NATO Albaniyada ilk hərbi baza açıb

post-img

Şimali Atlantika Alyansının mətbuat xidməti xəbər verir ki, NATO-nun Qərbi Balkanlarda ilk bazası Albaniyada açılıb. Paytaxt Tiranadan 80 km cənubda yerləşən aviabaza alyansın bu ölkədəki ən böyük layihəsidir və yerli hakimiyyət orqanlarına görə, “Albaniyanı Rusiyadan qorumaq” üçün nəzərdə tutulub.

“Bu, bizim yaxşı bildiyimiz kimi, Rusiya Federasiyasının təhdidlərindən və neoimperiya ambisiyalarından azad olmayan Qərbi Balkan regionumuz üçün təhlükəsizliyin daha bir elementidir”, – Albaniyanın baş naziri Eli Rama çıxışında deyib (Bloomberg).

Cənab Rama bildirib ki, aviabaza ilkin olaraq iki "Black Hawk" helikopteri və üç Bayraktar hərbi pilotsuz təyyarəsini qəbul edəcək. Açılış mərasimində Albaniya Prezidenti Bayram Beqay, Baş nazir Edi Rama, Albaniya və NATO-nun hərbi rəhbərliyi iştirak edib.

NATO sovet bazasının modernləşdirilməsinə 50 milyon avroya yaxın vəsait ayırıb. Obyektin yenidən qurulmasına 2019-cu ildə başlanılıb. Bu müddət ərzində uçuş-enmə zolaqları, idarəetmə qülləsi, anqarlar və anbarlar təmir edilib. NATO sözçüsü səlahiyyətlərini icra edən Dilan Uaytın sözlərinə görə, hava bazası NATO-nun mühüm mərkəz rolunu oynayacaq və alyansın Qərbi Balkanlarda mövcudluğunu gücləndirəcək. Xatırladaq ki, Albaniya 2009-cu ildə NATO-ya üzv olub.

Şimali Atlantika Alyansı Finlandiyanın 2023-cü ilin aprelində NATO-ya qoşulması ilə genişlənib.  Türkiyə İsveçin NATO-ya üzvlüyünü yanvarın 25-də, Macarıstan parlamenti isə fevralın 24-də təsdiqləyib.

S.ELAY

XQ

 

 

Dünya