Parisin Cənubi Qafqaz avantürası və Dekotininin “Tanqo məntiqi”

post-img

Fransanın Ermənistandakı səfiri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alır

Fransanın Ermənistandakı səfiri Olivye De­kotini “Armenpress”ə müsahibəsində təmsil etdiyi ölkənin Ermənistanla işbirliyi baxımından bir sıra məqamları açıqlayıb. Yazımızda həmin məqamlardan söz açacaq, mövcud xüsusda səfirin timsalında Fransanın Azərbaycan – Er­mənistan münasibətlərinin hazırkı durumuna yanaşmasındakı bəzi xarakterik cəhətlərin üzə­rində dayanacağıq. 

Səfir Dekotini, ilk növbədə, Fransanın timsa­lında Avropa İttifaqının Rusiyanı Cənubi Qafqaz­dan sıxışdırmaq üçün hərəkətə keçməsinə dair fikirlərlə bağlı mövqeyini açıqlayıb. Nəzərə alaq ki, o, baxışlarını Bakının Parisi Ermənistanın si­lahlandırılmasında, Cənubi Qafqaz regionunda gərginlik yaratmaqda günahlandırması konteks­tində ifadə edib.

Sən demə, Parisdə Cənubi Qafqaz müstəvi­sində təsir dairəsi formalaşdırmağı yox, dövlətlə­rin suverenliklərini və ərazi bütövlüklərini müdafiə hüququnu düşünürmüşlər. Hər halda, səfirin dedi­yi budur. Əlbəttə, onun belə yanaşması ağ yalan­dır. Sual olunur: Fransa bütün dövlətlərinmi ərazi bütövlüyü və suverenliyi məsələsinə həssasmı yanaşır? Əlbəttə, yox! 

Ermənilərin tarixən Fransa ilə sıx əlaqələrinin mövcudluğu faktoru önəmlidir. Cənab Dekotini bir balaca səmimi davransaydı, məhz bu amili qabar­dardı. Əlbəttə, Fransa kimi qeyri-səmimi, haqsız və ədalətsiz mövqeyi ilə seçilən ölkənin ali diplo­matik təmsilçisindən səmimiyyət gözləmək sadə­lövhlük olardı. Çünki bu adamın təməl prinsiplərlə manipulyasiya etdiyi aşkardır. 

Məsələn, Dekotini bildirir ki, BMT Nizam­naməsinə görə, qurumun bütün üzvləri bir-biri­nin ərazi bütövlüklərini və suverenliklərini tanı­malı, dəstəkləməlidirlər və bu, ortaq öhdəlikdir. Görəsən, Azərbaycanın torpaqları otuz ilə yaxın işğalda qalanda, Fransa BMT-nin Nizamnaməsini düşünürdümü? Xeyr! Hətta, Paris qurumun Təh­lükəsizlik Şurasının işğala son qoyulmasına dair çağırışının əksini tapdığı dörd qətnaməni də heçə sayırdı. İndi, Fransa, guya, ali dəyərləri qoruyur­muş. Dekotini dedi, biz inandıq...

Əlbəttə, məlumdur ki, Fransanın məqsədi kollektiv Qərbin Cənubi Qafqa­za yiyələnməsində fəal rol oynamaqdır. Prezident Emmanuel Makronun yarıtmaz siyasəti səbəbindən dünyada nüfuzunu itirmiş ölkə hər vəchlə çalışır ki, daxildəki narazılığı xaricdəki uğurla sığortalasın. Buna Makronun beynəlxalq ictimaiyyə­tin gözündə reabilitasiya olunmaq istəyi də demək mümkündür. Ona görə Paris İrəvanı alətə çevirir və Cənubi Qafqaz­da Rusiyaya qarşı üstünlük əldə etmək niyyəti güdür. Əlbəttə, Fransanın özü­nü Avropa İttifaqının strateji maraq və mənafelərini yerinə yetirən qüvvə kimi göstərdiyi də diqqətdən yayınmır. 

