Dünən Azərbaycan Milli İncəsənət Muzeyi və Üzeyr Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə görkəmli ədib, alim, pedaqoq, professor Mir Cəlal Paşayevin dahi şairimiz Məhəmməd Füzulinin yaradıcılığına həsr olunmuş “Füzuli sənətkarlığı” kitabının təqdimatı keçirildi.
Musiqi Akademiyasının dillər və ədəbiyyat kafedrasının müdiri, professor Tərlan Quliyev mərasimi giriş sözü ilə açaraq professor Mir Cəlal Paşayevin böyük klassikin irsini dərindən öyrənənlər üçün “Füzuli sənətkarlığı”nın zəngin bir qaynaq olduğunu, bu kitabla ölkəmizdə füzulişünaslığın əsasının qoyulduğunu bildirdi. Əsərin dünən olduğu kimi, bu gün və sabah da füzulişünaslığın guşə daşı olduğunu qeyd edən natiq təqdimat və müzakirənin Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar keçirildiyini vurğuladı.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova Mir Cəlal Paşayevin bu əsərlə Füzuli yaradıcılığına yüksək fəlsəfi-estetik meyarlarla yanaşdığını bildirdi. O, toplantının Səttar Bəhlulzadə salonunda keçirilməsinin təsadüfi olmadığını qeyd edərək dedi ki, onun yaradıcılığına xalçaçılıq və miniatür sənətləri ilə yanaşı, Füzuli poeziyasının da təsirini dönə-dönə söyləmişdi.
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov mükəmməl təqdim edilən əsərin akademik səciyyəli nəsr olduğunu bildirdi.
Milli Məclisin deputatı Ceyhun Məmmədov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti Yeganə Axundova və musiqi tarixi kafedrasının professoru Zümrüd Dadaşzadə “Füzuli sənətkarlığı” kitabının yenidən nəşr olunaraq təqdimatının keçirilməsinin ədəbi hadisə olduğunu qeyd etdilər. Mərasimin davamında Azərbaycan Dövlət Xor Kapellası, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri, tarzən Valeh Rəhimov və kamança ifaçısı, Əməkdar artist Toğrul Əsədullayev muğam ustaları Əməkdar incəsənət xadimi Hacı Aqil Məlikov və Hüseyn Məlikov Füzuli poeziyasından qaynaqlanan muğam və mahnılarla iştirakçılara sənət zövqü bəxş etdilər.
Fuad CƏFƏRLİ
XQ