Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna edə bilmir

post-img

Fransa prezidenti Emmanuel Makron fevralın 26-da Yelisey sarayında dövlət başçıları ilə görüşündən sonra Ukraynaya təcili dəstək vermək üçün koalisiya yaradıldığını elan edib. O, Ukrayna ordusuna orta və uzun mənzilli raketlər və bombalar tədarükünü vəd edir. Bundan əlavə, Makron etiraf edib ki, Qərb qoşunları Ukraynaya göndərilə bilər. Daha əvvəl bunu Slovakiyanın baş naziri Robert Fitso bəyan edib.

Fransa prezidentinin fikrincə, Avropa və Fransa Qərb qoşunlarının Ukraynaya göndərilməsi imkanını “istina etməməlidir”. “Bu gün quru qoşunlarının rəsmi, nəzərdə tutulan və təsdiq edilmiş şəkildə yerləşdirilməsi ilə bağlı konsensus yoxdur. Amma dinamikada heç nəyi istisna etmək olmaz. Biz Rusiyanın bu müharibədə qalib gələ bilməməsi üçün lazım olan hər şeyi edəcəyik”, - deyə Makron bildirib.

Yelisey sarayında keçirilən görüşdə iştirak edənlər beş sahədə əməkdaşlıq haqqında razılığa gəliblər: kibermüdafiə; Ukraynada yüksək güclü silah və sursatların birgə istehsalı; “Rusiyanın Ukraynaya hücumu ilə birbaşa təhdid edilən ölkələrin, xüsusən də Moldovanın müdafiəsi; Belarusla sərhəddə Ukraynaya qeyri-hərbi dəstək; ərazilərin minalardan təmizlənməsi əməliyyatları. İclasda Finlandiya, Litva, Rumıniya, Polşa, Almaniya, Danimarka, Slovakiya, Niderland, Xorvatiya, Latviya, Yunanıstan, İspaniya, Avstriya, Böyük Britaniya, İtaliya və s.-nin rəhbərliyinin nümayəndələri iştirak ediblər.

Ukrayna prezidenti Vladimir Zelenski görüşdə videobağlantı vasitəsilə iştirak edib. Parisdə keçirilən görüşdə Macarıstanın baş naziri Viktor Orban və İsveçin baş naziri Ulf Kristersson iştirak etməyib və onlar bunu İsveçin NATO-ya üzvlüyünün təsdiqlənməsi prosedurunun başa çatdırılmasının zəruriliyi ilə izah ediblər.

Fevralın 26-da Slovakiyanın baş naziri Robert Fitso Slovakiya Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə bildirib ki, Aİ və NATO-nun bir neçə ölkəsi Kiyevlə ikitərəfli sazişlər çərçivəsində Ukraynaya qoşun yeritmək imkanını nəzərdən keçirir. Əvvəllər Ukrayna Böyük Britaniya, Almaniya, Danimarka, Fransa, Kanada və İtaliya ilə ikitərəfli təhlükəsizlik sazişləri bağlayıb. Müqavilələrdə Ukrayna ərazisinə silahlı qüvvələrin göndərilməsi ilə bağlı bəndlər yoxdur.

S.ELAY

XQ

 

Dünya