Təsbeh, lampa, bıçaq və kitablar...

post-img

Xalq artisti Ənvər Həsənovun şəxsi kolleksiyası kiçik muzeyi xatırladır

“Yeddi oğul istərəm”də Cəlal, “Dərviş Parisi partladır”da Şahbaz, “Babək”də Tərxan, “Atları yəhərləyin”də Sirac, “Bizim küçənin oğlanları”nda Arif, “Dəli Kür”də Koba, “Torpaq. Dəniz. Od. Səma” da gənc əsgər, “Uşaqlığın son gecəsi”ndə Murad ...

Bunlar Xalq artisti, Prezident təqaüdçüsü Ən­vər Həsənovun aktyor kimi çəkildiyi filmlərin heç də hamısı deyil. O, nə az, nə çox, 38 filmdə çə­kilib, 20-dək filmdə isə rejissor, rejissor kömək­çisi və assistent kimi iştirak edib. Bütün bunlar barədə onun haqqında bu yaxınlarda çap edilən “Ənvər Həsənovun xatirələri” kitabında dolğun məlumatlar var.

Onun yaşadığı Şüvəlandakı mənzilində üz tutanlar aktyorun indiyədək yığıb topladığı şəxsi əşyalar kolleksiyası ilə də üzləşmək mümkündür.

–Lap uşaq yaşlarımdan kolleksiya toplamı­şam. Əvvəllər dəmir pullar, poçt markaları top­layırdım. Sonra lampalara marağım yarandı. Bir dəfə Türkiyəyə çəkilişə getmişdik, orada bir lam­pa ürəyimə yatdı. Alıb gətirdim, sonra birini İran­da bəyəndim, birini Hindistanda... – deyə Ənvər müəllim kolleksiyaya olan marağının yaranma­sından bəhs edir.

Onun “saxlancında” hər zövqdə lampalara rast gəlmək mümkündür. Birləşmiş Ərəb Əmirlik­lərindən dəniz lampası, Almaniyadan əl fənəri və digər ölkələrdən də lampalar alıb. Onların ara­sında hətta tarixi XIX əsrin axırlarına gedib çıxan lampa var. Hər birinin öz özəlliyi olan 47 lampa.... Maraqlıdır ki, hamısı da işlək vəziyyətdədir. Ən kiçiyinin plitəsinin ölçüsü 1-lik, 3-lük, ən böyüyü­nünkü 35-lik olan lampalar... Lampalardan eləsi var, bəlkə heç muzeylərdə də ona rast gəlmək mümkün deyil.

İslam aləmində zikr əşyası sayılan müxtə­lif təsbehlər də Ənvər müəllimin kolleksiyala­rı arasındadır. Müsəlman təsbehləri 11, 33 və 99 muncuqdan ibarət olur və bu say Allahın doxsan doqquz adının rəmzi kimi qəbul edilir. Ümumiyyətlə isə müsəlmanlar arasında iki təs­beh növü yayılıb – biri ənənəvi formaya malik sapa düzülmüş muncuq halqadan, digəri isə yastı düzbucaqlı dənələrdən yığılmış, iki başlıqlı aşırma təsbehlərdən ibarətdir. Şüşə vitrində on­ların hər birindən var, özü də istənilən zövqdə. Ənvər müəllim onlardan ən bahalısını Dubaydan 600 manata alıb, təmiz gümüşdəndir.

“Bu təsbehi gərək həmişə əlində oynadasan, işlətməyəndə dənələri qaralmağa başlayır. Qa­ralanda onu ağartmaq üçün içərisində kola içkisi olan qaba qoyub bir neçə saat saxlamaq lazım­dır”, – deyə gümüş təsbehi parıldatmağın yolunu da söyləyir..

Təsbehlər müxtəlif uzunluqda və müxtəlif çə­kidədir. Uzunluğu bir neçə santimetr olanı da var, metrdən uzun olanı da. Bir neçə qramı olanı da var, çəkisi 4-5 kiloqrama çatanı da... Təsbehlərin eləsi var ki, 7, eləsi var 9, eləsi var 11, eləsi də var ki, 33 daşdan ibarətdir. Onun dediyinə görə, təsbehin ən çoxu 101 daşı olmalıdır. Haradasa 1700-ə yaxın təsbehi olub, bir çoxunu da özü düzəldib. Dənələri firuzədən, yaqutdan, yantar­dan tutmuş plastmasa qədər nədən istəsən, təs­behlər göz oxşayır.

Ənvər müəllimin şəxsi kolleksiyasında olan əşyalar arasında bıçaqlar da maraq doğurur. Sapı, tiyəsi müxtəlif əşyalardan olan 82 bıçaq­dan indi cəmi 20-si qalıb. Eləsi var kiməsə bağış­layıb, eləsi olub pay verib.

Tiyəsi ovxarlı bıçaqlar, xüsusilə qədim və orta əsrləri xatırladan xəncərlər maraq doğurur. Ov­çuluğu çox sevdiyindən kolleksiyasında xeyli ov bıçağı da var.

Xalq artisti deyir: “Babək” filmində Tərxan rolunda oynayarkən kolleksiyamda olan xəncər­dən istifadə olunub. Bundan başqa, “Cavad xan” filminin çəkilişində də bıçaqlar kara gəlib, filmdə Səlimin əlindəki bıçaq mənim kolleksiyamda top­ladıqlarımdandır. Topladığım təsbehlərdən də filmlərin çəkilişində istifadə olunub”.

Aktyorun şəxsi kolleksiyasındakı kitablar da maraq doğurur. O, mütaliənin böyük həvəskarı­dır. Şəxsi kitabxanasına ən müxtəlif yollarla çox­lu kitablar toplayıb. Həmin kitabların, demək olar ki, hamısını oxuyub. Daha çox məşhur, şöhrətli adamların taleyi haqqında oxumağı sevir. Ən çox yadında qalan vaxtilə “Favorit” kitabı olub. Rus kraliçası Yekaterinanın şəxsi həyatından bəhs edən həmin kitabı vaxtilə Sankt-Peterbuqdan alıb. Daha çox dedektiv ədəbiyyatdan bəhs edən kitabları sevir. Şəxsi kitabxanada dünya və rus klassiklərinin əsərləri, kinofilmlər barədə kitablar da çoxdur.

Süleyman QARADAĞLI





Sosial həyat