Bayden qalib gələ bilərmi?

post-img

Uğurlar onun xeyrinə, sorğular isə əleyhinədir

ABŞ-da 5 mart “super çərşənbə axşamı” praymerizlərindən sonra əminliklə demək olar ki, noyabrda keçiriləcək prezident seçkilərində mübarizə iki əsas namizəd – Tramp və Bayden arasında gedəcək. Amma bu mübarizədə kim qalib gələcək, bunu söyləmək elə də asan məsələ deyil. Seçki mücadiləsinin gündən-günə gərginləşəcəyi isə artıq indidən diqqət çəkməkdədir. Çünki namizədlərin söz savaşı artıq bütün sərhədləri aşıb. Məsələn, ABŞ Prezidenti Co Bayden və eks-prezident Donald Tramp Corciya ştatında keçirilən “duel mitinqləri”ndə amerikalılara rəqibin qalib gələcəyi təqdirdə ölkə üçün ağır nəticələrin olacağı ilə bağlı xəbərdarlıq ediblər.

Bayden Trampa işarə edərək deyib: “O, diktator olmaq istədiyini söyləyəndə mən ona inanıram. Bu noyabrda səsver­mə, sözün əsl mənasında, azadlıqlarımız uğrunda səsvermə olacaq."

Təbii ki, Tramp da ona borclu qalma­yıb və Baydeni sərhəd siyasətinə görə kəskin tənqid edib: “Co Baydenin sərhə­dimizdə etdikləri insanlığa, ölkəmizə və xalqa qarşı cinayətdir, bunu ona heç vaxt bağışlamayacaqlar". 

Əlbəttə, indi seçicilərin əsas diqqəti Baydenə yönəlib. Amerika ictimaiyyəti üçün maraqlı olan suallardan biri ondan ibarətdir ki, Bayden prezidentliyinin ilk müddətində Amerika tarixində nə ilə yad­da qaldı və öz ölkəsi üçün nələri etməyi bacardı?

2029-cu ilə qədər Ağ evdə qalmaq niyyətində olan ABŞ-ın hazırkı prezidenti Co Bayden seçicilərə müraciətlə deyir: “Gəlin başladığımız işi bitirək”. Əksər sorğularda reytinqinin rəqibi Trampla müqayisədə nisbətən aşağı olmasına baxmayaraq, Bayden rəsmən heç bir fəaliyyət proqramı irəli sürmədən, ame­rikalıların onun ilk prezidentlik müddə­tinin nəticələrini müsbət qiymətləndirə­cəklərinə arxayınlaşır. Təqribən yarım əsr federal siyasətdə müxtəli vəzifələrdə çalışan Bayden uğurlu 2020-ci il prezi­dentlik kampaniyası zamanı fundamen­tal dəyişikliklərin təşəbbüskarı kimi çıxış etdi. Dörd il əvvəl Trampla müqayisədə o, iki prezidentlik debatı zamanı sakit tərz­də və təmkinli davranışla sosial-iqtisadi strukturun əhəmiyyətli dərəcədə yenidən qurulması üçün konkret planlar təklif etdi. 

Baydenin proqramının əksər hissəsi artıq praktikada tətbiq edilir. Bu, dövlə­tin rolunun artması və 1980-ci illərdən bəri üstünlük təşkil edən Vaşinqton kon­sensusundan (bu termin geniş mənada bazar qüvvələrinin rolunun gücləndiril­məsinə və dövlət sektorunun rolunun azaldılmasına yönəlmiş bir sıra tədbirləri təsvir etmək üçün geniş istifadə olunur) əhəmiyyətli dərəcədə uzaqlaşma ilə xa­rakterizə olunur. Transformasiya xarakte­ri daşıyan dəyişikliklər Baydenin ilk müd­dətinin nəticəsidir. Tramp “Obamacare”i ləğv etməkdən tutmuş emmiqrasiya sis­temində meritokratiyaya doğru islahatla­ra qədər respublikaçıların şəxsi və milli təşəbbüslərinin əksəriyyətini Konqresdən keçirə bilmədi. Bunun əksinə olaraq, 2021–2022-ci illərdə Senatda kiçicik səs çoxluğuna malik olan və 2023-cü ildə Nü­mayəndələr Palatasındakı çoxluğu itirən hazırkı prezident ABŞ tarixində Obama­dan daha əhəmiyyətli, genişmiqyaslı qa­nunvericilik izi qoymağı bacardı. Nahaq deyil ki, bəzi ABŞ tarixçiləri Baydenin prezidentliyini Lindon Consonun və hətta Franklin Ruzveltin transformasiyalı admi­nistrasiyası ilə müqayisə edirlər.