***

Dekotini bildirir ki, Ermənistanın əra­zi bütövlüyü məsələsindən nigaranlıq keçirən ölkə tək Fransa deyil. Səfir bu baxımdan İranın adını çəkir. Onun söz­lərinə görə, son bir neçə ildə Tehran dəfələrlə mövcud istiqamətdəki narahat­lığını ifadə edib. “İranla bir çox məsələlər­də fikir ayrılığımız var, lakin bu, yekdil olduğumuz bir məsələdir”, – deyən Deko­tini, çox güman ki, İslam respublikasına jest etdiyini düşünür. Görəsən, Fransanın və İranın mövqeləri üst-üstə düşürmü və yaxud nə dərəcədə üst-üstə düşür? Axı, ümumən, məsələnin bu tərzdə qoyuluşu yanlışdır. 

Qeyd etdiyimiz kimi, Ermənistanın ərazi bütövlüyü və suverenliyi ritorika­sı manipulyasiyadır. Məqsəd Rusiyanın Cənubi Qafqazla bağlı maraqlarını heçə saymaq, ölkənin regiondakı təsirini mini­mallaşdırmaqdır. Fransa Qərb dünyası­nın mövcud xüsusdakı siyasi dəst-xət­tini gerçəkləşdirən tərəf qismində çıxış edir. O zaman sual olunur: İran Cənubi Qafqaz platformasında Rusiyaya qarşı çıxmaq istəyərmi? Ümumən, Tehran Cə­nubi Qafqazda, eləcə də digər bölgələr­də Moskvanın təsir gücünü itirməsindən məmnundurmu? Nəhayət, İran Rusiya­dan sonra əzilmək növbəsinin ona çata­cağını bilmirmi? 

Bəli, Dekotininin Ermənistan və Cə­nubi Qafqaz platformasında Fransa – İran ortaqlığı axtarması, Makronun siyasi səriştəsizlik kursunun zay düşüncə tərzi­dir. Ümumən isə “Ermənistanın ərazi bü­tövlüyü və suverenliyi” məntiqi özlüyündə siyasi klişedir. Hər kəs bu klişenin arxa­sında öz maraqlarını düşünür. 

Digər tərəfdən, axı Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə qəsb etmək istəyən yoxdur. Bu, İrəvanın və onun havadarlarının uydurmasından, anti-Azərbaycan təbliğatından başqa bir şey deyil. Şübhəsiz, baş havadar Fransa­nın özüdür. Azərbaycanın narahatlığına gəlincə, səfir Dekotininin sözlərinə görə, Fransanın Ermənistana verdiyi silahlar ikincinin qorunmasına yönəlib və sırf mü­dafiə xarakteri daşıyır. Ali diplomatik mis­siya təmsilçisi, həmçinin bildirir ki, Ermə­nistanın hava məkanını pozmasanız, heç vaxt ölkənin hava hücumundan müdafiə­si sistemi ilə qarşılaşmazsınız. Adam, öz aləmində, diplomatik tonda fikir bildirdiyi­ni düşünür, amma, onun belə ifadə tərzi tərbiyəsizlik və həyasızlıq dolu ittihamdır. Yəni, səfir təxminən “Ermənistanın hava sərhədlərini pozmayın ki, narahatlığınıza əsas yaranmasın”, – deyir. 

***

Dekotininin digər fikrinə keçid alaq. Səfir Ermənistanın baş naziri Nikol Pa­şinyanın Azərbaycanın Ermənistana qar­şı yeni müharibəyə hazırlaşdığına dair fikrinə münasibətini açıqlayır və mövcud xüsusda ölkəsinin gözlənilən yeni mü­haribənin qarşısının alınmasında hansı rolu oynaya biləcəyindən danışır. Onun ilk cümləsi belədir: “Bakıdan həyəcanlı açıqlamalar gəlir”. 

