Laçında Novruz sevinci

post-img

Yenilməz Azərbaycan Ordusu tərəfindən düşmən işğalından azad olunan digər ərazilər kimi, Laçın şəhərində də həyat öz axarına qayıdır. Laçın sakinləri illər sonra Novruzu doğma yurdlarında qarşılayırlar. Baharın gəlişinə ən çox sevinənlər isə Laçının balaca fidanlarıdır.

Hazırda Laçın şəhər məktəbində 100-dən çox şagird təhsil alır. Bu günlərdə Laçın şəhər 2 nömrəli tam orta məktəbdə Novru­zun gəlişi qeyd olunub. Tədbirdə məktəblilər milli geyimlər geyinib, keçəl və kosa obra­zını canlandırıblar. Həmçinin açılan bayram süfrəsi şəkərbura, paxlava, qoğal və digər şirniyyatlarla bəzədilib. Şagirdlər yumurta döyüşdürüb, oyunlar oynayıb, şən musiqi sədaları altında rəqslər ediblər.

Tədbirdə şagirdlərə Novruz bayramı və çərşənbələr haqqında ətraflı məlumat verilib. Təkcə Novruzun deyil, digər çərşənbələrin də adət-ənənələrimizə uyğun olaraq illər öncə Laçında necə keçirildiyi barədə danışılıb.

Məktəbin həyətində tonqal alovlandırılıb, şagirdlər yallı gedib, tonqal üstündən tulla­nıblar.

XQ

Sosial həyat