Yaxın Şərqdə daha bir münaqişə alovlanmaqdadır. İsrailin Qəzzaya 3 aydan artıq davam edən aramsız yerüstü və hava hücumları başa çatmamış, yanvarın 11-dən 12-nə keçən gecə ABŞ və Böyük Britaniyanın hərbi qüvvələri Yəməndəki üsyankar “Ənsar Allah” husi hərəkatının obyektlərinə güclü zərbələr endiriblər. Hər iki Qərb hökumətinin nümayəndələri bəyan ediblər ki, hədəf husilərin raket, pilotsuz uçuş aparatları və radilokasiya məntəqələri olub. Hava zərbələrindən zərər çəkənlər haqqında hələki dəqiq məlumat verilmir.
Xatırlayırsınızsa, ötən sayımızda dərc etdiyimiz Böyük Britaniyalı politoloq Aris Russinosun “UnHerd” nəşrində çap edilmiş “Dünya 2024-cü ildən qorxmalıdır?” məqaləsində yazırdı:
“...Birləşmiş Ştatların qısa müddətli cəza bombardmanı riski husilər üçün, yəqin ki, məqbul görünəcək. Amerikanın həm ölkədaxili, həm də beynəlxalq aləmdə İsraili dəstəklədiyi kimi qiymətləndiriləcək yeni geniş bir münaqişəyə qarışmaq istəmədiyini bilən husilər daha böyük cəsarətlə Amerika donanmasının konvoylarına birbaşa hücumlar edəcəklər”. Bugünki hadisələrdən aydın görünür ki, nəinki ABŞ, hətta İngiltərə də ona qoşularaq husilərə qarşı “cəza bombardmanı” riskinə getdilər və Yaxın Şərqdə yeni bir münaqişə ocağının alovlanmasına yol açdılar.
Hələ yanvarın 11-də “The Times” qəzetinin jurnalisti Stiven Suinford özünün X səhəfəsində xəbər verirdi ki, Birləşmiş Krallığın Baş naziri Rişi Sunak husilərin “Ənsar Allah” hərəkatının Qırmızı dənizdəki silahlı hücumlarına cavab tədbirləri görmək üçün kabinet üzvlərinin toplantısını keçirib. Gecə yarıya yaxın jurnalist məlumat vermişdi ki, ABŞ və Böyük Britaniya yaxın vaxtlarda Yəmənə zərbələr endirəcəklər. Husilər isə əminliklə bildirirdilər ki, əgər ABŞ və İngiltərə Yəmənə aviazərbələr endirsələr, cavab tədbirləri görəcəklər.
Hadisələr elə sürətlə cərəyan etdi ki, yanvarın 12-nə keçən gecə “Al Hadath” telekanalı ABŞ və Böyük Britaniyanın hərbi qüvvələrinin husilərin liman şəhəri olan, Qırmızı dəniz tərəfdən ölkənin qərbində yerləşən Hodey şəhərindəki mövqelərinə zərbələr endirməsi haqqında məlumat yaydı. “Reuters” isə ABŞ məmurlarına istinadən bu informasiyanı təsdiqlədi.
“Al Hadath” telekanalının xəbərlərinə görə Sana, Saada, Hodey, Taiz və Damar şəhərlərində hava zərbələrindən sonra güclü partlayışlar olub. Sana şəhərinin hava limanı daha güclü aviazərbələrə məruz qalıb. “NBC News” telekanalının məlumatlarına görə Amerika və İngiltərə hərbçiləri, əsasən, dənizdəki hərbi gəmilərdən “Tomahavk” tipli qanadlı raketlərlə zərbələr endirib, təyyarələrdən və sualtı gəmilərdən istifadə ediblər.
