2023-cü ildə Britaniyaya nə qədər qeyri-qanuni immiqrant gəlib?

post-img

2023-cü ildə La-Manş boğazı boyunca şişmə qayıqlarla Böyük Britaniyaya gələn qeyri-qanuni mühacirlərin sayı 29,4 min nəfər təşkil edib ki, bu da 2022-ci illə müqayisədə, demək olar, üçdə biri qədər azdır. TASS xəbər verir ki, bu barədə LBC radiostansiyası Britaniya hökumətinə istinadən məlumat yayıb.

La-Manş boğazı ilə İngiltərə sahillərinə çatan qeyri-qanuni mühacirlərin sayı son illərdə durmadan artıb. 2018-ci ildə 299 belə hal qeydə alınıb, 2020-ci ildə artıq 8,4 min nəfər qeyri-qanuni dəniz yolundan istifadə edibsə, 2021-ci ildə 28,5 min nəfər olub. 2022-ci ildə bu rəqəm 60% artaraq 45,7 min nəfərə çatıb. Belə ki, təkcə son bir ildə hakim Mühafizəkarlar Partiyasının qeyri-qanuni immiqrasiya ilə mübarizə vədlərinə baxmayaraq, beş il ərzində 110 mindən çox qeyri-qanuni mühacir La-Manş boğazını keçərək Böyük Britaniyaya köçüb.

LBC-nin məlumatına görə, ümumilikdə Böyük Britaniyanın səlahiyyətli orqanları 2023-cü ildə 112 mindən çox sığınacaq müraciətinə baxıb, onlardan 67%-i bir il əvvəlki müraciətlərin 76%-i ilə müqayisədə təmin edilib. Böyük Britaniyanın baş naziri Rişi Sunakın qeyd etdiyi kimi, sığınacaq üçün müraciətlərə baxılması prosesinin sürətləndirilməsi Londona immiqrantların otellərdə müvəqqəti yaşayış yerinin təmin edilməsi xərclərini azaltmağa imkan verib.

Müraciətlərə baxılan müddətdə qeyri-leqal immiqrantlar adətən xüsusi miqrasiya mərkəzlərinə yerləşdirilir, lakin onların sayı kifayət qədər deyil. Bu cür mühacirlərin saxlanması, "The Times" qəzetinə görə, Britaniya vergi ödəyicilərinə ildə təxminən 4 milyard funt-sterlinqə (5 milyard dollar) başa gəlir. Xüsusilə, otellərdə qeyri-qanuni mühacirlərin yerləşdirilməsi gündə təxminən 6 milyon funt-sterlinqə (7,6 milyon dollar) başa gəlir.

Bununla əlaqədar cənab Sunak söz verib ki, Britaniya hökuməti sığınacaq tələblərinə baxılarkən qeyri-qanuni mühacirlərin Ruandaya göndərilməsini nəzərdə tutan planı həyata keçirmək üçün mümkün olan hər şeyi edəcək.

S.ELAY

XQ

Dünya