Tramp–Bayden: Matç-revanş başlayır

post-img

2024-cü ildə Ağ Ev uğrunda ən mühüm mübarizə mərhələsi – 5 mart “super çərşənbə axşamı” artıq başa çatıb. Məhz bu gün Ağ ev uğrunda marafonda iki əsas namizədin - demokratları təmsil edən Co Bayde­nin və respublikaçıların əsas namizədi Donald Trampın hazırkı mövqeyi barədə aydın təsəvvür formalaşdıra­caqdı. 

Elə belə də oldu. “Super çərşənbə axşamı”nın ilkin nəticələri elan olu­nandan dərhal sonra bəlli oldu ki, 2024-cü il seçkiləri, Tram­pın dörd il əvvəlki məğlubiyyətindən sonra baş tutacaq matç-revanşı olacaq. Çünki bu praymeriz­lərin nəticələrinə əsasən, Ağ Evin başçısı Bayden və eks-prezident Tramp, hələ de-yure olmasa da, de-fakto öz partiyalarının əsas namizəd nominasi­yasına layiq görüldülər.

Martın 5-də keçirilən praymerizlərin nəti­cələrini şərh etməzdən əvvəl, “super çərşənbə axşamı”nın nəyə görə ABŞ-da seçki yarışının əsas mərhələsinə çevrildiyinə aydınlıq gətirək. 

“Super çərşənbə axşamı”, fevralın sonu və ya martın əvvəlində çoxlu sayda ştatın eyni vaxtda praymeriz və kokusların keçirildiyi bir gündür. Bu fenomen 1980-ci illərdə ortaya çıxıb. O zaman bir neçə kiçik ştat prezident seçkisi yürüşünün gedişinə təsirlərini artırmaq üçün eyni gündə praymeriz keçirmək qərarına gəlib. Elə həmin vaxtdan da belə tədbirlər pre­zident seçkiləri ilində müntəzəm olaraq keçi­rilməyə başlayıb.

Bu gün “super çərşənbə axşamı” il­kin seçki kampaniyasının təşkilinin mü­hüm formalarından birinə çevrilib. Partiya nümayəndələrinin təxminən üçdə biri məhz bu gün seçilir. Prezidentliyə namizəd­lər üçün bu gün qələbə qazanmaq seçkilərin əsas mərhələsinə keçmək ehtimalının yüksək olması hesab edilir.

Bütün nümayəndə səslərinin, təxminən, üçdə biri “super çərşənbə axşamı” günü bölüş­dürülür: Respublikaçılar üçün 865, Demokrat­lar üçün, ən azı, 1420.

2024-cü ildə “super çərşənbə axşamı” 16 ştatda və 1 ərazidə keçirilib: Arkanzas, Alaba­ma, Kaliforniya, Kolorado, Massaçusets, Min­nesota, Şimali Karolina, Oklahoma, Tennessi, Texas, Yuta, Vermont, Virciniya, həmçinin Alyaska və Men. Nümayəndələrin seçiminə Amerika Samoası da qoşulacaq. Bu, konsti­tusiyaya görə, ABŞ-a inteqrasiya olunmayan ərazidir, ona görə də onun sakinləri prezident seçkilərində səs verə bilməzlər, lakin parti­ya namizədlərinin seçimində iştirak etmək hüququna malikdirlər.

Nəticələr artıq bəllidir: ABŞ-ın 16 ştatında və bir adada Demokratlar və Respublikaçılar partiyalarının martın 5-də “super çərşənbə axşamı” keçirilən praymeriz və kokuslarında Amerikanın indiki Prezidenti Co Bayden və Ağ evin keçmiş rəhbəri Donald Tramp, demək olar ki, bütün səsvermələrdə qələbə qazanıb­lar. 

Bayden, əslində, “super çərşənbə axşamı” namizədliyi üçün lazım olan səsləri almaya da bilərdi. Çünki bu gün onun partiyası daxi­lində prezidentdən narazılığın nə qədər güclü olduğunu göstərməli idi. Yeddi ştatın “hamı­ya yox” demək ehtimalları var idi. Fəallar seçiciləri məhz prezidentin İsrailin Fələstinin “HƏMAS” hərəkatı ilə müharibəsi ilə bağlı mövqeyinə etiraz etmək üçün bu xüsusi vari­antı seçməyə çağırırdılar. Amma bu çağırışlar nədənsə Şimali Karolinada keçirilən prayme­rizlərdə olduğu kimi özünü doğrultmadı. 

“Associated Press” agentliyi bildirib ki, ikinci müddətə prezidentliyə namizəd olan Bayden, Amerika Samoası ada ərazisi istisna olmaqla, “super çərşənbə axşamı” keçirilən praymerizlərdə hər ştatda 70–90 faiz səslə qalib gəlib. Samoa adasında isə Ağ evin ha­zırkı sahibi elə də çox tanınmayan demokrat namizəd, sahibkar Ceyson Palmerə uduzub. Birləşmiş Ştatların bu ərazisində Bayden 40, Palmer isə 51 səs qazanıb. 

