Toplum TV-nin ofisində axtarış-əməliyyat tədbirlərinin həyata keçirilməsi Qərb institutlarının Azərbaycan qanunlarına zidd şəkildə medianı, jurnalistləri və ayrı-ayrı şəxsləri maliyyələşdirməsinə dair ciddi dəlillərin müəyyən edilməsi ilə bağlıdır.
Trend xəbər verir ki, bundan əvvəl Abzas Media ilə əlaqədar analoji tədbirlər həyata keçirilib və məlum istiqamət üzrə aparılan istintaq tədbirləri zamanı çoxsaylı qanun pozuntuları müəyyən edilib. Faktlar geniş şəbəkə yaradılmaqla qanunsuz maliyyə maxinasiyalarının həyata keçirildiyinə və çirkli pulların yuyulduğuna dəlalət edir.
Maliyyə Qərb institutları tərəfindən Gürcüstan vasitəsilə həmin şəbəkəyə ötürülüb, Şərqdə terror təşkilatlarının da istifadə etdiyi həvalə mexanizmi, adsız kartlardan geniş istifadə olunub. Məlum hal Qərbin müəyyən dairələrinin öz fəaliyyətini səngitmədiyini, Azərbaycanda qarışıqlıq yaratmaq üçün bütün mümkün vasitələrdən istifadə etdiklərini göstərir.
Baş verənlər fonunda Azərbaycana qarşı xarici mediada qarayaxma kampaniyası davam etdirilir, gündəlik qaydada onlarla əsassız ittihamlarla dolu materiallar verilir.
Maraqlıdır ki, Azərbaycana qarşı təşkil olunan kampaniyaların arxasında xarici agent statusundan geniş yararlanmaqla, xarici dəstək almaqda və ya xarici təsir altında olmaqda şüb-həli bilinən şəxslərə qarşı tədbir görən ABŞ dayanır. Öz daxilində hər hansı xarici təsiri qadağa edən, buna görə vətəndaşlarını məsuliyyətə cəlb edən ABŞ digər ölkələrdə, o cümlədən də Azərbaycanda bu işləri böyük həvəslə həyata keçirir.