ABŞ-ın müdafiə naziri Ukraynada

post-img

ABŞ müdafiə naziri Lloyd Austin Ukrayna liderlərini Birləşmiş Ştatların bu ölkəyə Rusiyanın təcavüzünə qarşı mübarizəsində dəstəyini davam etdirəcəyinə əmin edib. Bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb.

Qeyd edək ki, L.Austinin gözlənilməz səfəri Birləşmiş Ştatların əsas diqqətinin Yaxın Şərqdə münaqişəyə yönəldiyi üçün rəsmi Vaşinqtonun Ukraynaya dəstəyinin zəifləyə biləcəyi ilə bağlı narahatlıqlar fo­nunda baş verib.

Ukrayna Prezidenti Volodimir Zelens­ki L.Austinə ölkəsinə səfərinin bu çətin zamanda ukraynalılar üçün mühüm siq­nal olduğunu deyib: “Biz Amerika xalqına çox minnətdarıq. Onlar bütün bu çətinlik­lərdə bizimlədir”.

Xatırladaq ki, L.Austin 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qanun­suz müdaxiləsi ilə başlayan təxminən iki illik müharibə dövründə Prezident V.Ze­lenskinin liderliyini yüksək qiymətləndi­rib: “Siz lap əvvəldən Ukrayna xalqını insanların çoxunun ağlına gəlməyən işlər görməyə sövq etmisiniz. Beləliklə, biz Ukrayna xalqının bütün dünyanı heyran qoyan cəsarəti, fərasəti, şücaətinin şahi­di olduq. Cənab Prezident, bu gün sizə çatdırdığım mesaj ondan ibarətdir ki, Amerika Birləşmiş Ştatları sizinlədir. Biz uzun müddət sizinlə olacağıq”.

Görüşdən sonra L.Austin Ukraynaya daha çox sursat və əlavə HIMARS artil­leriya raket sisteminin daxil olduğu yeni yardım paketinin ayrıldığını elan edib. O, Baxmut yaxınlığında ön cəbhədə döyüş­müş Ukrayna hərbçiləri ilə də görüşüb.

Hərbi ekspertlər qeyd edirlər ki, son günlər regionda havaların temperaturu həqiqətən də aşağı düşməyə başlayıb. Qərb və Ukrayna rəsmiləri narahatdırlar ki, Rusiya mühüm infrastrukturu hədəf almağa və ilin ən soyuq günlərində təc­hizatı kəsməyə cəhd edərək, bu qış möv­sümü də keçən qışda olduğu kimi eyni taktikadan istifadə etməyə çalışa bilər. 

Yeri gəlmişkən, həftə sonu dron hü­cumları yüzlərlə şəhərdə elektrik enerjisi­nin kəsilməsinə səbəb olub. Dronlardan bəzisi Kiyevi də hədəf alıb, lakin Ukrayna rəsmiləri paytaxtı hədəf alan bütün dron­ların vurulduğunu bildiriblər.

M.HACIXANLI
XQ

Dünya