“Qarabağ” tarixi zəfərin astanasındadır. UEFA Avropa Liqasının pley-off mərhələsinin qapısını üzümüzə taybatay açmaq, Parisdə Olimpiya oyunları, Almaniyada futbol üzrə Avropa çempionatının final turniri ilə əlamətdar olacaq 2024-cü ili bir daha əzəmətli “Qarabağ” Azərbaycandır nidası ilə qarşılamaq vaxtı çatıb. İndi Qurban Qurbanovun komandasının qarşısında yalnız bir sədd qalır – sonuncu aşırım. Onu hamımız, bütün ölkəmiz birlikdə fəth etməliyik. Ağdam komandası öz tarixinə, Azərbaycan futbolu tarixinə növbəti parlaq səhifə yazmağa çox yaxındır.
Avroliqa sınaqlarının sonuncu, 6-cı turu ərəfəsində “H” qrupunda təmsilçimizlə Norveçin “Molde” klubu arasında ikinci yer uğrunda mübarizədə gərginlik son həddə çatmışdır və məsələ bu axşam qəti şəkildə həllini tapmalıdır. “Bayer” Leverkuzendən (15 xal) sonra hərəyə 7 xalla bir tur əvvəlki kimi yenə turnir cədvəlinin ikinci-üçüncü pillələrində irəliləyən “Qarabağ” da, Skandinaviya futbolçuları da son görüşlərdə ikiqat qüvvə ilə döyüşməlidirlər. Bizim üçün başlıcası budur ki, heç kimdən asılı deyilik, taleyimiz öz əlimizdədir.
Ölkə çempionumuz başladığı işi səbrlə, təmkinlə sona çatdırmaq əzmindədir. Komandada hamı bir-birindən yaxşı bilir ki, həlledici döyüş qarşısında şəxsi görüşlərin nəticələrinə görə “Molde”dən üstün olsaq da, qrupda vida matçını “doğma divarlar” arasında, çoxminli azarkeşlər ordumuz qarşısında, hər qarışına daha yaxşı bələd olduğumuz
“Tofiq Bəhramov” stadionunda oynasaq da, “Hekken” ilə mübarizəyə son dərəcə məsuliyyətlə yanaşmaq lazımdır.
Ağdam komandasının Konfrans Liqasının pley-off mərhələsində oynamaq hüququnu artıq özünə təmin etməsi, əlbəttə ki, onun tərəfdarlarını tam qane edə bilməz. Avropa Liqası Konfrans Liqasından daha mötəbər yarış meydanıdır və bu meydanda oynamaq böyük xoşbəxtlikdir. Komandamız artıq Avroliqa görüşlərinin pley-off mərhələsinin bir, bəlkə də, yarım addımlığındadır və əl uzatsa, onu gözləyən “biletə” çatar.
Bir sözlə, “Qarabağ”ı tarixi uğura aparan yol komandamızın oktyabrın əvvəlində Geteborqda məğlubiyyətə uğratdığı “Hekken” üzərində ikinci qələbədən keçir. İsveç futbolçuları indiyə qədər qrupda keçirdikləri beş oyunun hamısında uduzmağı, təbii ki, özlərinə sığışdıra bilməzlər. Ona görə də Bakı stadionunda qrupun qapısını mümkün qədər bərk çırpmağa çalışacaq və bunun naminə əllərindən gələni edəcəklər. Ağır mübarizəyə hazır olaq.
Azərbaycan çempionu üçün Avroliqa baharı-2024 istiqamətində başqa uğurlu variantlar da var, azarkeşlərimiz onları əzbər bilirlər. İndi bizə sadəcə olaraq oyunun başlama vaxtını (21:45) gözləmək, sonra da 90 dəqiqəliyə bu gözəl həyatda hər şeyi unudub, “Qarabağ”ı möhkəm dəstəkləmək qalır. Bu bir də ona görə vacibdir ki, əgər “Hekken” səddini İsveçdəki kimi, öz meydanımızda da dəf edə bilsək, daha bir statistika “Qarabağ” tarixində özünə əbədi yer edəcək.İstəyimiz gerçəkləşsə, bir turnirdə Skandinaviya tandemi “Hekken” və “Molde”yə qarşı üst-üstə 4 oyunda 3 qələbə və 1 heç-heçə ilə 10 xal qazanmış olarıq.
Paytaxtımızda “Hekken” ilə görüş kimi, Almaniyada “Bayer” – “Molde” qarşılaşmasına da elə həmin saatda start veriləcək. UEFA bizim oyunun hakimliyini Albaniya Futbol Federasiyasının nümayəndələrinə həvalə etmişdir. Görək 14 dekabr 2023-cü il Azərbaycan futbolu üçün nə ilə yadda qalacaq…
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist