ABŞ hakimiyyəti Culian Assanjı söz azadlığının gözdağına çevirir
“İnternet meydana çıxandan söz azadlığı ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən başqa dövlətlərdə etiraz nümayişləri və dövlət çevrilişləri təşkil etmək üçün istifadə edilib”. ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Mayk Bençi Amerika jurnalisti Taker Karlsona müsahibəsində belə bir etirafı səsləndirməyə görəsən nə məcbur edib? Vicdan, yoxsa populyarlaşmaq sevdası? Əlbəttə, ABŞ dövlət siyasətinin pərdəarxası məqamlarını yaxşı bilən bir şəxsin bu fikri söyləməsi ilk baxışdan sensasiya olmasa da, məlum həqiqətin təsdiqi üçün kifayət qədər sərt ittihamdır.
Hazırda internetdə Azadlıq Uğrunda Fondun direktoru vəzifəsində çalışan Mayk Benç bildirib ki, MKİ-nin və ya ABŞ-ın səfirliklərinin, konsulluqlarının rezidentləri Mərkəzi Asiya və ya dünyanın bir çox başqa yerlərində media üzərində hökumətlərin nəzarətindən yayınmaq üçün internetdə azad sözü izləmək və istifadə etmək imkanından yalnız sürət rejimində istifadə edirdilər.
Keçmiş departament əməkdaşı deyir: “İnternetdə söz azadlığının bütün texnologiyaları ilk olaraq bizim kəşfiyyat xidmətlərimiz tərəfindən yaradılıb. VPN-lər, IP ünvanını gizlətmək üçün virtual şəxsi şəbəkələr, malları anonim şəkildə almaq və satmaq üçün “Tor” (qaranlıq şəbəkə-red) və nəhayət, şifrəli mesajlarla danışıq otaqları. Bütün bunlar əvvəlcə DARPA ilə MKİ və Milli Təhlükəsizlik Agentliyi (MTA) arasında birgə layihələr kimi yaradılmışdı ki, Klinton, Buş və ya Obama administrasiyalarına problemlər yaradan hökumətləri devirmək üçün kəşfiyyat xidmətləri tərəfindən dəstəklənən qruplara kömək etsinlər. Bu plan təxminən 1991-ci ildən 2014-cü ilə qədər, internetdə söz azadlığı və onun faydalılığı anlayışında dönüşlər baş verənə qədər sehrli çubuq kimi işlədi”.
Mayk Benç daha sonra yazır: “İnternetdə bu cür söz azadlığının bariz nümunəsi 2011-2012-ci illərdə baş vermiş “Ərəb baharı” oldu. Obama administrasiyasına qarşı çıxan bütün hakimiyyətlər: Misir, Tunis – “Facebook” və “Twitter”-də başlayan inqilablar nəticəsində bir-birinin ardınca devrildilər.
Dövlət Departamenti bu dövrlərdə sosial şəbəkələri onlayn rejimdə saxlaya bilmək üçün virtual media şirkətləri ilə çox sıx əməkdaşlıq edirdilər. Cared Koenin “Google”-dan “Twitter”-ə məşhur telefon zəngini xatırlamamış deyilsiniz. O, İranda müəyyən müxalifət qrupun “Twitter”dən istifadə edib seçkilərdə qalib gələ bilməsi üçün şəbəkəni gündəlik texniki xidmətə görə dayandırmamağı xahiş etmişdi”.
Müsahib haqlı olaraq bu qənaətə gəlir ki, söz azadlığı əvvəlcə təhlükəsizlik orqanlarının dövlət nəzarəti aləti olub. “Bütün bu arxitektura, bütün qeyri-hökumət təşkilatları, texnologiya şirkətləri və təhlükəsizlik xidmətləri arasındakı əlaqə çoxdan söz azadlığını təmin etmək üçün qurulmuşdu. 2014-cü ildə Ukraynada baş verən dövlət çevrilişindən sonra gözlənilməz əks-çevriliş baş verdi və nəticədə Krım və Donbass Ukraynadan ayrıldı.
Onlar, əslində, hərbi cəhətdən sığortalanaraq ayrıldılar, çünki o zaman NATO buna qətiyyən hazır deyildi. Onların ümid bəslədikləri son şans Krımı Rusiyaya birləşdirmək üçün 2014-cü ildə keçirilən səsvermə idi. Krım xalqı öz ağılı ilə və sidq ürəkdən Rusiya Federasiyasına qoşulmağa səs verəndə, bu, NATO-nun gözündə internetdə söz azadlığı anlayışı üçün son damla oldu. NATO-nun apardığı müharibənin fundamental mahiyyəti o anda dəyişdi”.
