Başı dərddə olan Menendesə qarşı yeni ittiham irəli sürülüb
ABŞ-dakı erməni lobbisinin əsas simalarından olan senator Robert Menendesə qarşı yeni ittiham irəli sürülüb. Rüşvət almaqda ittiham olunan, qatı ermənipərəst mövqeyi ilə seçilən Nyu-Cersi ştatının senatoru və milliyyətcə erməni olan həyat yoldaşı Nadin rüşvət işi üzrə ədalət mühakiməsinə mane olmaqda suçlanır. Bu barədə “Nyu-York Tayms” qəzeti Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsinin yenilənmiş rəyinə istinadən məlumat yayıb.
Məhkəmənin dərc etdiyi yenilənmiş rəydə senatora və onun arvadına qarşı əvvəllər irəli sürülən bütün ittihamların öz qüvvəsində qaldığı vurğulanıb. Qeyd edilib ki, eyni zamanda, Menendes ədalət mühakiməsinə mane olmaqla bağlı yeni ittihamlara cavab verməli olacaq. Əlavə ittihamlar mayın 6-na təyin edilmiş məhkəmə iclasının keçirilmə tarixinə təsir etməyəcək.
Qeyd edək ki, 2022-ci ilin sentyabrında ABŞ Federal Prokurorluğu R.Menendes və onun həyat yoldaşını ABŞ hökumətinin məxfi məlumatlarını Misirə gizli şəkildə təqdim etmək planlarında və Nyu-Cersi ştatından olan üç iş adamına qarşı cinayət təqibinə təsir etmək cəhdlərində ittiham edib.
Misirlə bağlı sövdələşmə Menendesin Misir rəsmiləri ilə görüşləri və şam yeməyi zamanı əldə edilib. İttiham aktına görə, bu hərəkətlərinin müqabilində R.Menendes və həyat yoldaşı nağd pul, qızıl, ipoteka ödənişləri, lüks avtomobil və digər qiymətli əşyalar alıblar. Menendesin evində axtarışlar zamanı dəyəri 100 min dollardan çox qızıl külçələr və zərflərə qoyularaq paltarlarda, şkaflarda və seyfdə gizlədilmiş 480 min dollar nağd pul aşkarlanmışdı. Prokurorluq hesab edir ki, cütlük 2018-ci ildən qanunsuz fəaliyyətlə məşğul olub. Menendes və Arslanyan indiyədək təqsirlərini etiraf etməyiblər.
Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsinin yenilənmiş rəyində senatora qarşı 18 ittiham var. Yeni ittihamlar irəli sürülməzdən bir müddət əvvəl iş üzrə təqsirləndirilən şəxslərdən biri, Nyu-Cersidən olan biznesmen Xose Uribe təqsirini etiraf edib və istintaqla əməkdaşlığa razılaşıb. X.Uribe ittiham tərəfi ilə razılaşmanın şərtlərinə əsasən, ABŞ-ın ermənipərəst qanunvericisi və onun həyat yoldaşının korrupsiya əməli ilə bağlı cinayət işi üzrə ifadə verəcək. “Amerikanın səsi” radiosu xəbər verib ki, biznesmen ittiham tərəfi ilə sövdələşməyə girərək, senator Menendesi pulla ələ almaq cəhdi üzrə özünü təqsirli hesab edib.
Nyu-Cersi ştatının Klifton şəhərindən olan X.Uribe Manhetten Federal Məhkəməsində çıxış edərək, ona qarşı irəli sürülən ittihamın 7 bəndi, o cümlədən, 2018–2023-cü illərdə rüşvət verilməsi, elektron rabitə vasitələrindən istifadə etməklə dələduzluq əməli törədilməsi, məhkəməyə əngəl yaradılması və vergidən yayınma maddələri üzrə öz təqsirini etiraf edib. İttiham tərəfi iddia edir ki, biznesmen senator Menendesin həyat yoldaşına “Mercedes-Benz” avtomobili bağışlayıb. Təqsirin etirafı ilə bağlı razılaşmaya əsasən, 95 il müddətinə azadlıqdan məhrum edilə biləcək Uribe digər müttəhimlərə qarşı ifadə verərsə və istintaqla əməkdaşlığa gedərsə, öz cəzasını yüngülləşdirə bilər. Biznesmen də məhz bu variantı seçib. O, həmçinin cinayətləri törədərkən əldə etdiyi 246 min dollar məbləğində vəsaiti dövlətə ödəməyə razı olub.