Tam aydındır ki, Dekotini İrəvanın qaraqışqırığını ciddi siyasi ritorika ha­lına gətirmək yolu tutur. O, Fransanın Ermənistan və Azərbaycan arasındakı danışıqlarda iştirakına toxunur. Bildirir ki, xüsusən 2022-ci ilin oktyabrında Praqa­da tərəflər bir-birinin ərazi bütövlüklərinin qarşılıqlı tanınması və sərhəd məsələlə­rinin Alma-Ata Bəyannaməsi əsasında həllinə dair razılıq əldə ediblər. Deyəsən, səfir bir çox məsələləri unudub. Eləcə də Prezident E.Makronun həmin Praqa gö­rüşündən heç iki həftə keçməmiş Azər­baycanı “işğalçı” adlandırmasını da. Ola bilər, Dekotini Makronun yaramaz sözləri səbəbindən 2022-ci ilin dekabrında Azər­baycan və Ermənistan liderləri arasında­kı Brüssel formatının iflasa uğramasını da unudub. Hərçənd, buna inanmaq çox çətindir. 

Aydındır ki, səfir Praqa Sammitini ehkamlaşdırır. Ancaq düşünmür ki, hə­min sammit zamanı liderlər qarşılıqlı əsasda ərazi bütövlüyünə və suverenliyə sadiqliklərini açıqlasalar da, Ermənistan Qarabağdakı separatçı rejimi saxladı, bölgədən hərbi dəstələrini geri çəkmədi. Görünür, Azərbaycanın 2023-cü ilin sent­yabrında keçirdiyi lokal xarakterli antiter­ror tədbirlərinədək, Qarabağda Ermənis­tan ordusunun 10 mindən çox silahlısının qaldığını səfirə xatırlatmaq lazımdır. Elə isə Praqa prosesinə riayət edilməsindən söhbət gedə bilərmi? Əlbəttə ki, yox! Sammit, sadəcə olaraq, manipulyasiya idi və İrəvan eyni “kursu” yenə davam etdirir. 

***

Nəhayət, görək Dekotini nədən nəticə çıxarmağı vacib sayır? Ümumən, onun “nəticə çıxarmaq” məntiqi nəyə əsasla­nır? Səfirin sözlərinə görə, Ermənistan həmişə Azərbaycanla sülhə hazır və ma­raqlı olduğunu bəyan edib. Ancaq, guya, Bakı sazişləri pozan hərəkət tərzinə ma­likdir və buna görə sülh müqaviləsinin reallığa çevrilməsi üçün beynəlxalq tə­minatların zəruriliyi vurğulanır. Bu yerdə Dekotininin yenə bütün diplomatik etiket­ləri pozduğunu söyləyə bilərik. Əvvəla, onun statusu nəyəsə, indiki halda iki tərəf arasındakı problemə bu cür açıq forma­da qiymət verməyə imkan vermir. Yəni, o, səlahiyyət həddini aşır. Nəzərə alsaq ki, bütün hədləri aşmaq hazırkı Fransa dövlətinin fəaliyyət dəst-xəttidir, o zaman təəccüblənmirik. Amma, görəsən, səfir nəyə görə hesab edir ki, Azərbaycan və Ermənistan arasındakı sülh üçün təmi­natçı Aİ və Fransa olmalıdır? Ona görə ki, onlar aşkar ermənipərəst mövqe tu­turlar? 

Digər tərəfdən, Dekotini, belə demək mümkünsə, Tanqo məntiqinə baş vurur. O deyir ki, iki nəfər rəqs edirsə, ilk növbə­də, hər iki tərəf bunun üçün razılığa gəl­məlidir, yəni rəqsi (oxu, sülhə gəlməyi –red.) istəməlidirlər. 

