqlayaraq bildirib ki,  ABŞın Rusiya Federasiyasındakı seçkilərlə bağlı qiymətləndirmələri nəzərə alınmayacaq. “Biz bu cür qiymətləndirmələrlə razı deyilik, onları nəzərə almayacağıq”. 

Peskov xatırladıb ki, RF-nin hazırkı rəhbəri, özünün namizədliyini irəli sürmüş Vladimir Putin belə qiymətləndirmələrin proqnozlaşdırıla bilən və gözlənilən olduğunu qeyd edib.

Qərbin Rusiyanın prezident seçkilərinə münasibəti necə olursa-olsun, təbii ki, heç nəyi dəyişə bilməz. Çünki Qərbin öz standartlarına uyğun gəlməyən bir çox ölkələrin seçkilərinin nəticələrini tanımadığını az görməmişik. Həmin nümunələrdə də Qərbin münasibəti o ölkələrdə heç nəyi dəyişməyib, o ki qalmışdı Rusiya kimi bir dövlətdə nəyisə dəyişə bilsin. Amma Rusiyada seçki fəallığı, sözün əsl mənasında, bu ölkənin xarici çağırışlar qarşısında necə həmrəy olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Bu faktı danmaq əsla doğru olmazdı. 

İlqar RÜSTƏMOV
XQ

Dünya