ABŞ-ın hazırkı prezidentinin 52 yaşlı opponenti Baltimordan olan bir investordur. “Daily Mail” nəşri onun seçki qərargahının məlumatına istinadən bildirir ki, Palmer son vaxtlar adada yaşayıb. Əvvəllər o, “Micro­soft”, “Kaplan Education”, Bill və Melinda Qeyts Fondunda çalışıb və Harvard biznes məktəbini bitirib. 

Martın 5-də bütün nəzərlər müəmmalı qa­lan yeganə ştat Şimali Karolinaya dikilmişdi. Çünki 2020-ci ildə Tramp orada Baydeni bir faizdən bir qədər çox qabaqlamışdı. Amma “NBC News” xəbər verir ki, Prezident Bay­den Vircinya, Şimali Karolina və Vermontda daha tez qələbə qazanaraq rəqiblərini geridə buraxıb. O, həmçinin Demokratlar Partiyası­nın Kolorada ştatındakı praymerizində də nü­mayəndələrin 54 səsini alaraq qalib gəlib. 

Tramp isə Kaliforniya və Texas da daxil olmaqla 13 ştatda keçirilən partiyadaxili seç­kilərdə qalib gələrək, rəqibi Heylini məğlub edib. Bu, gözlənilən idi, çünki bu ərəfədə keçirilən sorğularda Tramp 77,5 faiz səslə 15,7 faiz səs toplayan Nikki Heyli əminliklə üstələyirdi. ABŞ-ın BMT-dəki keçmiş səfiri­nin yalnız Vermontda qələbə qazana bilməsi təsadüfi deyildi və onu göstərirdi ki, onun artıq prezidentliyə namizəd olmaq üçün heç bir real şansı yoxdur. Vermontda isə cəmi 17 nümayəndənin səsi uğrunda mübarizə gedirdi və bu da çox kiçik bir rəqəm idi.

Buna qədər yalnız Vaşinqton ştatında ke­çirilən praymerizdə qələbə qazanan Heylinin seçki kompaniyasını səxavətlə və fəal şəkil­də maliyyələşdirən sponsorlar da bunu yaxşı dərk edirdilər. Onlar yavaş-yavaş öz dəstəklə­rini məhdudlaşdırırdılar. Çünki Heylinin artıq qələbəyə aparan elə bir planı yoxdur. “Super çərşənbə axşamı” Heylinin rəqibi Trampın ümummilli seçkilər ərəfəsində liderliyini möhkəmləndirməsinə və ya onun potensi­al zəifliklərini üzə çıxarmasına mane olmaq üçün son şans idi.

Eks-prezident Tramp 5 martda Respubli­kaçılar Partiyasının Texasdakı praymerizində qalib gələrək üstünlüyünü daha da möhkəm­ləndirdi. Trampın “yaqut-qırmızı” Texasda qələbəsi ona mühafizəkar cənub ştatlarında möhkəm dayaq verir. Burada onun kampani­yada qalib gələcəyi gözlənilir. Ağ evin keçmiş sahibi çıxışlarının çox hissəsini immiqrasiya­ya yönəldir və ABŞ-ın cənub sərhədində miq­rantların artmasına görə Prezident Baydeni günahlandırdı. Əlbəttə, bu məzmunda mesaj­ların ənənəvi mühafizəkar texaslılarda dəstək­lənəcəyi şübhəsizdir, – deyə “The Hill” nəşri xəbər verir.

Tramp “super çərşənbə axşamı” prayme­rizlərinin əksəriyyətində üstünlüyü ələ alaraq, prezidentliyə namizədliyi üçün respublika­çılardan yüzlərlə əlavə nümayəndənin səsini qazandı. Heyli bu ştatların heç birində ona yaxınlaşa bilmədi. 

“Super çərşənbə axşamı” səsvermənin başqa bir xüsusiyyəti ondan ibarətdir ki, bir neçə ştatda, partiya mənsubiyyətindən asılı olmayaraq bütün seçicilər praymerizdə iş­tirak edə bilərdi. Onlardan biri respublikaçı seçicilərinin nisbətən mötədil imici olan Vir­ciniyadır. Burada Heyli qalib gəlmək üçün ən yaxşı şansa sahib idi. Lakin bu da alınmadı.

Mühafizəkar yönlü “Fox News” Trampın son qələbəsini ABŞ tarixində siyasətçi üçün "ən böyük tarixi dönüş" adlandırıb. Ötən sayı­mızda bildirdiyimiz kimi, bir gün əvvəl ABŞ Ali Məhkəməsin Trampın seçki bülletenindən kənarlaşdırıla biləcəyi ilə bağlı Kolorado Ali Məhkəməsinin arqumentlərini rədd etmişdi və bu da “super çərşənbə axşamı” qələbəsi ilə birlikdə eks-prezidentə 2024-cü il prezident seçkilərində matç-revanşa real şans verirdi. Bundan əlavə, məhkəmə Trampın vəzifədə olarkən mütləq prezident toxunulmazlığının olub-olmaması ilə bağlı müraciətini də qəbul edib. Bu, onun 2021-ci il 6 yanvar Vaşinq­ton hadisələri – Kapitoliya binasına hücumu ilə bağlı işinə baxılmasını, ən azı, yaya qədər təxirə saldı və Trampın komandasına diqqəti seçkilərə yönəltmək imkanı verdi.