“CNN” telekanalı bəyan edir ki, ABŞ və koalisiya qüvvələri Yəməndəki husilərin 16 obyektina 60 zərbə endiriblər. Husilər isə 75-ə yaxın zərbənin olduğunu deyirlər. Bunlar, əsasən, komanda-dispetçer məntəqələri, sursat anbarları, silah istehsalı müəssisələri, raket buraxılış qurğuları, hava hücumundan müdafiə üçün nəzərdə tutulan radar sistemləri olub. 100-dən çox yüksək dəqiqlikli hərbi sursatdan istifadə edilib. ABŞ rəsmiləri bildiriblər ki, Yəməndə zərbə endiriləcək obyektləri elə seçiblər ki, mülki obyektlərə zərər verilməsin.
“Axios” portalı öz mənbəsinə istinadən bildirir ki, İsrail koalisiyanın “cəza bombardmanından” xəbərdar edilib və Təl-Əvivə husilərin cavab tədbirlərinə hazır olmaq tövsiyə olunub.
ABŞ Prezidenti Co Bayden bəyan edib ki, “husilərin Qırmızı dənizdə aramsız hücumlarına cavab olaraq” Yəmənə zərbələr endirilib. O açıqlayıb ki, hava zərbələri Avstraliya, Bəhreyn, Kanada və Niderlandın dəstəyi ilə həyata keçirilib. Koalisiyanın rəhbəri bu zərbələrin “müdafiə xarakteri daşıdığını bildirərək əlavə edib ki, “zərurət olarsa, düşünmədən öz xalqının və beynəlxalq ticarətin müdafiəsi naminə bundan sonra da tədbirlər görülməsilə bağlı qərarlar qəbul edəcək”.
Böyük Britaniyanın Baş naziri Rişi Sunak husiləri mülki gəmiləri atəşə tutmağı dayandırmağa və gərginliyi azaltmaq naminə addımlar atmağa dəvət edib. Vaşinqton isə öz hərbi qüvvələrinin və azad beynəlxalq ticarətin müdafiəsi naminə Yəməndə husilərin hücumlarına qarşı əlavə cavab tədbirləri görəcəyini istisna etmir.
Husilərin rəhbərliyinin nümayəndəsi Abdulla Bin Əmir “Əl-Cəzirə” telekanalına bəyan edib ki, əgər ABŞ və Böyük Britaniya hərbi əməliyyatların miqyasını genişləndirsələr, hərəkat hər iki ölkənin regiondakı hərbi bazalarına zərbələr endirəcək.
Yəmənin xarici işlər nazirinin müavini Hüseyn əl-Azi isə bəyan edib ki, London və Vaşinqton Yəmənə kütləvi zərbələr endirdiklərinin “yüksək bədəlini ödəmək üçün hazır olmalıdırlar”. Bununla belə, endirilən hava zərbələrinə baxmayaraq, “Ənsar Allah” hərəkatının silahlı dəstələri Qızrmızı dənizdə İsraillə əlaqəsi olan mülki gəmilərə hücumları davam etdirirlər. Hərəkatın mətbuat xidmətinin nümayəndəsi Nəsrəddi Əmir qeyd edib ki, ölkənin hərbi qüvvələri bu akta cavab verəcəklər.
Koalisiyanın, həmişə olduğu kimi, beynəlxalq hüququ saya salmadan atdığı bu addım dünya ölkələri arasında birmənalı qarşılanmamışdır. Rusiya koalisiyanın bu “cəza bombardmanı” ilə bağlı yanvarın 12-də dərhal BMT Təhülkəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib. İran husilərə endirilən zərbəni “özbaşınalıq və Yəmənin suverenliyinin pozulması” kimi qiymətləndirib. Səudiyyə Ərəbistanı tərəfləri təmkinli olmağa və münaqişənin regiona sıçrayışının qarşısını almağa çağırıb.
