“Taliban” hərəkatının Pakistanda baş verən terror aktı ilə heç bir əlaqəsi yoxdur və İslamabadın ittihamları ilə bağlı təhqiqat aparmağa hazırdır.
“Taliban” hərəkatının Əfqanıstanda formalaşdırdığı müvəqqəti hökumətinin nümayəndəsi Zabihullah Mücahid bu barədə Reuters agentliyinə deyib.
Dekabrın 12-də Pakistanda fəaliyyət göstərən “Təhrik-i-Cihad Pakistan” qruplaşmasının üzvləri Xeybər-Pahtunhva əyalətinin Daraban rayonunda ölkənin təhlükəsizlik qüvvələrinin postuna hücum edib. Kamikadzenin idarə etdiyi partlayıcı ilə dolu avtomobilin hərbçilərin yerləşdiyi məktəb binasına çırpılması nəticəsində təhlükəsizlik qüvvələrinin 23 əməkdaşı həlak olub.
Pakistan XİN Əfqanıstanın ölkədəki diplomatik nümayəndəsini xarici siyasət idarəsinə çağıraraq Kabildən hadisə ilə bağlı təhqiqatın aparılmasını, hadisəni açıq şəkildə pisləməyi, hücumun iştirakçılarını və təşkilatçılarını İslamabada təhvil verməyi tələb edib.
“The Express Tribune” qəzetinin məlumatına görə, Pakistan hökuməti “Təhrik-i-Cihad Pakistan” qruplaşmasının Əfqanıstandakı mövqelərinə zərbələr endirmək imkanını da nəzərdən keçirir.
XQ