“Super çərşənbə axşamı” keçirilən pray­merizlərdəki qələbədən sonra namizəd ola­cağına şübhə yeri qalmayan Tramp günün hadisələrini şərh edərək, martın 5-i gününü “möhtəşəm axşam” adlandırıb. 

“Fox News”un məlumatına əsasən, Flo­ridadakı Mar-a-Laqo mülkündə tərəfdarları qarşısında danışan Tramp deyib: “Onlar bu günü təsadüfən “super çərşənbə axşamı” ad­landırmırlar...Heç vaxt bu qədər inandırıcı bir şey olmayıb. Bu, heyrətamiz bir gecə idi, hey­rətamiz bir gün idi...” 

Tramp Baydenin immiqrasiya siyasətini sərt tənqid edərək onu tarixin “ən pis prezi­dent”i adlandırıb. O, deyib: “Şəhərlərimiz Baydenə görə ABŞ-a axışıb gələn miqrant­ların cinayətləri ilə doludur. Bu cinayətlərin tamamilə yeni bir kateqoriyasıdır. Dünya bizə gülür. Dünya bizdən sui-istifadə edir”.

Tramp öz prezidentliyi dövründə ABŞ-ın dünyanın ən hörmətli ölkəsi olduğunu vurğu­layaraq deyib ki, indi dünya Vaşinqtona hör­mət etmir və ölkəni gülüş obyektinə çevirir. Tramp çıxışında iqtisadiyyat problemlərinə də toxunub, Baydeni xarici siyasətdəki uğursuz­luqlarına görə qınayıb, lakin bir dəfə də olsun rəqibinin adını çəkməyib.

Bayden də, öz növbəsində, Trampı yeni­dən Amerika demokratiyası üçün təhlükə ad­landırıb. "Bugünkü nəticələr Amerika xalqını aydın seçim qarşısında qoyur: Biz irəliləməyə davam edəcəyik, yoxsa Trampın bizi xaosa, parçalanmaya və qaranlığa sürükləməsinə icazə verəcəyik?" – deyə Bayden tərəfdarları­na müraciət edib.

Bayden və Tramp yaxşı bilirlər ki, onların namizədliyi artıq müəyyən edilib. Bunun nəti­cəsidir ki, son günlər onlar bir-birinə qarşı sərt mübarizəyə kökləniblər. Elə hər iki siyasətçi­nin ötən cümə axşamı Meksika ilə sərhəddə eyni vaxtda peyda olması da təsadüfi deyildi.

Məsələ burasındadır ki, “super çərşənbə axşamına” qədər seçicilərin, təxminən, üçdə biri qeyri-qanuni immiqrasiya problemini ölkənin əsas problemi adlandırmışdı. Prezi­dentin yaşı ilə bağlı məsələnin də yer aldığı idarəetmə böhranı ikinci yerdə idi. Üçüncü problem iqtisadiyyat, dördüncü çağırış inflya­siya idi. Bu mövzuların əksəriyyətində ameri­kalılar Trampa daha çox inanırlar.

“Fox News”un keçirdiyi sorğuya əsasən, respondentlərin 71faizi Baydenin immiqrasiya siyasətində uğursuzluğa düçar olduğuna əmin­dir. 61 faizi isə iqtisadi siyasətdən narazıdır. Bəlkə elə bu səbəbdəndir ki, 4 il əvvəl Bay­denə səs verən seçicilərin, təxminən, 10 faizi bu dəfə Trampı dəstəkləyəcəklərini bildirib. 

P.S. Axşama yaxın bəlli oldu ki, “super çərşənbə axşamı”ndan sonra Tramp buna qə­dər topladığı 276 nümayəndənin səsinə daha 781 səs əlavə edərək, namizədliyinin təsdiq olunması üçün tələb olunan 1215 səsdən 1057 səsə sahib olub. 

5 marta qədər partiya nümayəndələrinin 206 səsini toplayan Prezident Bayden isə martın 5-də 1358 səs toplayaraq ümumi səs­lərin sayını 1564-ə çatdırıb. Bundan sonra qa­lan praymerizlərdə eks-prezidentə daha 158, Baydenə isə namizədliyini təsdiqləmək üçün daha 404 partiya nümayəndəsinin səsi lazım olacaq. 

Beləliklə, Tramp–Bayden qarşılaşmasının matç-revanşı başlayır. Bu dəfə kim qalib gələ­cək, onu noyabrda görəcəyik! 

İlqar RÜSTƏMOV
XQ

Dünya