Amerika iqtisadiyyatına yönəldilən əlavə dövlət vəsaitlərinin 4,5 trilyon dol­lardan çoxu, Baydenin Konqres tərəfin­dən təsdiqlənmiş təşəbbüslərinin ümumi dəyəridir. Onların arasında pandemiya zamanı vətəndaşlara və təşkilatlara ve­rilən subsidiyalar; yolların, körpülərin, hava limanlarının təmiri və tikintisinə, təmiz suya və yüksəksürətli internetə çıxış problemlərinin həllinə yönəlmiş ge­nişmiqyaslı infrastruktur paketi ikitərəfli səs çoxluğu ilə qəbul edilmişdir; zəhərli tullantılardan zərər çəkmiş veteranların sağlamlığının qorunmasının gücləndiril­məsi; Amerika tarixində ali təhsil borcu­nun qismən, lakin görünməmiş şəkildə ləğvi; yarımkeçiricilər sənayesinin stimul­laşdırılması və s. məsələlər də bu qəbil­dəndir.

Ekspertlər qeyd edirlər ki, yalnız pre­zidentlik üçün deyil, Konqresin hər iki pa­latası üçün son dərəcə maraqlı olacağı vəd edilən federal seçkinin nəticəsi nə olursa-olsun, Baydenin artıq gördüyü iş­lərin çoxunu demokratlar Konqresə tam nəzarəti bərpa etdikdə və prezidentliyi qoruyub saxladıqda davam etdirmək və genişləndirmək asan olacaq. Elə gələcək respublikaçı lider və Konqres üçün də bunları ləğv etmək elə də asan olmaya­caq. 

Ona görə də politoloqlar Baydenin ikinci gəlişinin də, birincisi kimi, qanun­vericilik təşəbbüsləri ilə zəngin olacağını vəd edirlər. Onun ikinci müddətinin sse­narisini və Konqresin hər iki palatasında demokrat əksəriyyətin bərpasını nəzərə alsaq, həm artıq görülən işlərin geniş­ləndirilməsini, həm də birinci mərhələ­də mümkün olmayanın qanuni tətbiqini proqnozlaşdırmaq olar. Siyahıya zəngin­lər və korporasiyalar üçün artan vergilər; vergi kreditlərinin və uşaq müavinətləri­nin genişləndirilməsi; abort hüququnun qanunvericilik təminatı və silah əldə et­mək hüquqlarına əlavə məhdudiyyətlər; yeni iqlim və ekoloji təşəbbüslər daxildir.

Rəsmi platforma elan etməsə də, Bayden artıq bunların anonsunu verib. Belə ki, ABŞ prezidenti 2025-ci maliyyə ili üçün 7,3 trilyon dollarlıq büdcə təkli­fini Konqresə təqdim edib. Ağ evin dərc olunan memorandumunun mətnində iri transmilli korporasiyalar və yüksək gəlir qrupları üçün vergi artımı, həmçinin so­sial xərclərin artırılması və ailələrin xərc­lərinin azaldılması üçün yeni tədbirlər nəzərdə tutulur. Layihə Ağ evin 2023-cü ildə Konqresə təqdim etdiyi təklifi qismən əks etdirir, lakin əlavə olaraq sərhəd təh­lükəsizliyini gücləndirmək, Ukrayna və İsrailə hərbi yardımı maliyyələşdirmək üçün 100 milyard dollar ayrılmasına ça­ğırış edilir. 