Fransız səfirin fikrincə, ötən otuz ildən artıq davam etmiş danışıqlar prosesində üçüncü tərəfin dəstəyinin və təminatının zəruriliyi dərk olunub. Görəsən, necə? Nə üçün Dekotini son otuz ili yada salır? Yaxşı olardı ki, o, ötən üç ilin üzərində dayansın. Çünki üçüncü tərəfin vasitəçi­liyi ilə otuz ilə yaxın aparılmış danışıqlar Azərbaycan torpaqlarının işğalı reallı­ğını dəyişmədi. Bu reallığı dəyişdirən ölkəmizin gücü oldu. 

Onu da deyək ki, Aİ-ni və Fransanı sülh üçün təminatçı qismində göstərən Dekotini sonradan ABŞ və Avropa va­sitəçiliyinin ən etibarlı təminat olduğun­dan söz açır. Yaxşı olar ki, ali diplomatik təmsilçi sözünün əvvəli ilə axırını uzlaş­dırmağı bacarsın. Nəzərə alsın ki, diplo­matiyada hər söz və fikir fiksasiya olunur. Eləcə də onun “Dağlıq Qarabağ” ifadəsi­ni dilə gətirməsi. Ərazi bütövlüyü və su­verenlikdən danışan diplomat bilməlidir ki, beynəlxalq hüquqla tanınmış Azər­baycan ərazilərində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. 

Amma, görünür, Dekotininin bu ifa­dəni işlətməsi təsadüfi deyil. O, yenidən “Dağlıq Qarabağ münaqişəsi” uydurmaq niyyətindədir və bildirir ki, münaqişə üzrə 2020-ci ildən mövcud olmuş təminat sis­temi işləməyib. Səfir “nəticə məntiqini” ona görə ortaya atır. Yəni deyir ki, təmi­nat sisteminin işlək olmayan durumun­dan nəticə çıxarılmalıdır. 

***

Belə nəticəyə gəlirik ki, səfir Dekotini 2020-ci ildən sonrakı təminat dedikdə, Rusiyanın Azərbaycan – Ermənistan mü­nasibətlərinin tənzimlənməsindəki rolu­nu nəzərdə tutub. Əlbəttə, onun ümumi şəkildə yanaşması da mümkündür. Hər bir halda, Dekotini təminatın Ermənistan üçün effektiv nəticələr vermədiyini deyir. Bir sözlə, İrəvanın hazırkı acınacaqlı du­rumuna görə Moskvanı günahlandırır.

Fransız səfirin məhz “Dağlıq Qara­bağ” məntiqinə köklənməsi həm də o deməkdir ki, 2020-ci ildən sonrakı tə­minatlar Qarabağı Ermənistanın idarə­çiliyində saxlamaq üçün yetərli olmadı. Yəni, səfir bu yetərsizlikdən nəticə çıxa­rılmasının vacibliyini bildirir. Deməli, ayı­nın min oyunu bir armudun başındadır. Beləliklə, Dekotininin şəxsində Fransa, bilavasitə olmasa da, bilvasitə Qarabağı da Ermənistan kimi gördüyünü təsdiqlə­yir. Belə qənaət hasil olur ki, İrəvanın Pa­ris tərəfindən silahlandırılmasının məğ­zində məhz bu amil dayanır. 

Bəli, Dekotini fikirləri ilə özünüifşanın müasir diplomatik obrazına çevrildiyinin fərqində olmaya bilər. Ancaq bu adamın dedikləri ilə əslində, nəyə nail olmaq istə­diyi aşkardır. Səfir 2020-ci ildən sonrakı təminatların faydasızlığı ritorikasına baş vurmaqla, Azərbaycanın 2023-cü ildə öz ərazi bütövlüyünü təmin etməsini, suve­renliyinə qovuşmasını şübhələndirir. Elə isə onun Ermənistanın silahlandırılması­nın Azərbaycana qarşı olmadığına dair təminatına necə inanaq? Əlbəttə, inan­maq qeyri-mümkündür. Bir daha əmin oluruq ki, Fransa pozuculuq niyyətinə köklənir, Ermənistanı Azərbaycanla yeni müharibəyə təhrik edir. 

Ə.CAHANGİROĞLU
XQ



Siyasət