Ötən cümə günü “Veymar üçbucağı”nda birləşən Almaniya, Fransa və Polşa dövlət başçıları növbəti görüş keçiriblər. Berlində Fransa prezidenti Emmanuel Makronu və Polşanın baş naziri Donald Tusku qəbul edən Almaniya kansleri Olaf Şolts Ukraynanı uzaqmənzilli artilleriya ilə təchiz etmək üçün Ramşteyn formatında yeni koalisiyanın yaradıldığını və Aİ missiyasının genişləndirilməsini bildirib.
Ukraynanın müttəfiqləri Rusiya ilə müharibə aparmır və bununla bağlı heç nəyi dəyişmək niyyətində deyillər. Ancaq bununla belə, heç bir halda Kiyevə gələcək dəstəkdən imtina etməyəcəklər. Bunu Berlində Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald Tusk ilə birgə mətbuat konfransında çıxış edən Almaniya kansleri Olaf Şolts deyib. Liderlər Berlində hələ 1991-ci ildə yaradılmış “Veymar üçbucağı” formatında görüşüblər. Xatırladaq ki, formatın əsas məqsədi sosialist düşərgəni yenicə tərk etmiş Polşanı Avropa İttifaqı və NATO-ya yaxınlaşdırmaqdan ibarət olub.
Kansler Olaf Şolts qeyd edib ki, “üçbucaq”ın iştirakçıları Ukraynanın ən böyük siyasi, hərbi və maliyyə dəstəkçiləri arasındadırlar: “Biz sarsılmaz Ukraynanın tərəfindəyik. Biz bunu əvvəldən açıqladıq və bu, nə qədər lazımdırsa, tətbiq olunacaq”. Sammit ərəfəsində Almaniya kansleri Şolts bildirmişdi ki, tərəflər Kiyevin kifayət qədər sursat, artilleriya və hava hücumundan müdafiə sistemlərinə malik olub-olmaması ilə bağlı praktiki məsələlərin həllinə diqqət yetirəcəklər. Qərb ölkələrində etiraf edirlər ki, Ukraynaya verilən silah-sursat yetərli deyil. ABŞ-da da Kiyevə maliyyə yardımının ayrılması gecikir. Bununla belə, ötən ayın əvvəlində Aİ 2024–2027-ci illərdə Kiyevə 50 milyard avro ayrılmasını təsdiqlədi, ABŞ-da isə məsələ hələ həllini tapmır. Berlin danışıqları ərəfəsində baş nazir Donald Tuskun Polşa Prezidenti Anjey Duda ilə birlikdə ABŞ-da Prezident Co Bayden və Konqres nümayəndələri ilə görüşdükləri vurğulanır. Hər iki polşalı siyasətçi Amerika qanunvericilərindən yardım məsələsində konsensusa gəlməyi və Ağ evin planlaşdırdığı məbləği (60 milyard dollardan çox) Kiyevə ayırmağı xahiş ediblər.
Eyni zamanda, cümə günü sammit başlamazdan əvvəl Avropa mediası Aİ daxilində fikir ayrılıqlarının olduğuna da xüsusi diqqət yetirib. “Veymar Üçbucağı”nın özündə də belə fikir ayrılığnın olduğunu iddia edirlər. Martın 1-də “Bloomberg” xəbər verib ki, Olaf Şolts və Emmanuel Makron bir-biri ilə anlaşa bilmirlər, ədavət təkcə siyasi deyil, həm də şəxsi müstəvidə davam edir. Agentliyin mənbələrinin məlumatına görə, Fransa prezidenti Almaniya kanslerini “zəif iradəli” hesab edir və onun cəsarətinin olmadığını iddia edir. Agentlik, həmçinin bildirir ki, iki lider arasında şəxslərarası ədavət Ukraynaya dəstək perspektivlərinə təsir edə bilər. “Financial Times” də yazıb ki, Paris və Berlin arasında fikir ayrılığı Kiyevə silah tədarükünü maliyyələşdirmək üçün ümumi Aİ fondunun yaradılmasına da mane olur.
Alman müxalifəti də Paris və Berlin arasında uçurumun olduğunu bildirir. Bir gün əvvəl CDU/CSU müxalifət blokunun üzvləri kansler Şoltsu zədələnmiş Almaniya–Fransa münasibətlərini bərpa etməyə çağırıblar. Deputat Armin Laşetin sözlərinə görə, iki ölkə rasında münasibətlər heç vaxt indiki kimi dəhşətli vəziyyətdə olmayıb. Oxşar fikirləri hakim koalisiyaya daxil olan iki siyasi qüvvənin – “Yaşıllar” və “Azad Demokratlar”ın nümayəndələri də səsləndiriblər.