Ötən ilin payızında məlum olmuşdu ki, Uribe senator Menendes və onun arvadının korrupsiya əməlləri üzrə cinayət işində ittiham edilən üç biznesmendən biridir. Hakimiyyət orqanları iddia edir ki, cütlük iş adamlarına kömək və qanunvericinin xarici məsələlərdə təsirini vəd edərək, onlardan nağd pul, qızıl külçələr və bahalı avtomobillər şəklində rüşvət qəbul edib.
“NBC Nyus” isə yazır ki, yeni ittihamın əks olunduğu sənəddə 2022-ci ildə Nadin Arslanyan və Xose Uribe arasında görüşdən bəhs olunur. Həmin görüş məhkəmə ondan alınan və istintaqın rüşvət hesab etdiyi vəsaitləri izah etməyi tələb etdikdən dərhal sonra keçirilib. Məhkəmə materiallarına görə, görüş zamanı senatorun arvadı iş adamından məhkəmədə bu ödənişləri necə əsaslandıra biləcəklərini soruşub. Biznesmen isə pulların borc kimi alındığını söyləməyi tapşırıb. “Bu, yaxşı səslənir”, – deyə xanım Menendes cavab verib.
***
Qeyd etdiyimiz kimi, R.Menendes ABŞ-dakı erməni lobbisinin əsas dayaqlarındandır. Həmin dəstəyə Frenk Pallone, Adam Şiff, Ceki Sper, Qus Bilirakis, Anna Eşu, David Valadao, Ted Lyu, Marko Rubio, Harri Piters, Elizabet Uorren, Şeldon Vaythaus və Piter Uelç də daxildir. Bu senatorlar vaxtaşırı Azərbaycana qarşı hər cür hədyanlarla çıxış edirlər. Ancaq Menendesin adı anti-Azərbaycan fəaliyyətlərdə “qırmızı xətlə” keçir. Məsələ ondadır ki, demokrat senator vəzifəsinə görə, onların hamısından böyük olub. O, 2023-cü il sentyabrın sonlarınadək, yəni ABŞ hüquq-mühafizə orqanları tərəfindən irəli sürülən ittihamlara qədər Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsini icra edib. Yalnız ittihamların irəli sürülməsindən sonra müvəqqəti istefa verib.
R.Menendes 1954-cü il yanvarın 1-də dünyaya gəlib. Onun valideynləri 1953-cü ildə Kubadan ABŞ-a mühacirət ediblər. Sent Peters Kollecini (1976) və Rutgers Universitetinin hüquq fakültəsini (1979) bitirib. 1986-1992-ci illərdə Nyu-Cersi ştatının Union-Siti şəhərinin meri olub. 1987-ci ildə Nyu-Cersi Nümayəndələr Palatasına seçilib. 1991-ci ildə Nyu-Cersi Senatına, növbəti il isə ABŞ Nümayəndələr Palatasına seçilib.
2006-cı ilin yanvarında Menendes Nyu-Cersi ştatının qubernatoru seçilmiş senator Con Korzaynın istefasından sonra ABŞ Senatına təyin edilib. 2006-cı ilin noyabrında yenidən bu vəzifəyə seçilib. 2013-cü il fevralın 1-dən 2015-ci il yanvarın 3-dək Senatın Xarici Əlaqələr Komitəsinin sədri olub.
Menendes, qeyd etdiyimiz kimi, erməni lobbisinin maraqlarından çıxış edib və 1995-ci ildən ABŞ Konqresinin erməni məsələləri komissiyanın üzvü olub. O, ABŞ-ın Azərbaycana helikopter satışına icazə verən qətnaməsini, eləcə də Metyu Brayzanın Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə təyin olunmasını əngəlləyib. Bundan əlavə, o, ABŞ-ın Azərbaycana hərbi yardım göstərməsinin və Türkiyəyə F-16 qırıcılarının, habelə onun komponentlərinin satışının qarşısını alıb.
***
Hələ 2012-ci ildə isə R.Menendes nalayiq davranışda, o cümlədən Dominikan Respublikasında yetkinlik yaşına çatmayan iki qızla intim münasibətdə olmaqda ittiham edilmişdi. Lakin dəlil çatışmazlığına görə senatora qarşı rəsmi ittiham irəli sürülməmişdi. ABŞ Konqresində anti-Azərbaycan və anti-Türkiyə addımları ilə xüsusi seçilən senator 2015-ci ildə də cinayət məsuliyyətinə cəlb edilmişdi. Menendes o vaxt korrupsiya və fırıldaqçılığın bir neçə növü də daxil olmaqla, ümumilikdə, 14 maddə üzrə, o cümlədən, “dövlət vəzifəsində olan zaman qulluq mövqeyinin şəxsi maraqlarla bir araya sığmaması” faktının gizlədilməsi maddəsi üzrə ittiham olunurdu. Lakin 2018-ciilin noyabrında onu mühakimə etmək üçün andlılar məhkəməsinin kifayət qədər üzvü səs verməmişdi. Bundan sonra ittihamlar ləğv edilmişdi. 2023-cü ilin sentyabrında isə qeyd etdiyimiz kimi, Menedesə məxfi məlumatların Misir hakimiyyətinə ötürülməsi və rüşvət müqabilində onların mənafeyinə uyğun fəaliyyət göstərməsi ittihamı irəli sürülüb.
Menendesin hazırda ABŞ hüquq-mühafizə orqanları tərəfindən rüşvətdə ittiham olunması onun ermənilərdən də rüşvət aldığını söyləməyə ciddi əsaslar verir. Güman etmək olar ki, senator haylara göstərdiyi xidmətlərin qarşılığını artıqlaması ilə alıb. Bundan əlavə, R.Menendes 2022-ci ilin mayında Ermənistanın “Dostluq” ordeninə də layiq görülüb.
R.Menendesin anti-Azərbaycan fəaliyyəti ötən ilin sentyabrında Qarabağdan ermənilərin könüllü köçü ərəfəsində kulminasiya nöqtəsinə çatmışdı. Vaxtilə Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına imkan verməyən, bütövlükdə, iki ölkənin və xalqın yaxınlaşmasının qarşısını almaqla özünün maraqlarını təmin etməyə çalışan şəxslərdən biri də Menendes idi. 2023-cü il sentyabrın 14-də onun təşəbbüsü ilə Senatın Xarici əlaqələr komitəsində “Qarabağdakı böhranın qiymətləndirilməsi” mövzusunda dinləmələr keçirilmişdi.
Ötən ilin avqust ayında isə Menendes Kaliforniyadan olan senator Aleks Padilla ilə birlikdə BMT Təhlükəsizlik Şurasından Azərbaycanı “Qarabağın blokadasını” dərhal aradan qaldırmağa məcbur edən qətnamənin qəbulunu tələb etmişdi.
Ümumiyyətlə, R.Menendes Senat komitəsinin sədri kimi fəaliyyət göstərdiyi illər ərzində Azərbaycana qarşı erməniləri dəstəkləmək üçün Senata dəfələrlə qanun layihəsi təqdim etmiş, Türkiyə ilə hərbi-iqtisadi əməkdaşlıqla bağlı qanun layihələrinin qarşısını almağa çalışmışdı. Ermənipərəst senator vaxtaşırı ABŞ prezidentlərinin “907-ci düzəliş”i dayandırmasına da etiraz etmişdi. Onun səyləri istənilən nəticəni vermədi və arzusu ürəyində qaldı.
Bu gün Azərbaycan vaxtilə düşmən tapdağı altında olmuş bütün torpaqlarını azad edib. Qarabağ hazırda böyük tikinti-quruculuq meydanını xatırladır. Bütün şüurlu həyatı Azərbaycanla mübarizəyə həsr olunmuş, bu yaxınlaradək “blokada” və “humanitar fəlakət” barədə aşkar yalanlar yaymağa çalışan menendeslər isə çirkli əməllərinə görə, tezliklə ədalət mühakiməsi qarşısında cavab verməli olacaqlar.
İlyas HÜSEYNOV,
politoloq
Ermənipərəst senator bizim bölgəmizdə sülhə, sabitliyə təhlükəsizliyə hər zaman mane olub. Eyni zamanda, onun çirkli oyunları, rüşvət və korrupsiya faktları da göstərir ki, törətdiyi bütün əməllərə görə cavab verməlidir. Erməni lobbisinin əlində alətə çevrilən Menendes ölkəmizə və Türkiyəyə qarşı radikal mövqeyi ilə seçilirdi. O, xarici siyasətlə, Cənubi Qafqazdakı proseslərə bağlı müzakirələr zamanı hər zaman çox kəskin mövqe ortaya qoyurdu.
Menendeslə bağlı baş verənlər bir ABŞ qanunverici orqanı təmsilçisinin nə dərəcədə çirkaba bulaşmasının da göstəricisidir. Eyni zamanda, lobbi qruplarının qanunverici orqanı nə dərəcədə ələ almasının da təsdiqidir. Menendes isə burada baş roldadır. Yeni ittihamların üzə çıxması göstərir ki, Menendesin qanun pozuntuları nə qədər böyükdür. İstisna etmək olmaz ki, qarşıdakı dövrdə digər məqamlar da üzə çıxacaq.
Səxavət HƏMİD
XQ