Baydenin istəkləri, xüsusən də ver­gilərin və dövlət xərclərinin artırılmasına yönəlmiş tələbləri, yəqin ki, Nümayən­dələr Palatasına nəzarət edən və tarixən bu cür tədbirlərə qarşı çıxan respublika­çılar tərəfindən bloklanacaq. Keçən həftə respublikaçılar Ağ evin irəli sürdüyündən demək olar ki, tamamilə fərqli prioritetləri əks etdirən büdcə qanun layihəsini təq­dim ediblər.

Analitiklərin fikirlərinə görə, bu sənəddə belə məsələlər Bayden admi­nistrasiyasının noyabr seçkiləri öncəsi siyasətinə güclü təkan verəcək. Sənədlə bağlı bəyanatda deyilir: “Prezident və­zifəyə başlayandan bəri ölkənin çağırış­ları ilə üzləşib və konkret nəticələr əldə edib: son üç il ərzində biz vətəndaşlar üçün tərəqqiyə səbəb olan görünməmiş iqtisadi bərpanın şahidi olmuşuq". 

İndi məhz ABŞ iqtisadiyyatının uğur­lu göstəriciləri Baydenin seçki kampani­yasının əsas sütunu sayılır. Bu dövrdə ölkədə təxminən 15 milyon yeni iş yeri yaradılıb və işsizlik səviyyəsi 4 faizlik ta­rixi həddən aşağı düşüb. 

Vətəndaşların və uşaqların qayğısı­na yenilənmiş diqqət və dörd yaşınadək uşaqlar üçün bağçanın pulsuz təmin edil­məsi təklifinə əlavə olaraq, Ağ ev iri trans­milli korporasiyalar və ən varlı vətəndaş­lar üçün ümumi verginin on il müddətində beş trilyon dollar artırılmasını tələb edir. Ağ evin büdcə ofisinin direktoru Şalanda jurnalistlərə açıqlamasında deyib: “Biz əhalinin 1-2 faizini təşkil edən ən varlı­lardan sistem üçün daha çox işlər gör­mələrini xahiş etməklə investisiya yatıra bilərik". Ağ evin təklif etdyi büdcə layihə­silə həm də Baydeni, administrasiyanın dəfələrlə böyük korporasiyaların tərəfda­rı kimi təsvir etdiyi sələfi və əsas rəqibi Trampdan fərqləndirmək məramı daşıyır. Ağ evin büdcə təklifi həmçinin növbəti on il ərzində kəsiri azaltmaq üçün 3 tril­yon dollarlıq yeni tədbirləri əhatə edir. İri transmilli korporasiyalara yönəlmiş təd­birlər arasında vergitutmanın 21 faizdən 28 faizə qaldırılması, bu kateqoriyaya aid olan hüquqi şəxslər üçün minimum ver­ginin tətbiqi, səhmlərin geri alınmasına görə vergilərin artırılması da var.

Bu göstəricilərlə tanışlıqdan belə nə­ticəyə gəlmək olar ki, Baydenin Trampla siyasi mübarizədə qalib olmağa və seç­kini udmağa şansı daha çoxdur. Amma bütün bunlara baxmayaraq, ən son rəy sorğuları belə Baydenin xeyrinə deyil. Məsələn, “Ipsos” institutunun keçirdi­yi rəy sorğularının nəticələrinə əsasən, ABŞ seçicilərinin 36 faizi keçmiş prezi­dent Trampın ölkəni hazırkı prezident, rəyi soruşulanların 33 faizinin səs verdiyi Baydendən daha yaxşı idarə edə biləcə­yinə inanır. Lakin respondentlərin 30 faizi onların heç birinə etibar etmir. 