“Hizbullah” husilərə zərbələri Yəmənə təcavüz aktı kimi qiymətləndirib. HƏMAS isə Böyük Britaniya və ABŞ-ın Yəmənə qarşı keçirdikləri əməliyyatı respublikanın suverliyinə qəsd hesab edir və bunun regionun təhlükəsiziliyinə törədə biləcək fəsadlarına görə bütün məsuliyyətin Vaşinqton və Londonun üzərinə düşdüyünü bildirib. İraqın baş nazirinin siyasi müşaviri Fədi əş-Şamri hesab edir ki, başqaları təmkin və münaqişənin genişləndirilməməsinə çağırış etdikləri bir vaxtda, Qərb ölkələri Yaxın Şərqdə gərginliyi daha da gücləndirirlər.
Hadisələrə münasibət ABŞ və Londonun özündə də birmənalı olmamışdır. Belə ki, Amerika ordusunun ehtiyatda olan polkovnik-leytenantı Deniel Devis “Fox News”un efirində bəyan edib ki, “Prezident Co Bayden Yəmənə zərbələr endirmək qərarı ilə ölkəni müharibəyə çəkir”. Onun sözlərinə görə, belə hərəkətlərin “daha yüksək səviyyəyə” keçməsinə şanslar böyükdür. Devis əlavə edib ki, husilər deyirlər ki, əgər ABŞ onlara və ərazilərinə hücum edərsə, onlar regiondakı amerikalılara və Amerika maraqlarına hücum etməyə hazırdırlar. “Bizim planımız nədir? Bu, bizi müharibəyə çəkə biləcək potensial zərbədir”, – deyə polkovnik-leytenant bildirib.
ABŞ Nümayəndələr Palatasının üzvü demokrat Ro Khanna deyib: “Prezident Co Bayden Yəmənə zərbələr endirməmişdən və Vaşinqtonu Yaxın Şərqdəki növbəti münaqişəyə cəlb etməmişdən əvvəl Konqresi məlumatlandırmalıydı”.
ABŞ-ın Demokratlar Partiyasınadan olan konqresmenlər də Prezident Co Baydenin Konqresdən icazə almadan Yəməndə husilərə zərbə endirmək qərarını kəskin tənqid ediblər. Doğrudur, Bayden administrasiyası birgə zərbələrin “BMT Nizamnaməsində nəzərdə tutulmuş fərdi və kollektiv özünümüdafiə hüququna uyğun olaraq” həyata keçirdiyini əsaslandırıb. Lakin konqresmenlər Co Baydenin bu addımla hərbi əməliyyatlara Konqresin icazə verməsini tələb edən Konstitusiyanın 1-ci maddəsini pozduğunu iddia edirlər. Bayden Konqresə məlumat versə də, onun təsdiqinə ehtiyac görməyib.
Demokrat konqresmenlər Raşida Tlayb və Kori Buş Baydenin hərəkətlərini Konstitusiyaya zidd addım adlandıraraq, “sonsuz müharibə”ni pisləyiblər. Kon-qresmen Mark Pokan, həmçinin deyib: “ABŞ Konqresin icazəsi olmadan daha bir onillik davam edən münaqişəyə qarışmağa risk edə bilməz.”
Koalisiyanın Yəmənə endirilən “cəza zərbələri” haqqında xəbər çıxandan dərhal sonra dünyanın neft bazarı buna kəskin reaksiya verib. “Brent” markalı neftin qiyməti bir neçə saat ərzində 2,5 faiz qalxıb. Səbəb koalisiyanın endirdiyi zərbələrdən sonra gəmiçiliklə bağlı ciddi problemlərin yaranacağı ehtimalı olub. Digər tətəfdən “Bloomberg” ekspertləri bildirirlər ki, İran hakimiyyətinin dünya bazarına neft tədarükünün 20 faizini dayandırmaq təhlükəsi ola bilər. Agentliyin məlumatına görə, əgər İran Hörmüz boğazından yükdaşımaları məhdudlaşdırsa, bu, dünyada neft və təbii maye qaz tədarükünü 20 faiz azalda bilər. Nəticədə, Ukrayna münaqişəsindən fərqli olaraq yanacaq bazarı üçün son hadisələrin təsiri iki dəfə çox olacaq.
İlqar RÜSTƏMOV
XQ