Siyasi müşahidəçilərin sözlərinə görə, fikir ayrılığı Ukrayna məsələsinə yanaşmalarla bağlıdır. Son vaxtlar Avropanın “əsas şahin”inə çevrilən Fransa prezidenti ötən ay Rusiya ilə münasibətlərdə “qırmızı xətlərdən” imtina etməyə çağırır və Ukraynanı qorumaq üçün NATO qoşunlarının münaqişə zonasına göndərilməsini istisna etmir. Almaniya kansleri Olaf Şolts isə Avropanın münaqişədə daha fəal iştirakının Rusiya ilə birbaşa hərbi toqquşma ilə nəticələnəcəyindən ehtiyat edərək, təmkinli yanaşmanın tərəfdarıdır.
Silah tədarükü məsələsində də fikir ayrılıqları var. Fransa prezidenti Almaniya kanslerini “Taurus” uzaqmənzilli raketlərini Kiyevə ötürməkdən imtina etdiyinə görə tənqid edib. Alman lideri, cavab olaraq daim vurğulayıb ki, bu silahların Ukraynaya göndərilməsi münaqişənin daha da kəskinləşməsinə səbəb ola bilər. Ona görə ki, “Taurus” raketlərindən səmərəli istifadə etmək üçün bir növ alman hərbi qulluqçularını cəlb etmək lazımdır. Bununla yanaşı, cənab Şolz Almaniyanın bütün Avropa ölkələri arasında Ukraynaya ən böyük hərbi yardımı artıq göstərdiyini qeyd etməyi də unutmayıb. Almaniya Kiyevin ABŞ-dan sonra ikinci ən böyük dəstəkçisi hesab olunur. Almaniya Ukraynaya hərbi yardımını iki dəfə artırıb və 2024-cü ildə bu məqsədlər üçün 7,5 milyard avro xərcləmək niyyətindədir. Eyni zamanda, Fransa hökuməti Kiyevə 3 milyard avro ayırmağı planlaşdırır.
Ötən həftə E.Makron avropalı siyasətçiləri “qorxaq olmamağa” və “Rusiyanın qalib gəlməsinin qarşısını almaq üçün bütün lazımi vasitələrdən istifadə etməyə” çağırmışdı. “The New York Times” bununla bağlı məqaləsində yazmışdı ki, Berlin bu sözləri təhqir kimi qiymətləndirmişdi. Lakin Berlindəki görüşdən əvvəl və birbaşa danışıqlar zamanı siyasətçilər incikliyi büruzə verməməyə çalışdılar. Sammitdən bir gün əvvəl E.Makron demişdi ki, indi “biz Qərb qoşunlarının Ukraynaya göndərilməsindən danışmırıq”. Onun sözlərinə görə, Fransa “heç vaxt Rusiyaya qarşı hücuma keçməyəcək” və Paris “Moskva ilə müharibə aparmır”. Eyni zamanda, siyasətçi istisna etməyib ki, “vaxt gələcək, biz Rusiya Prezidenti ilə sülh danışıqları aparmalı olacağıq”. Kansler Şolts da, necə deyərlə, borclu qalmayıb. Almaniya lideri prezident Makronla münasibətlərini “çox dostcasına” kimi təsvir edib.
Nəticədə, cümə günü mətbuat konfransında cənab Şolts deyib ki, sammit iştirakçıları “bəzi əsas məqamlarda” razılığa gəliblər. Belə ki, Qərb mətbuatının yazdığına görə, tərəflər bundan sonra Ukrayna üçün daha çox silah almağa qərar veriblər. Eyni zamanda, Almaniya kansleri Aİ-də Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin silah alınması üçün istifadə olunacağını açıqlayıb. Bundan başqa, Almaniya kanslerinin sözlərinə görə, hərbi texnikanın istehsalı, o cümlədən Ukraynadakı tərəfdaşlarla birlikdə genişləndiriləcək. Eyni zamanda, Ramşteyn formatı çərçivəsində Ukraynanı uzaqmənzilli artilleriya ilə təchiz etmək üçün yeni koalisiya yaradılacaq. Nəhayət, cənab Şolts Aİ daxilində Kiyevə dəstəyin gücləndirilməsini” – xüsusən də Ukrayna hərbçilərinin hazırlanması üzrə missiyanın genişləndirilməsini elan edib. Belə razılaşmaların fonunda “Veymar üçbucağı”nın iştirakçıları fikir ayrılıqlarını qeyd etməməyi üstün tutublar.
S.ELAY
XQ