Sorğuya görə, respublikaçıların Trampa inamı 82 faiz təşkil edirsə, de­mokratların Baydenə inamı 72 faizdir. Müstəqil respondentlər arasında 32 faiz Baydenə, 31 faiz isə Trampa güvəndiyini bildirib. Nəhayət, rəyi soruşulanların 37 faizinin gələn ilin noyabrında keçiriləcək prezident seçkilərində ehtimal olunan namizədlərdən heç birinə etibar etmədiyi məlum olub. Respondentlər iqtisadiyyat (49-37 faiz), inflyasiya ilə mübarizə (45-31 faiz), cinayətkarlıqla mübarizə (41-35 faiz) və sərhədlərin qorunması (45-29 faiz) məsələlərində Trampı Baydendən daha müsbət qiymətləndirməkdə davam edirlər. Qəzza zolağında münaqişənin həllinə gəlincə, hazırkı prezidentə dəstək əvvəlki sorğu ilə müqayisədə kəskin aza­laraq 41 faizdən 30 faizə enib. 

Sorğudan da görünür ki, Bayden li­deri olduğu Demokratlar Partiyasında da tədricən nüfuzunu itirir. ABŞ Konqresində “həvəslə və ucadan” söylədiyi nitq Bay­denin tərəfdarlarına onun hələ də ikinci müddətə yenidən prezident seçilə biləcə­yinə müəyyən ümid verdi. Lakin uğursuz emmiqrasiya siyasəti və amerikalıların üzləşdiyi iqtisadi çətinliklər fonunda Bay­denin populyarlığının aşağı olmasını nəzərə alsaq, belə bir ssenari çox çətin görünür.

Köşə yazarının fikrincə, Demokratlar Partiyası üçün “ən yaxşı seçim” hazır­kı prezidentin yarışdan çıxması olardı. Üstəlik, belə bir gözlənilməz addım, Baydenin məğlub edilə biləcək namizəd olduğuna əmin olan Trampın seçki qə­rargahının rəsmiləri üçün "ən pis kabus" olardı.

Amma Baydenin revanşı dayandıra­cağına dair heç bir əlamət yoxdur. Ək­sinə, “Ölkədə vəziyyət haqqında” Konq­resə müraciəti ona indiki kursunu davam etdirmək üçün böyük inam verib. 

Sağlamlıq isə deyəsən, həqiqətən, yerində deyil. Konqres qarşısında çıxı­şı zamanı Baydenin koqnitiv imkanları­nın geriləməsini ört-basdır etmək üçün hazırlanmış stimuliantlardan istifadə əlamətləri özünü göstərirdi”. Bu fikri “The Washington Times” qəzetinə müsahibə­sində demensiyadan əziyyət çəkən yaşlı xəstələrlə işləyən kaliforniyalı psixiatr Ke­rol Liberman açıqlayıb.

Ekspert qeyd edib ki, Amerika pre­zidenti adətən “yavaş danışır və bəzən nitqində sapınmalar olur. Lakin o, qanun­vericilər qarşısında danışarkən, amfe­tamin qəbul edən birinin tipik əlamətləri olan çılğın və qəzəbli, həm də ucadan danışdı. Koqnitiv geriləmələri aradan qaldırmaq üçün olan pereparatlardan potensial istifadə təkcə danışıq tərzi ilə deyil, həm də Ağ ev rəhbərinin davra­nışı ilə sübuta yetirilir. Məsələn, o, nitqi zamanı əllərini tez-tez hərəkət etdirir və müxtəlif jestlərə yol verirdi, baxmayaraq ki, telesuflyordan mətn oxuyarkən əllərini adətən tribunanın üzərinə qoyur. 

Bayden haqqında belə fikirləri təkcə həkimlər söyləmir. “Maraqlıdır ki, əvvəlki prezidentlik yürüşündə Tramp Baydeni əqli qabiliyyətlərini gücləndirmək üçün narkotikdən istifadə etməkdə ittiham edir­di. Üstəlik, indi respublikaçı lider debat­dan əvvəl rəqibindən narkotik testindən keçməyi tələb edib”, – deyə “The Was­hington Times” xatırladır.

İlqar RÜSTƏMOV
XQ

Dünya