Bütün bunların, haqqında söz açacağım söz azadlığının üzunmüddətli qurbanına çevrilmiş Culian Assanja, bəlkə də, heç aidiyyatı yoxdur, deyə bilərsiniz. Amma, zənnimcə, söhbət söz azadlığından gedirsə, o zaman bunun Assanja birbaşa aidiyyatı var, çünki o, bilavasitə söz, fikir və ifadə azadlığına sadəlöhvcəsinə inandığı üçün onun qurbanına çevrilib. Biz Assanj kimi bir çox söz azadlığı fədailərinin, Qərbin söz azadlığı doktrinasının arxasında nələrin gizləndiyini bilmədən onun qurbanına çevrilmələrini az görməmişik. Assanj onların ən parlaq nümayəndəsidir və o səbəbdən, ABŞ neçə illərdir ki, onu öz ölkəsinə ekstradisiya edib sonra ən ağır cəzaya məhkum etməklə, söz azadlığı aşiqlərinə göz dağı etmək istəyir. Elə bir dağ ki, söz azadlığının ABŞ üçün deyil, ona qulaq asmayan dövlətlərə qarşı işlətdiyi bir silah olduğunu hamı birdəfəlik başa düşsün.
Axı, Assanj nə günahın sahibi oldu ki, ABŞ rəsmi dövlət səviyyəsində neçə illərdir onu təqib etmək və cəzalandırmaq iddiasından əl çəkmir?
Culian Assanj kimdir?
C.Assanj təqib edilənə qədər, “WikiLeaks”-i qurmamışdan bir müddət əvvəl “Mendax” ayaması ilə tanınan çox təcrübəli avstraliyalı haker idi. 16 yaşında olarkən baş verən bir hadisə nəticəsində polis onun anasının evinə soxularaq Assanjın bütün avadanlıqlarını müsadirə edir.
Assanj “International Subversives” qrupunun üzvü kimi bir neçə məşhur haker hücumunda, o cümlədən 1989-cu ildə NASA-da WANK-a müdaxilədə və ABŞ ordusunun istifadə etdiyi onlayn server olan MILNET-in ələ keçirilməsinda iştirak edib.
1991-ci ildə Avstraliya polisi Assanjı Kanadanın “Nortel” telekommunikasiya şirkətinin Melburnda yerləşən əsas terminalını sındırdığını aşkar etdikdən sonra onu həbs edib. Assanj 31 haker cinayətində ittiham olunub, lakin yalnlz 24-nü boynuna alıb və 2 min 100 Avstraliya dolları, təxminən 3 min avro cərimə ilə xilas ola bilib.
Bir müddət sonra Assanj və anası hökumət iclaslarını gizli şəkildə qeydə almaq hüququ verən Avstraliyanın informasiya azadlığı haqqında qanunundan istifadə edərək, yerli korrupsiyaya qarşı mübarizə aparmaq məqsədi ilə “Parent Inquiry into Child Protection” adlı fəallar təşkilatı təsis edirlər.
Maraqlıdır, bəs “WikiLeaks” necə yaranıb və onu yaratmaqda məqsəd nə olub? Təbii ki, bu oxucularımız üçün daha maraqlı bir mövzudur.
“WikiLeaks” nədir?
2006-cı ildə Assanj və bir qrup digər dissident “WikiLeaks”i təsis etdi və artıq elə həmin ilin dekabrında saytda ilk sensasiyalı sızdırılmış məxfi sənəd yer aldı: Somalidən olan siyasətçi tərəfindən imzalanan hökumət rəsmilərinin öldürülməsinə dair xüsusi qərar.
Eyni zamanda Assanj “İdarəçiliyə bənzər qəsd” adlı esse dərc etdi və burada “etik hakerlik“ adlandırdığı işlə məşğul olmasının səbəblərini açıqladı. Assanj yazırdı: "Bir təşkilat nə qədər məxfi və ya ədalətsiz olarsa, məlumat sızması rəhbərlik və planlaşdırma dairələri arasında bir o qədər çox qorxu və paranoya yaradar. Əgər biz bir şey öyrənmişiksə, demək, bu, rejimlərin onları dəyişmək istəməməsindən irəli gəlir. Biz, bizə qədər olanlardan daha geniş düşünməliyik və sələflərimizin edə bilmədiyi kimi hərəkət etməyimizi təmin edən texnoloji dəyişiklikləri tapmalıyıq”.
Növbəti dörd il ərzində “WikiLeaks” anonim mənbələrdən internet senzura siyahıları, sızmalar və məxfi materialları dərc etdi. Onların bəziləri oxucularımız üçün də maraqlı olar. 2007-ci ildə “Quantanamo” bazasındakı əməliyyatlarla bağlı onlayn yayımlanan sənədlər göstərirdi ki, ABŞ ordusu məhbuslardan daha asan məlumat əldə etmək üçün onları iki həftədən çox təcriddə saxlayır. Bu, beynəlxalq qaydalara görə işgəncə hesab edilir.
2009-cu ildə ABŞ-da hakimiyyətin 11 sentyabr hücumlarına necə reaksiya verdiyini göstərmək üçün Pentaqon, FTB və Nyu-York Polis Departamentindən (NYPD) hadisələrlə bağlı 500 mindən çox məxfi məlumat ələ keçirilib. Təbii ki, bunlar “WikiLeaks”də yer alıb. Lakin Assanjın yenidən həbsxanaya düşməsi və indi Britaniya Ali məhkəməsinin qarşısına çıxarılmasına əsas verən sensasiya hələ qarşıda idi.
(ardı var)
İlqar RÜSTƏMOV
XQ