Fransa Nigerdəki səfirliyini bağlayır

post-img

Fransa Nigerdəki səfirliyini bağlamağa hazırlaşır. Bununla bağlı Fransanın Xarici İşlər Nazirliyindən diplomatik missiyasının əməkdaşlarına göndərilən məktubda bildirilir. Məlumatı “Associated Press” yayıb. 

Fransa XİN-in 19 dekabr tarixli mək­tubunda deyilir: “Xarici İşlər Nazirliyi təəssüflə səfirliyin işini qeyri-müəyyən müddətə dayandırmaq məcburiyyətində­dir”.

Məktubda qeyd edilir ki, səfirliyin əməkdaşları 2024-cü il aprelin 30-da buraxılacaq. Fransanın diplomatik mən­bələri göndərilən məktubun həqiqiliyi­ni təsdiqləyib. Mənbələrdən biri deyib: “Fransanın Nigerdəki səfirliyi artıq nor­mal fəaliyyət göstərə və missiyasını ye­rinə yetirə bilməz”.

Xatırladaq ki, bu il iyulun 26-da Ni­gerin Prezident Qvardiyası hərbçilərinin bir hissəsi dövlət başçısı Məhəmməd Bazuma qarşı çıxaraq onun hakimiyyət­dən uzaqlaşdırılmasına nail olub. Ölkə­nin silahlı qüvvələrinin Baş qərargahı da qiyam təşkil edən qvardiya döyüşçülə­rinə dəstək verib. General Abdurahman Tçiani ölkənin yeni rəhbəri elan edilib. Nigerdəki böhran fonunda Niamey və Paris arasında münasibətlər kəskin şəkil­də pisləşib. Fransa səfiri Silvain İtte per­sona-non-qrata elan edilib. O, ölkəsinin qanunsuz hesab etdiyi Higer hərbi haki­miyyətinin bu qərarına bir neçə həftəlik müqavimətdən sonra sentyabrın 27-də Niameyi tərk edib. 

Həmin vaxt Fransa prezidenti Emmanuel Makron bəyan etmişdi ki, iyu­lun sonundakı hərbi çevrilişdən sonra İtte səfirliyin bir neçə əməkdaşı ilə birlikdə diplomatik missiyanın binasında faktiki olaraq girov saxlanılıb. Sonradan RFI radiosunun məlumatına görə, səfir Nia­meydən Çadın paytaxtı N'Camenaya və oradan isə Parisə uçub.

Makron, eyni zamanda, sentyabrın 24-də televiziya ilə çıxışında Nigerin yeni hakimiyyətinin tələbi ilə 1,5 min fransız əsgərinin ilin sonuna kimi bu ölkəni tərk edəcəyini bildirmişdi. Oktyabrda fransız hərbi qüvvələrinin Nigerdən çıxarılması­na başlanıb. Prosesin bugünlərdə başa çatacağı gözlənilir.

Paşa ƏMİRCANOV
XQ

Dünya