Mərkəzi banklar valyuta ehtiyatını artırırlar
2023-cü ildə qızıl gəlirlilik baxımından S&P 500 indeksini üstələyib. Oktyabr ayında Yaxın Şərqdə artan münaqişələr fonunda qızılın qiyməti avqustun 1-dən bəri ilk dəfə 2000 dollar/unsiyanı keçib.
Qızılın qiymətində yeni ssenari
2022-ci ilin geosiyasi hadisələrindən əvvəl qızılın qiyməti son 90 ildə, ilk növbədə, Qərb və Şərq bazarları arasında aparılan əməliyyatların həcmindən asılı idi. Qərb ölkələri tələb və təklifi müəyyənləşdirdi, Şərq ölkələri isə əməliyyatın tərəfləri kimi çıxış edirdilər. Ümumdünya Qızıl Şurasının (World Gold Council) məlumatına görə, ən böyük mərkəzlər, xüsusən də Böyük Britaniya və ya İsveçrə tərəfindən qızılın alışının həcmi çoxaldıqca qiymətlər də artırdı. Bunun əksi müşahidə ediləndə isə quymətli metal ucuzlaşırdı. Nəticədə, qızıl qiymətin azalması və ya artması ilə sinxron olaraq Qərbdən Şərqə və geriyə doğru hərəkət edirdi.
Tarixən qiymətə təsir edən ikinci amil qızılın qiyməti ilə ABŞ dövlət istiqrazlarının real gəliri arasındakı əlaqədir. Bu barədə Azərbaycan Texniki Universitetinin professoru Güləhməd Talıbov bildirdi ki, real gəlirlərin azalması ilə istiqrazların cəlbediciliyi də azalır. Bu, investorların qızıla keçməsini təmin edir. Trend dəyişdikdən və real gəlirlər artmağa başlayandan sonra investorlar yenidən istiqrazlara qayıdırlar.
Ancaq 2022-ci ilin sonundan bəri hər iki amil özünü doğrultmadı. Bloomberg agentliyinə görə, 2023-cü ilin avqustunda xəzinədarlıq gəlirləri son 15 ildə – 2008-ci böhran ilindən bəri ən yüksək səviyyəyə yüksəldi. Məsələn, ABŞ-da 10 illik istiqrazların gəlirliliyi 4,33 faizə yüksəldi. Bu, qızılın qiymətinə əhəmiyyətli dərəcədə təsir göstərməli idi. Lakin onun qiyməti aşağı düşmədi, əksinə, 2022-ci ilin noyabrından 2023-cü ilin avqustuna qədər 16 faiz artaraq, unsiya üçün 1643 dollardan 1954 dollara yüksəldi.
Real gəlirliliyin qızılın qiyməti ilə korrelyasiyası (iki və daha artıq təsadüfi dəyişənlər arasındakı statistik əlaqəni təsvir edir. Bu dəyişənlərdən birinin və ya bir neçəsinin dəyişməsi digərlərinin sistematik dəyişməsinə gətirib çıxarır) ilə yanaşı, qızılla əməliyyatların həcmi onun qiyməti arasındakı əlaqədə öz fəaliyyətini dayandırıb. 2022-ci ilin üçüncü rübündən etibarən həm Böyük Britaniya, həm də İsveçrə qızıl ixracatçıları, yəni, satıcılarıdır. Tarixi ənənəyə görə, bu da qızılın ucuzlaşmasına səbəb olmalı idi. Lakin gördüyümüz kimi, bu baş vermir. Beləliklə, Qərb qiymətli metalın qiymətinə əhəmiyyətli dərəcədə təsir etməyi dayandırıb.
Geosiyasi münaqişələr kəskinləşir
2022-ci ildə baş verən geosiyasi hadisələrə görə, dollar aktivləri daha riskli olub. Buna görə də, Yaxın Şərq və Türkiyədəki mərkəzi banklar üçün əlavə risk olmadan neytral aktivə sahib olmağın əhəmiyyəti artıb. Beləliklə, 2022-ci ilin sonundan aktiv şəkildə qızıl-valyuta ehtiyatlarının formalaşdırılması və İsveçrədən gizli şəkildə qızıl alınması siyasətini həyata keçirməyə başladılar. Bu, ona görə edilir ki, ABŞ Rusiyanın rəsmi ehtiyatlarını dondurduqdan sonra açıq şəkildə qızıl ətrafında təlaş yaratmasın, əks halda qızılın qiyməti xeyli qalxacaq.
Ümumdünya Qızıl Şurasının (WGC) hesabatına görə, mərkəzi banklar 2023-cü ilin ilk doqquz ayında 800 ton qızıl alıb ki, bu da 2022-ci illə müqayisədə 14 faiz çoxdur. Bu, 2022-ci ilin fevral hadisələrindən sonra mərkəzi bankların WGC-yə verdiyi rəsmi hesabatdan daha yüksəkdir. Beləliklə, böyük əminliklə deyə bilərik ki, hazırda qızılın hərəkətində əsas rol oynayan mərkəzi bankların marağıdır. Bu proses 2023-cü ildə qızılın bahalaşmasına təsir edən əsas amil olub.
Fələstin–İsrail münaqişəsi başlayandan qızılın qiymətinə reaksiyasını gördük: keçən ilin oktyabr ayından bu yana qiymət 8 faizdən çox artıb. Belə nəticəyə gəlmək olar ki, geosiyasətdə istənilən kəskinləşmə qızıla müsbət təsir edəcək. G.Talıbovun sözlərinə görə, qızılın bahalaşmasına təsir edən faktorlar arasında geosiyasi qeyri-müəyyənliyi, ehtimal olunan zəifləmiş ABŞ dollarını və aşağı faiz dərəcələri də unutmaq olmaz. Hazırda qızılın bir unsiyası 2 034,30 dollardır.
Qızılın qiyməti enəcəkmi?
Bəli, uzun müddətdir inkişaf edən standart bazar korrelyasiyaları pozulur. Real gəlirlilik yüksələndə qızılın qiymətinin aşağı düşməsi baş vermir. Bunun əksi nəzərə çarpır. Əgər tendesiya davam edərsə, ölkələrin ehtiyatlarında qızıl 40 faiz təşkil edəcək. Bu, aktivə əlavə 3,2 trilyon dolların axması deməkdir. Beləliklə, kotirovkaların artımı 25 faiz (bahalaşma) olacaq ki, bu da troya unsiyası üçün 2500 dollarlıq rekord səviyyəyə uyğundur.
Bundan əlavə, biz iqtisadiyyatın gələcək perspektivini və ABŞ-da gözlənilən mümkün tənəzzülü unutmamalıyıq. Pandemiyadan bəri səhmlər və istiqrazlar arasındakı mənfi korrelyasiya da pozulub. Ehtimal etmək olar ki, 2024-cü ildə mərkəzi banklara birja investorları da qoşulsun. Onlar da bu aktivə maraq göstərə bilərlər.
Pünhan ƏFƏNDİYEV
XQ